Azyaşlılara siqaret satılmasına görə kim məsuliyyət daşıyır?

Musa Quliyev: "Bu məsələdə məsuliyyət tütün məhsullarını satan satıcının üzərinə qoyulur"

"Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun qəbul edildikdən  sonra bir sıra iaşə obyektlərində siqaretdən istifadəyə qadağa qoyulub. Sözügedən qanun həmçinin müxtəlif iaşə obyektlərində təklif edilən qəlyana da şamil edilir. Mütəxəssislər hesab edirlər ki, bu qanun tütün məmulatlarından istifadə etməyən insaların, habelə tütün məmulartlarından istifadə edən insanların da sağlamlıqlarının qorunması məqsdi güdür. Ona görə ki, nəinki aktiv, hətta passiv siqaret çəkmə də, yəni siqaret tüstüsü ilə nəfəs alma da orqanizm üçün kifayət qədər zərərlidir. Buna görə də qanun hüquqi şəxslərə siqaret çəkmək üçün xüsusi qapalı yerlərin yaradılmasını bir vəzifə olaraq qarşıya qoyur. Bu halı yaratmaq mümkün olmadıqda, siqaret açıq havada çəkilməlidir. Qeyd edək ki, sözügedən qanuna əsasən (Hava nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkməyə görə 100 manat məbləğində cərimə edilir), 305-ci (Dəmir yolu nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkməyə görə 40 manat məbləğində cərimə edilir), 306.4-cü (Metrostansiyaların vestibüllərində, keçidlərində və platformalarında, vaqonlarda siqaret çəkməyə görə 50 manat məbləğində cərimə edilir), 318-ci (Dəniz və çay nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkməyə görə 40manat məbləğində cərimə edilir) 322.0.4-cü (Müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusda siqaret çəkilməsinə görə 40 manatdan əlli manatadək məbləğdə cərimə edilir) maddələrində nəzərdə tutulan yerlər istisna olmaqla, "Tütün və tütün məmulatı haqqında" qanunu ilə qadağan edilmiş digər yerlərdə siqaret çəkməyə görə 30 manat məbləğində cərimə edilir. Müəssisələrdə, idarələrdə, təşkilatlarda siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə "siqaret çəkmək qadağandır" xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə vəzifəli şəxslər 400 manat məbləğində, hüquqi şəxslər 1000 manat məbləğində cərimə edilir. Məsələ orasındadır ki,  "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun qüvvəyə mindikdən sonra qanun cərimə mexanizminin olmaması məsələsi ortaya çıcıb. Əsas kimi də İnzibati Xətalar Məcəlləsinin 212-ci maddəsinin qüvvədən düşmüş "Tütün və tütün məmulatı haqqında" qanuna aid edildiyi qeyd olunur. Millət vəkili, Milli Məclisin Səhiyyə komitədinin sədr müavini Musa Quliyev bildirib ki, siqaretin istifadəsinin məhdudlaşdırılması ilə bağlı Cinayət və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər ediləcək: "Bizdə 2017-ci ilin dekabr ayından "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması  haqqında" qanun mövcuddur və tütün məmulatlarının istifadəsinə məhdudiyyətlər, digər məsələlərr həmin qanunla tənzimlənir. Təbii ki, 18 yaşına çatmamış şəxslərə siqaret və digər tütün məhsullarının satılması da qanunla qadağandır.  Amma siqaret almaq üçün  şəxsiyyət vəsiqəsini vətəndaşın öz  üzərində gəzdirməsi vacib deyil.  Burada, sadəcə, məsuliyyət tütün məhsullarını satan satıcının üzərinə qoyulur". M. Quliyev bildirib ki, əgər satıcının şəxsin həddi-buluq yaşına çatmadığı haqqında şübhəsi varsa, o zaman şəxsiyyət vəsiqəsi tələb edə bilər, əgər şübhəsi yoxdursa və görürsə ki, yaşca böyük insandır, ondan şəxsiyyət vəsiqəsi tələb edilməsi istehlakçı hüquqlarının pozulması deməkdir. Belə bir müddəa bizim mövcud qanunvericilikdə nəzərdə tutulmayıb, yalnız siqaret alan şəxsin yaşına görə şübhə olarsa, onda şəxsiyyət vəsiqəsi  tələb edilə bilər: "O ki qaldı tütün məhsullarının, konkret olaraq siqaret qutusunun üzərindəki yazılara və şəkillərə, bu barədə də bizim qanunvericilikdə, xüsusilə, 2001-ci ildə qəbul olunmuş "Tütün və tütün məmulatı haqqında" qanunda müəyyən müddəalar var. Amma düşünürəm ki, həmin müddəalar köhnəlmiş müddəalardır  və daha yeni, bu gün bütün dünyada istifadə olunan üsullardan yararlanmaq olar. Məsələn, bizdə siqaret qutusunun üstündə yazılır ki, siqater  çəkmək  sizin sağlamlığınıza zərərlidir. Dünyanın bir çox ölkələrində isə siqaret qutusunun üzərində siqaret öldürür, tütün öldürür, tütün zəhərlidir  və sair kimi daha kəskin ifadələr yazılır. Amma müxtəlif xəstəliklərin, ağciyərin pis-xəstə formada şəkilinin siqaret qutusunun üzərinə vurulması özü heç də dünyada birmənalı qəbul olunmur. Yəni, istehlakçının da, siqaret çəkənin də özünün hüquqları var, bunlar da düşünülməlidir. Amma ən yaxşı forma siqaret qutsunun üzərində heç bir reklamın olmamasıdır. Həmçinin, siqaret qutsunun ağ və ya boz rəngdə olması, eyni zamanda, üzərində iri hərflərlə siqaretin zərərli təsirləri haqqında yazının yazılmasıdır. Hər halda biz bunun üzərində düşünürük və parlamentin qarşıdan gələn payız sessiyasında Əmək və sosial siyasət komitəsində bu məsələlərə baxılacaq".

Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, qanunla qadağan olunmasına baxmayaraq, hələ də orta məktəb binalarının yaxınlığında siqaret və digər tütün məmulatları satılır və bəzən məktəb yaşlı uşaqlar da onlardan alıb, istifadə edir. Məsələyə toxunan M. Quliyev də xatırladıb ki, qanunla bunlar qadağandır, yolverilməzdir. Millət vəkilinin dediyinə görə, amma qanunun icrasına nəzarət məsələsi hələlik Cinayət  və İnzibati Xətalar Məcəlləsində öz əksini tapmayıb: "Mənim bildiyimə görə də bunun üzərində müvafiq qurumlarda iş gedir. Çünki qanunun qəbulu, ondan sonra qüvvəyə minməsi və digər məsələlər yaz sessiyasının sonuna düşdüyü üçün nəzarətlə bağlı məqamlar çox güman ki,  bu ilin payız sessiyasında baxılacaq.  Cinayət və İnzibati Xətalar Məcəlləsinə  müvafiq dəyişikliklər ediləcək. Bu dəyişikliklərdən sonra  müvafiq qurumlar artıq bu nəzarəti öz üzərlərinə götürəcəklər. Konkret olaraq, fiziki şəxslərin qanunu pozmasına nəzarət polisin həvalə olunur, hüquqi şəxslərin qanunu pozmasına nəzarət isə Fövqaladə Hallar Nazirliyinin əməkdaşlarına həvalə olunur. Artıq cərimələr  də sanksiyalaşdırıldıqdan və digər qanunpozmalara da qarşı sanksiyalar müəyyənləşdikdən sonra qanun tam gücü ilə işə düşəcək".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31