"Qafqaz İslam Ordusu və Bakının qurtuluşu - 100" mövzusunda konfrans keçirilib
Sentyabrın 13-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) təşkilatçılığı, Azərbaycan Mətbuat Şurası və Milli QHT Forumunun, "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin dəstəyi ilə 15 sentyabr Bakının erməni-bolşevik birləşmələrindən azad olunmasının 100 illiyinə həsr olunmuş “Qafqaz İslam Ordusu və Bakının qurtuluşu - 100” mövzusunda konfrans keçirilib.
13 Sentyabr 2018 17:20 SosialSentyabrın 13-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) təşkilatçılığı, Azərbaycan Mətbuat Şurası və Milli QHT Forumunun, "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin dəstəyi ilə 15 sentyabr Bakının erməni-bolşevik birləşmələrindən azad olunmasının 100 illiyinə həsr olunmuş "Qafqaz İslam Ordusu və Bakının qurtuluşu - 100" mövzusunda konfrans keçirilib.
Olaylar.az xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Azərbaycan və Türkiyənin ərazi bütövlüyü uğrunda döyüşən şəhidlərimizin ruhunu yad ediblər.
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov tədbiri giriş sözləri ilə açıb. O bildirib ki, 16 nəfərlik heyətlə Azərbaycana gələn dərnəyin üzləri bu tədbirin əhəmiyyətini daha da artırır. Bugünki tədbir dostların yığıncağıdır.
"Azərbaycan-Türkiyə arasındakı dostluq, qardaşlıq münasibətlər hər zaman dünyaya örnək olub. "XXI əsr türk əsridir" deyənlər zamanında bunun konturlarını müəyyən ediblər və bu gün biz mərhələ-mərhələ ona doğru irəliləyirik"
Millət vəkili, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov 15 sentyabr tarixini bayram kimi xarakterizə edib. O, Azərbaycan və Türkiyənin dost və qardaş ölkə kimi bütün çətin vaxtlarda bir-birinə dəstək olduğunu söyləyib. Sədr qarşılıqlı münasibət və əlaqələrin hər ötən gün daha da inkişaf etdiyini bildirib.
Millət vəkili, Beynəlxalq Avrasiya Araşdırmalar İnstitutunun sədri Qənirə Paşayeva bildirib ki, Nuru Paşa haqqında müstəqil Azərbaycanın vətəndaşı olaraq bizlərin danışması, yazması ona olan vəfa borcudur:
"Zamanında Azərbaycanı qurtarmağı qardaşlıq borcu bilən qəhrəman paşaya mənəvi borcumuzu vermək həm də bir vicdan borcudur. Qafqaz İslam ordusu Azərbaycana gəlib, Azərbaycanın igid oğulları ilə birlikdə ölkəmizə qarşı soyqırımı dayandırdılar, Bakını erməni-bolşeviklərin işğalından xilas etdilər. Biz həmişə onların ruhları qarşısında baş əyir, xatirələrini dərin hörmətlə anırıq. Bu, Türkiyə-Azərbaycan qardaşlığının ən bariz nümunəsidir. 15 sentyabr göstərdi ki, güc birlikdədir, dost çox ola bilər, ancaq qardaşlıq başqadır və Azərbaycanla Türkiyə qardaşlığın əsl nümunəsini göstərdi".
İSTAD sədri Səfər Karakoyunlu 1918-ci ildə Azərbaycanın böyük çətinliklər yaşamasından danışıb. Sədr bildirib ki, çətin vaxtlarda Türk Qafqaz İslam Ordusu Azərbaycanın köməyinə gəldi:
"Azərbaycanda bir hadisə olan zaman Türkiyə ayağa qalxır, Türkiyədə bir hadisə olan zaman isə Azərbaycan. Bu, Türkiyə-Azərbaycan qardaşlığının bariz nümunəsidir. Azərbaycan-Türkiyə qardaşlığı tarixdə qızıl hərflərlə yazıldığı kimi bundan sonra da belə olacaq. Türkiyə-Azərbaycan qardaşlığı ətlə dırnaq kimi bir birinə bağlıdır".
Tədbir daha sonra Rəşid Behbudov adına Mahnı Teatrında "Qafqaz İslam Ordusu və Bakının qurtuluşu -100" adlı ədəbi-bədii hissə ilə davam edib.
Qeyd edək ki, tədbirdə Bakının xilaskarı Nuru Paşanın qardaşı Ənvər Paşanın nəticəsi Arzu xanım da iştirak edib.
Nigar Orucova