Daha heç kəs bu dünyada ədalət axtarmasın - Təranə Əlizadə yazır...
Əslində, müəllimim yaddaşını itirməmişdi, hər şeyi xatırlayırdı. Sadəcə bizi tələbə xatırlayırdı, uşaqlarını körpə xatırlayırdı, həyat yoldaşını sevgili xatırlayırdı, özünü isə ən təmiz vaxtlarında xatırlayırdı. Gözəl deyilmi? Adam yalnız keçmişi xatırlayırdı. Və o, bütün hallarda rejissorluğunu da, aktyorluğunu da məharətlə edirdi. Elə bil bir aktyor kimi onun bu filmdəki rolu keçmişi xatırlamaqdan ibarət idi.
13 Sentyabr 2018 15:22 SosialƏslində, müəllimim yaddaşını itirməmişdi, hər şeyi xatırlayırdı. Sadəcə bizi tələbə xatırlayırdı, uşaqlarını körpə xatırlayırdı, həyat yoldaşını sevgili xatırlayırdı, özünü isə ən təmiz vaxtlarında xatırlayırdı. Gözəl deyilmi? Adam yalnız keçmişi xatırlayırdı. Və o, bütün hallarda rejissorluğunu da, aktyorluğunu da məharətlə edirdi. Elə bil bir aktyor kimi onun bu filmdəki rolu keçmişi xatırlamaqdan ibarət idi.
Ədalətdən sonra bizə dərs keçməyə gələn Azər Turanın sözüdü, deyirdi, keçmiş həmişə gözəldi. Bəli, hər insanın içində bir keçmiş həsrəti var, hər insan keçmişə qayıtmaq istəyir. Ədalət yeganə insan idi ki keçmişə qayıda bilmişdi, keçmişdə yaşayırdı. Ona nə etmək olardı ki, ona sadəcə qibtə etmək olardı. Ona görə də bu neçə ildə biz onu ziyarətə belə gedə bilmədik. Keçmişə taksi də baha gedir.
...Yanına getmişdik. Dedi, dərs vaxtı burda nə gəzirsiz? Yenə dərsdən qaçmısız? Sizə deməmişəm, dərsdən qaçmaq olmaz?
Karıxdıq. Bir-birimizin üzünə baxdıq. Biz onun bizi xatırlamadığını hələ bilmirdik. Deyə bilmədik ki, müəllim, daha qaçmağa dərs də yoxdu. Heç yerdən qaça bilmirik. Sənə nə var e, bəxtəvər adamsan, hər şeyi unudub oturmusan. Unutmağın yolun bizə də öyrət, biz də unudaq.
Məncə, Ədalət bir müəllim kimi, bizə nə lazımsa öyrətdi, amma unutmağı öyrədə bilmədi.
Bir çoxbilmiş dost var. Həmişə özü barədə belə deyir: Mən google-am. Nə sualın olsa mənə ver, zəhmət çəkib google-da axtarma.
Səhər buna yazdım ki, sən bilərsən, ay quql, Ədalət niyə öldü?
Qayıdıb təəccüblənib ki, Ədalət Şükürov ölüb, nə vaxt? Nə əcəb sosial şəbəkələr yazmayıb, dəqiqdirsə, sayta xəbər başlığı verək.
Hə, müəllim, təəssüf ki, google-un belə Ədalət anlayışı Ədalət Şükürovdan o yana keçmir. Nə etmək olar...
...Heç nə, deyəcəkdim ki, Ədalət öldü. Daha heç kəs bu dünyada ədalət axtarmasın.