Azərbaycan İlahiyyat İnstitutunun qarşısına bir sıra məqsəd və hədəflər qoyulub

Ceyhun Məmmədov: “Əsas məqsədlərdən biri müasir dövrümüzün tələblərinə cavab verən dərin dini və dünyəvi biliklərə yiyələnmiş, güclü şəxsiyyətə, zəngin dünyagörüşünə və yüksək mədəniyyətə malik vətənpərvər mütəxəssislərinyetişdirilməsidir”

Ceyhun Məmmədov: "Əsas məqsədlərdən biri müasir dövrümüzün tələblərinə cavab verən dərin dini və dünyəvi biliklərə yiyələnmiş, güclü şəxsiyyətə, zəngin dünyagörüşünə və yüksək mədəniyyətə malik vətənpərvər mütəxəssislərinyetişdirilməsidir"

"Dinlər və təriqətlərüstü tədris planını həyata keçirməyə çalışacağıq"

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2018-ci il, 9 fevral tarixində imzaladığı sərəncam əsasında yaradılan Azərbaycan İlahiyyat İnstitutuna olan maraq gözlənildiyindən daha artıqdır desək yanılmarıq. Təhsil ocağında ilk tədris ilində nəzərdə tutulmuş iki ixtisas - islamşünaslıq və dinşünaslıq üzrə tələbə qəbulu üçün  ayrılmış 60 yerin artıq dolması deyilənləri təsdiqləyir. Bəs görəsən, adı çəkilən təhsil müəssisəsinin hansı üstünlükləri var ki, Aİİ fəaliyyət göstərdiyi ilk ildən cəımiyyətin diqqətini çəkib? Bu və ya digər suallar və yaxın gələcəkdə Aİİ-nin daha da inkişaf etdirilməsi istiqamətində atılacaq addımlarla bağlı institutun rektoru Ceyhun Məmmədovla söhbətləşdik.

-Ceyhun müəllim,  məlum olduğu kimi dövlət başçısının 9 fevral 2018-ci ildə imzaladığı sərəncamla Azərbaycanda İlahiyyat İnstitutunun yaradılması qərara alındı. Bu, öz növbəsində təqdirəlayiq, bəyəniləsi bir addım olsa da, lakin bəzi suallar da var. Belə ki, İslam Universiteti, bəzi təhsil ocaqlarında ilahiyyat fakultələrinin olduğu halda, Azərbaycan İlahiyyat İnstitutunun hansı zərurətdən yaradıldığı kimi suallar ortaya çıxır. Siz bunu necə dəyərləndirərdiniz və İlahiyyat İnstitutunun yaradılması hansı zərurətdən meydana gəldi?

-Müstəqilliyimizin bərpasından sonra, Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən etibarən din sahəsinə xüsusi qayğı göstərildi. Məscidlər, kilsələr, sinaqoqlar inşa olundu və təmir edildi. Azərbaycanın müstəqilliyi bərpa edildiyi zaman 17 məscidimiz var idi. Ancaq bu gün ölkəmizdə 2000-dən artıq məscid fəaliyyət göstərir. Bu məscidlərin savadlı, bilikli, zəngin dünyagörüşlü din xadimlərinə, ilahiyyatçılara böyük ehtiyacı var. Həmin məsələdə həm Bakı İslam Universitetinin, həm də Azərbaycan İlahiyyat İnstitutunun üzərinə böyük məsuliyyət düşür. Birgə əməkdaşlıqla bu sahəyə daha çox töhfə verə bilərik. Bu mənada, Azərbaycan İlahiyyat İnstitutunun qarşısına bir sıra məqsəd və hədəflər qoyulub. Əsas məqsədlərdən biri müasir dövrümüzün tələblərinə cavab verən dərin dini və dünyəvi biliklərə yiyələnmiş, güclü şəxsiyyətə, zəngin dünyagörüşünə və yüksək mədəniyyətə malik vətənpərvər mütəxəssislərin yetişdirilməsidir. Bu məqsədlərə nail olmaq üçün Aİİ bütün gücünü və potensialını səfərbər edərək ona göstərilən yüksək inam və etimadı doğrultmağa çalışacaqdır.

-Artıq bu ildən etibarən təhsil ocağına qəbullar da başlanılıb. Maraqlıdır ki, azərbaycanlı gənclər nədən İlahiyyat İnstitutunu seçməlidir və təhsil ocağının digər universitetlərdən fərqli olaraq hansı özəllikləri var və tələbələrə nələr vəd edir?

-Azərbaycan İlahiyyat İnstitutunda təhsil ödənişsiz əsaslarla olacaq. Tələbələr beynəlxalq mübadilə proqramları vasitəsilə bir semestr və ya daha artıq Avropa, Amerika və Şərq ölkələrində təhsil almaq imkanı əldə edəcəklər. Eyni zamanda, yüksək nəticə ilə məzun olan bakalavrlar ixtisasları üzrə magistratura və doktorantura təhsilini dövlət xətti ilə xarici ölkələrdə davam etdirə biləcəklər. Tələbələrin şəxsi keyfiyyətlərinin, dil biliklərinin yüksək olmasına, dünyəvi biliklərə dərindən yiyələnmələrinə xüsusi önəm veriləcək. İnstitutu bitirənlər Azərbaycanın elm və təhsil müəssisələri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və digər dövlət qurumlarında, həmçinin din xadimi kimi işləmək imkanı qazanacaqlar.  Əsas özəlliklərimizdən biri də bu təhsil müəssisəni bitirənlərin işlə təmin olunmasıdır. Tələbələrin institutu bitirəndən sonra işlə təmin olunması ilə bağlı planlarımız var və bu istiqamətdə işlər aparılır.

-Qısa müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq Aİİ-yə gənclər, cəmiyyət tərəfindən olan maraq Sizi qane edirmi?

-Aİİ-nin ilk tədris ilində nəzərdə tutulmuş iki ixtisas - islamşünaslıq və dinşünaslıq üzrə tələbə qəbulu üçün  ayrılmış 60 yer artıq dolub. Bu onu göstərir ki,  az vaxt ərzində İlahiyyat İnstitutu qarşısına qoyduğu vəzifələr istiqamətində ilk mərhələni uğurla başa çatdırıb. İlahiyyat İnstitutu yarandığı gündən məqsədlərini cəmiyyətə açıq elan edərək  qarşıya qoyulan hədəflərə nail olmaq üçün əzmlə fəaliyyət göstərir. Bu mənada, ictimaiyyətin diqqətini cəlb edən Aİİ-yə gənclərin ciddi maraqları müşahidə olunur. Təbii ki, burda Aİİ-də təhsilin üstünlükləri ilə bağlı cəmiyyətdə aparılan maarifləndirmənin və nəzərdə tutulmuş tədris proqramının xüsusi rolu var. Belə ki, biz hər iki ixtisas üzrə təhsil alan tələbələrin çox dərin biliklərə malik nümunəvi şəxsiyyət kimi formalaşmalarını qarşımıza məqsəd qoymuşuq.

Aİİ-ni  yaradılması  gənclərimizin xarici ölkələrdə dini təhsil alaraq bəzi radikal dini qruplaşmaların təsiri altına düşməsini nə dərəcədə önləyəcək?

-Azərbaycanda və xaricdə dini təhsil mövzusu zaman-zaman cəmiyyətdə geniş müzakirə olunub. Bildiyiniz kimi, təxminən 3 min nəfərə yaxın azərbaycanlı xaricdə təhsil alıb. Eyni zamanda bu günə kimi Bakı İslam Universitetində təxminən 3850, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsində 819 nəfər dini təhsil alıb. Hesab edirik ki, artıq Azərbaycan bu sahədə müəyyən işlər görə bilər. Bu gün ölkəmizdə bu sahəni güclü bilən savadlı ilahiyyatçılarımız var. Qarşıda dayanan əsas vəzifələrdən biri savadlı, zəngin dünyagörüşlü, dərin dini və dünyəvi biliklərə malik ilahiyyatçıların yetişdirilməsidir. Burada daha bir məqsəd isə ölkə vətəndaşlarını xarici zərərli təsirlərdən qorumaqdır. Bildiyiniz kimi, sovet dövründə bu sahəyə məhdudiyyətlər vardı, dini ənənə zəiflədilmişdi. Son illərin hadisələri, dünyada baş verən proseslər də bu institutun yaradılmasını zəruri etdi. Cənab prezident də bu ilin fevralında böyük uzaqgörənliklə sərəncam imzalayaraq bu institutun yaradılmasına qərar verdi. Bu da, uzun müddət Azərbaycanda həyata keçirilən din siyasətinin məntiqi nəticəsi idi.Azərbaycan özünün dini təhsil sistemini qurmalı idi. Dediyiniz çox həssas və incə məqamdır, Azərbaycan gerçəklikləri və həqiqətləri var. Burada oxuyan insanlara bütün dinlər və məzhəblər haqqında məlumatlar veriləcək. Bütün məzhəblər tədris ediləcək. Ümumiyyətlə, dinlər və təriqətlərüstü tədris planını həyata keçirməyə çalışacağıq. Gələcəkdə xristianlıq və yəhudilik üzrə də mütəxəssis hazırlamağı nəzərdə tuturuq. Müəllim məsələsində də, tədris prosesində də məzhəbçilik, təriqətçilik meyillərindən maksimum uzaq olmağa çalışacağıq. Tədris prosesində hər iki məzhəbin əsasları, prinsipləri, dəyərləri və ehkamları barədə tələbələrə məlumat veriləcək. Heç bir ayrı-seçkilik olmadan maksimal şəkildə  balansı gözləməyə çalışacağıq. Müəllim seçimində də bu prinsip çox ciddi nəzərə alınacaq. Qeyd etdiyiniz problem əsrlər boyu İslam dünyasını geri salan, müharibələrə və qarşıdurmalara səbəb olan məsələ olub. Əsas hədəflərdən biri də odur ki, yetişdirdiyimiz şəxslərdə dövlətçilik mövqeyi, vətənə bağlılıq, sevgi olmalıdır. Eyni zamanda, dini kimlik milli kimlikdən üstün olmamalıdır.

-Bəs, Aİİ-nin beynəlxalq səviyyədə əməkdaşlığı necə qurulacaq və ayrı-ayrı ölkələrin müvafiq təhsil qurumları ilə əməkdaşlıq barədə  düşünürsünüzmü, həmin əməkdaşlıq hansı formada həyata keçiriləcək?

-Fəaliyyətimizdə beynəlxalq əlaqələr prioritet istiqamət olacaq. İnstitutda beynəlxalq əlaqələrin qurulması üçün zəruri olan bütün addımlar atılır. Türkiyədə, İranda, Rusiyada, Malayziyada, İndoneziyada və s. ölkələrdə sırf bu sahədə ixtisaslaşmış təhsil müəssisələri mövcuddur. Türkiyənin bir sıra universitetlərində ilahiyyat fakültələri fəaliyyət göstərir. Çünki əhalinin sayı baxımından Türkiyədə bu sahəyə böyük tələbat var. Türkiyənin Diyanət İşlər Başkanlığı da bu işlərə çox ciddi diqqət yetirir. Türkiyə ilə yanaşı, Avropanın, Amerikanın müxtəlif universitetlərində də bu ixtisaslar üzrə təhsil verilir. Əlbəttə, biz bu dövlətlərin təcrübəsindən də faydalanacağıq. Dünyada xaricdən bir semestrlik, yaxud birillik xarici mütəxəssislərin cəlb olunması təcrübəsi mövcuddur. Bizim də belə planlarımız var. Avropada işləyən, Amerikaya köçən mütəxəssislərimiz də var. Bu gün Oksford Universitetində və Kembric Universitetində belə İslamla bağlı tədqiqatlar aparılır. Biz həmin mütəxəssislərlə mütləq əməkdaşlıq quracağıq. Onlar tədris prosesində, bizim konfranslarımızda iştirak edə bilərlər. Bir  sözlə, xarici mütəxəssislərlə mütəmadi və sıx şəkildə işləməyi nəzərdə tutmuşuq. Təcrübə mübadiləsi olduqca vacib məsələdir. Onu da deyim ki, bu institut yaradılandan sonra xaricdən bizə yetərincə müraciətlər daxil olub. Vaxtilə Azərbaycandan xaricə köçüb, indi gəlib burada işləmək istəyən və əməkdaşlıq etmək istəyənlər çoxluq təşkil edir. Hazırda bütün ixtisaslar üzrə müəllimləri müəyyənləşdirmişik. Gələcəkdə xarici təhsil müəssisələri ilə həm müəllim, həm də tələbə mübadiləsini həyata keçirməyi nəzərdə tutmuşuq.

-Son olaraq bilmək istərdim ki, Aİİ-nin rektoru olaraq hazırda ölkədəki dini durumu necə dəyərləndirirsiniz və radikal dini quruplaşmaların Azərbaycanda öz maraqlarını təmin etmək baxımından zaman-zaman atdığı addımlara qarşı görülən tədbirlər, eləcə də atılan maarifləndirici addımlar tədbirlər öz bəhrəsini verirmi?

-Azərbaycanda tarixən müxtəlif millətlərin və dinlərin nümayəndələrinin əmin-amanlıq şəraitində yaşadığını görürük. 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli" elan edilməsi ölkəmizin milli mənəvi dəyərlərə bu gün də sadiq qalmasının göstəricisidir. Respublikamızda dövlət-din münasibətlərinin tənzimlənməsi, eləcə də cəmiyyətimizdə radikalizm meyillərinin qarşısının alınması sahəsində dövlətimiz tərəfindən ardıcıl tədbirlər həyata keçirilir. Əsasını ulu öndər Heydər Əliyevin qoyduğu, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən müvəffəqiyyətlə davam etdirilən dövlət-din münasibətlərinin Azərbaycan modeli dünyada bu sahədə nümunəvi modellərdən biridir. Din və dövlətin qarşılıqlı əməkdaşlığına əsaslanan bu modeldə dinə, dindarlara və dini dəyərlərə qayğı xüsusi yer tutur. Məhz bu qayğının nəticəsində çox sayda məscid və ziyarətgahlar dövlət vəsaiti hesabına inşa və ya təmir edilir, din xadimləri və dini icmalara maddi yardım göstərilir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də bu istiqamətdə ciddi maarifləndirmə tədbirləri həyata keçirir və bu səylər öz bəhrəsini verir. Ümumiyyətlə din və terrorizm bir-birinə zidd anlayışdır. Radikal, ekstremist qruplaşmaların törətdikləri münaqişələr və qarşıdurmalar İslam dininə xələl gətirir. Bununla da onlar İslamın terroru dəstəkləyən din kimi qələmə verilməsinə zəmin yaradırlar. Radikalların öz əməllərini din pərdəsi altında gizləməsi yolverilməz olmaqla yanaşı, dinimizin əsas prinsiplərinə də ziddir. İlahiyyatçı alimlər olaraq inanclı insanları dini duyğuları istismar edən, sabitlik və əmin-amanlıq adası olan ölkəmizi xaosa sürükləmək istəyən belə qruplara qarşı mübarizə aparmalıyıq. Əvvəl də qeyd etdiyim kimi, yetişdirdiyimiz şəxslərdə dövlətçilik mövqeyi, vətənə bağlılıq olmalıdır. Eyni zamanda, dini kimlik milli kimlikdən üstün olmamalıdır. Bütün ölkə vətəndaşları dövlətimiz ətrafında sıx birləşməlidir. Əsas məqsədi Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların və mütəxəssislərin hazırlanmasını təmin etməkdən ibarət olan Azərbaycan İlahiyyat İnstitutu öz fəaliyyətində bu istiqamətdə maarifləndirmə işlərinə xüsusi diqqət ayıracaq. İnstitutumuzun əsas fəaliyyət istiqamətlərindən biri də Azərbaycan cəmiyyətini düşündürən və narahat edən mövzularla bağlı silsilə maarifləndirmə tədbirlərinin keçirmək olacaq.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31