Ümumtəhsil müəssisələri yeni tədris ilinə hazırdır

Yeni tədris ilinin başlaması ərəfəsində Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib. Konfransda təhsil naziri Ceyhun Bayramov, təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifələrini icra edən Məhəbbət Vəliyeva, nazirliyin və BŞTİ-nin struktur bölmə rəhbərləri, məktəb direktorları, müəllimlər, məzunlar və media nümayəndələri iştirak ediblər. Tədbirdən öncə qonaqlar Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub və tər çiçəklər düzüblər.

Konfrans Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra 2017-2018-ci tədris ili ərzində BŞTİ-nin fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub. Tədbirdə təhsil nazirinin müavini, BŞTİ-nin müdiri vəzifələrini icra edən Məhəbbət Vəliyeva hesabat məruzəsi ilə çıxış edib. Konfrans iştirakçılarını salamlayan Məhəbbət Vəliyeva ötən dərs ilinin yekunları, əldə olunan nailiyyətlər və perspektiv məsələlərdən bəhs edib, ümumi təhsilin müxtəlif istiqamətləri üzrə görülmüş işlərə diqqət çəkib. O, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin 2018-2019-cu tədris ilinə tam hazır olduğunu və növbəti dərs ilində daha yüksək nailiyyətlər qazanılacağına əminliyini ifadə edib. Nazir müavini qeyd edib ki, son illər ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının nəticələrində, bütövlükdə isə ali və orta ixtisas təhsili müəssisələrinə qəbulda müsbət dinamika müşahidə olunmaqdadır. "Buraxılış imtahanlarının nəticələrinə görə 4 il ərzində məktəblərin irəliləməsi və gerilələməsi rayonlar üzrə təhlil edilib". Şagirdlərin imtahan nəticələrinə əsasən, Bakının Səbail, Xətai, Nəsimi rayonlarının məktəbləri ilk üçlükdə, Xəzər, Pirallahı və Qaradağ rayonlarının məktəbləri isə son üçlükdədir". Məhəbbət Vəliyeva vurğulayıb ki, əvvəlki tədris ili ilə müqayisədə 2017/2018-tədris ilində tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında qeyri-müvəffəq qiymət alanların sayı 0.54 faiz azalıb, müvəffəq qiymət alanların sayı isə 2.16 faiz artıb. Nazir müavini əlavə edib ki, hazırda BŞTİ-nin tabeliyində 317 orta məktəb var: "2017-2018-ci tədris ili ilə müqayisədə bu tədris ilində müəllimlərin sayı 0,3  faiz, şagirdlərin sayı 4, 5 faiz artıb. Bakıdakı şagirdlərin 83 faizi Azərbaycan, 17 faizi rus bölməsi üzrə təhsil alır". Nazir müavini onu8 da diqqətə çatdırıb ki, ötən tədris ilində 10 təhsil müəssisəsinin rəhbəri vəzifəsindən azad edilib. Onun sözlərinə görə, ötən tədris ilində BŞTİ-nin bir əməkdaşı, 20 direktor müavini, 9 müəllim, 1 kitabxana müdiri işdən çıxarılıb. Eyni zamanda, 2 BŞTİ əməkdaşı, 18 təhsil müəssisəsinin rəhbəri, 32 direktor müavini, 54 müəllim, BŞTI-yə tabe struktur bölmələrinin 6 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub. Məhəbbət Vəliyeva əlavə edib ki, BŞTI-yə tabe struktur bölmələrinin 30 əməkdaşı, 27 təhsil müəssisəsinin rəhbəri, 11 direktor müavini, 40 müəllimə isə xəbərdarlıq edilib. Nazir müavini qeyd edib ki, bəzi siniflərdə şagird sayı azlıq təşkil edir: "Bu sahədə kadr çatışmazlığı da əlavə problemlər yaradır. İlkin təhlillər bəzi məktəblərdə rus bölməsinin bütün siniflər üzrə davamlı olmadığını, sinif sayının 2-3, bəzilərində isə 8-9 olduğunu göstərib. Şagird sayının azlığına baxmayaraq, həmin məktəblərdə buraxılış imtahanlarının nəticələri kifayət qədər yaxşı olmayıb".
Onun sözlərinə görə, bu da təhsilin keyfiyyət göstəricilərinə mənfi təsir edib: "Buna görə də BŞTİ son 3 ildə davamlı şəkildə 9-cu siniflərin tədrisini təmin edə bilməyən məktəblərin siniflərini yaxın ərazilərə köçürülməsinə və təhsilin daha keyfiyyətli təşkil olunmasına şərait yaradıb".

Sonra konfransda çıxış edən təhsil naziri Ceyhun Bayramov təhsil sahəsindəki uğurlardan və mövcud problemlərin həlli istiqamətində atılacaq addımlardan danışıb. "Bilik günü" münasibətilə təhsil işçilərinə təbriklərini çatdıran nazir bir sıra həlli vacib məsələlərə, yeni dərs ilində qarşıda duran əsas hədəflərə toxunub. Nazir ölkə prezidenti tərəfindən imzalanmış "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın həyata keçirilməsinin 5 illik müddətinin təhsil islahatlarına və təhsil sistemində baş verən dəyişikliklərə qiymət vermək baxımından əhəmiyyətinə diqqət çəkib.  Ceyhun Bayramov çıxışında I sinfə və məktəbəhazırlığa qəbulun elektronlaşdırılması, şagirdlərin dərs yükü, ibtidai təhsil, məktəbdaxili qiymətləndirmə və digər vacib məsələlərdən geniş şəkildə danışıb. Təhsil naziri respublika üzrə bilik yarışlarında, beynəlxalq olimpiadalarda və ali məktəblərə qəbul imtahanlarında uğur qazanan şagirdlərin sayının ilbəil artdığını bildirib.  Nazir eyni zamanda, buraxılış sinif şagirdlərinin nailiyyətlərinin əvvəlki illərə nisbətən əhəmiyyətli dərəcədə yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb. Təhsil naziri çıxışında məktəb idarəetməsi, məktəblərin reytinqi, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması və ümumilikdə, tədrisin keyfiyyətinin yüksəldilməsi kimi məsələlərin növbəti tədris ilində əsas prioritet istiqamətlərdən olacağını qeyd edib. Ceyhun Bayramov onu da diqqətə çatdırıb ki, Azərbaycanda vaxtında məktəbə getməmək əmsalı 2012-ci illə müqayisədə 2 dəfə azalıb: "Belə ki, əgər bu göstərici 2012-ci ildə 12 faiz idisə, hazırda 6 faizdir. Növbəti illərdə bu göstəricinin aşağı düşməsi istiqamətində təsirli tədbirlər görüləcək". Nazir bildirib ki, zəif nəticə göstərən şagirdlərin sayı 2012-ci illə müqayisədə xeyli azalıb.
Ceyhun Bayramov əlavə edib ki, builki qəbul imtahanlarında 2090 nəfər 500-600 bal arası nəticə göstərərək ilk sırada müəllimlik ixtisasını seçiblər. Bu da ötən tədris ili ilə müqayisədə 53,6 faiz çoxdur. Bütün bunlar islahatların və dəyişikliklərin aparılmasına nikbin baxılmasına səbəb verir.
 O qeyd edib ki, şagirdlərin dərs yükü məsələsi daim müzakirə olunur: "Bu istiqamətdə kifayət qədər intensiv iş aparılıb. Yeni məktəbdaxili qiymətləndirmə layihəsi hazırlanıb. Sabah nazirlikdə kollegiya iclası keçiriləcək və layihə orada geniş müzakirə olunacaq. Daha sonra yekun qərar qəbul edilərək aidiyyəti üzrə yerlərə göndəriləcək. Xüsusilə də ibtidai siniflərdə dərs yükünün yüngülləşdirmə istiqamətində ciddi addımlar atılacaq".

Daha sonra 35 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Pərvanə Talıbova, müəllimlərin işə qəbulu müsabiqəsində 55 bal toplayan İsmayıllı şəhər 4 nömrəli tam orta məktəbin tarix müəllimi Ülvi Şamilov, 244 nömrəli tam orta məktəbin məzunu və bu il ali məktəblərə qəbul imtahanında 666 bal toplayan, Azərbaycan Dillər Universitetinin I kurs tələbəsi Rəşidə Həqiqətli çıxış ediblər.

Sonda pedaqoji ixtisaslar üzrə ali məktəblərə yüksək balla qəbul olunmuş tələbələrə təşəkkürnamələr verilib. Həmçinin, yüksək balla müəllim kimi işə qəbul olunan, eləcə də uzun müddət təhsil sistemində çalışan müəllimlər mükafatlandırılıb.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31