Dövlət Baytarlıq Xidmətinin rəisi peyvəndləmə işləri ilə tanış olub
17 Sentyabr 2018 13:36 SosialKənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) rəisi Bayandur Rzayev Samux rayonunda heyvanların dabaq xəstəliyinə qarşı aparılan təkrar profilaktik peyvəndləmə işləri ilə tanış olub. Kənd Təsərrüfatı Nazirliyindən "Olaylar"a verilən məlumata görə, Samux rayonunda "Həppi" ətlik-südlük heyvandarlıq təsərrüfatına gələn Xidmət rəisi heyvanların saxlama, yemləmə şəraiti və müxtəlif xəstəliklərə qarşı aparılan peyvəndləmə tədbirlərini, dabaq xəstəliyinə qarşı aparılan təkrar profilaktik peyvəndləmə tədbirini izləyib. Xidmət rəisinə təsərrüfatda görülən işlərlə bağlı məlumat verilib. Bildirilib ki, təsərrüfat 2013-cü ildə "Aqrolizinq" ASC vasitəsilə ilkin olaraq gətirilmiş "Holstein Friesian" cinsindən olan inəklərin alınması ilə yaradılıb. Hazırda təsərrüfatda 140 ətlik-südlük heyvan saxlanılır. Təsərrüfatın tərkibinə 300 başlıq ferma binaları, doğum, sağım və buzovluq bölmələri, yem istehsalı sahəsi, əkinçilik təsərrüfatı və digər köməkçi sahələr daxildir. Bayandur Rzayevə təsərrüfatda saxlanılan inəklər, ətlik-südlük məqsədi ilə saxlanılan heyvanlar, yeni doğulmuş buzovlar, ferma və sağım sistemi avadanlıqları, xarici ölkə istehsalı olan kənd təsərrüfatı texnika və aqreqatları haqqında ətraflı məlumat verilib.