Müavinətlər hansı qaydada və hansı orqan tərəfindən ödənilir?

Son vaxtlar müavinətlərin alınması ilə bağlı müraciətlərin sayı artıb. Buna səbəb əhalinin kifayət qədər hüquqi bikiyə malik olmamasıdır ki, nəticədə vətəndaşların haqsız narazılığı ilə üzləşməli oluruq. Belə anlaşılmazlıqdan biri əmək pensiyaçısı öldükdə onun dəfni üçün verilən müavinətlə bağlıdır.

Son vaxtlar müavinətlərin alınması ilə bağlı müraciətlərin sayı artıb. Buna səbəb əhalinin kifayət qədər hüquqi bikiyə malik olmamasıdır ki, nəticədə vətəndaşların haqsız narazılığı ilə üzləşməli oluruq. Belə anlaşılmazlıqdan biri əmək pensiyaçısı öldükdə onun dəfni üçün verilən müavinətlə bağlıdır. Başqa sözlə, əmək pensiyaçısı vəfat etdikdə onun ailəsinə nə qədər dəfn üçün müavinət verilir?

Hüquqşünas Alim Hüseynli bildirib ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinə əsasən, əmək pensiyaçısı vəfat etdikdə, onun ailəsinə pensiyaçının vəfatı tarixinə yaşa görə əmək pensiyasının baza hissəsinin üç misli məbləğində dəfn üçün müavinət verilir.  Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2016-cı il tarixli Sərəncamına əsasən, yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılaraq 110 manat müəyyən edilib. Yəni hazırda əmək pensiyaçısı vəfat etdikdə ödənilməli olan dəfn üçün müavinətin məbləği yaşa görə əmək pensiyasının baza hissəsinin üç misli məbləğində, yəni 330 manat təşkil edir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 42-ci maddəsində həmçinin bildirilir ki, əmək pensiyaçısını onun ailə üzvlərinə aid olmayan şəxslər dəfn etdikdə, dəfn üçün birdəfəlik müavinət həmin şəxslərə ödənilir.

Bəs, yeni doğulan uşağın valideynlərindən heç biri işləmirsə, həmin uşağa görə birdəfəlik müavinət hansı orqan tərəfindən ödənilir? Hüquqşünas bildirib ki, uşaq doğmuş ana işləmədiyi halda və ya hər hansı bir səbəbdən uşağın anası yoxdursa, müavinət işləyən ataya verilir. İşləyən valideynə müavinət onun iş yeri üzrə uçotda olduğu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanı tərəfindən ödənilir. Uşağın doğulmasına  görə birdəfəlik müavinət, müraciət edildikdə verilir və müraciət müddəti məhdudlaşdırılmır. İki və ya daha çox uşaq doğulduqda birdəfəlik müavinət doğulan uşaqların sayına görə verilir. Birdəfəlik müavinət uşağın doğulmasının vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarında müəyyən edilmiş qaydada qeydiyyatdan keçirilməsindən sonra və həmin tərəfindən doğum haqqında verilmiş arayış əsasında təyin edilir. Həmin arayış itirilərsə, birdəfəlik müavinət vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanları tərəfindən təqdim edilən doğum haqqında arayışın surətinə əsasən verilə bilər. Onun sözlərinə görə, ölkədə fəxri adlara görə təqaüdlərin verilməsi qaydası da müəyyən edilib. Belə ki, "Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında" Azərbaycan Respublikasi Prezidentinin 04 iyul 2005-ci il tarixli 878 nömrəli  Sərəncamına əsasən, Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatlarında çalışan fəxri adlara layiq görülmüş şəxslərə təqaüd həmin idarə və təşkilatların vəsaiti hesabına, digər şəxslərə isə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dövlət büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına ödənilir.

Əmək münasibətlərində hər hansı ayrı-seçkilik halına yol verilməsi məsələsinə gəldikdə, hüquqşünas qeyd edib ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 16-cı maddəsinə əsasən əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır: "İnsanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə növləri və vəzifələr istisna olmaqla, onları insanın immunçatışmazlığı virusuna yoluxması səbəbinə görə işə qəbul etməkdən, işdə irəli çəkməkdən imtina etmək və ya işdən azad etmək qadağandır. İşəgötürən işçinin insanın immunçatışmazlığı virusuna yoluxması barədə məlumata malik olduqda bu məlumatı açıqlamamalıdır. Qadınlara, əlillərə, yaşı 18-dən az olan və sosial müdafiəyə ehtiyacı olan digər şəxslərə əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi ayrı-seçkilik hesab edilmir. Əmək münasibətləri prosesində işçilər arasında ayrı-seçkiliyə yol verən işəgötürən və ya digər fiziki şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq məsuliyyət daşıyır. Ayrı-seçkiliyə məruz qalan işçi pozulmuş hüququnun bərpa edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər".

Onun bildirdiyinə görə, sosial müavinətlər "Sosial müavinətlər haqqında" qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Bu kateqoriyaya  əmək qabiliyyəti olmayan şəxslər-əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış, (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqları daxildir.

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31