"Mən bu qitənin notuna köklənmişəm..." - Yaşar Şekari
Mən Şərqəm.Sərvət üstə uzanıb, yatmış bir eybəcərəm. Səhəri yalanla açıb, inadla bağlayanam. Gecələri xəyallar qurub, yaratdığı dünyanın ağası, səhərləri isə oyanmağa heç bir səbəbi olmayan qitədənəm. Mən yasa batmış şərqliyəm. Arzum ölü, xəyalım asılı, cəhdlərim təcavüzə uğramış. Mən şərqliyəm, yaşamaq üçün inandırmalı, inandırmaq üçün yalan danışmalıyam. Və mən özümü ifadə etməyə özümdən böyük sözcüklər axtarışında olan bir pərişanam. Mən şərqliyəm, bir az ağır, bir az da sərxoş, dünən nə baş verdiyindən bixəbər...
12 Sentyabr 2018 12:04 SosialMən Şərqəm.Sərvət üstə uzanıb, yatmış bir eybəcərəm. Səhəri yalanla açıb, inadla bağlayanam. Gecələri xəyallar qurub, yaratdığı dünyanın ağası, səhərləri isə oyanmağa heç bir səbəbi olmayan qitədənəm. Mən yasa batmış şərqliyəm. Arzum ölü, xəyalım asılı, cəhdlərim təcavüzə uğramış. Mən şərqliyəm, yaşamaq üçün inandırmalı, inandırmaq üçün yalan danışmalıyam. Və mən özümü ifadə etməyə özümdən böyük sözcüklər axtarışında olan bir pərişanam. Mən şərqliyəm, bir az ağır, bir az da sərxoş, dünən nə baş verdiyindən bixəbər...
"Happy" deyil mahnılarımızın adı. Bunun segahı var, çargahı var. Yanmasan şura gələ bilməzsən bizdə. Pərdələrində kədər hayqırar sazın da, tarın da. Mən bu qitənin notuna köklənmişəm. Şərqiyəm.
Mən sevmək üçün sınmalı, sevinmək üçünsə qırılmalıyam. Mən şərqliyəm axı!
Xoşbəxtlikdən ağlar və onu səmalarda axtararam. Qitəmin ən maraqlı nağılları xəyanətdən danışar və mən umudla deyil, itirmək qorxusuyla gözlərimi bağlaram. Mənim qitəm böyük, amma dünyam dardır. Yaratdıqlarımız kimlərinsə tərəfindən məhv olur həmişə. Məhvləri seyr edən naxışlı baxışların şifrəsində gizlənən kəsəm. Tanrıların məzələndiyi diyardanam. Özümsə səbəbsizliklərin tanrısı, qeyri-adiliklərin səhnəsi və mən sərvətim üstə gözüm səmaya baxarkən sətirlərimlə özümü avutan, süni hüzur duyğusuna qapılan Şərq adamıyam.
Burada, çox yaxında sınıq qəlblərlə doldurulmuş məzarlıq var. Hər gecə yatmazdan əvvəl məzarların başında sevgi şamlarını söndürüb gedirəm. Sabah isə gün yenidən doğacaq və tanrılar yenə də məzələnəcəklər bizimlə...