Mühafizə zolaqlarında yerləşən torpaqlardan qeyri-qanuni istifadə olunur
5 Sentyabr 2018 12:19 SosialBelə hallar ən çox Xətai və Abşeron rayonlarında müşahidə olunur
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstəriş və tövsiyələrinə uyğun olaraq ölkəmizdə həyata keçirilən genişmiqyaslı sosial və iqtisadi islahatlar çərçivəsində tikinti, şəhərsalma və memarlıq sahələrində qanunvericilik aktlarının qəbul edilməsi, eləcə də bu istiqamətdə uzunmüddətli dövlət layihələrinin uğurla həyata keçirilməsi sahələrlərində görülən işlər prioritet məsələlər sırasında olmaqla, ölkəmizdə inşaat sektorunun inkişafı üçün münbit və əlverişli şərait yaradılmışdır. Eyni zamanda, bu sahədə qanun pozuntularının qarşısının alınması, aşkar edilmiş korrupsiya hüquqpozmalarına qarşı mübarizə çərçivəsində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən birgə tədbirlər davam etdirilir. Belə ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən şəhərsalma nəzarəti qaydasında Bakı şəhərinin Xətai, Binəqədi, Nəsimi və Nizami rayonlarında keçirilmiş yoxlamalar zamanı aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, bir çox hallarda tikintisi nəzərdə tutulan qeyri-yaşayış sahələrinin Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutu tərəfindən şəhərsalma əsaslandırılmasının işlənilməsi, həmin şəhərsalma əsaslandırılmasının Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş idarəsi ilə razılaşdırılması və müvafiq dövlət orqanları tərəfindən rəylərin verilməsinə baxmayaraq, həmin tikintilərin aparılması üçün Bakı şəhər İcra Hakimiyyətindən tikintiyə icazənin alınması təmin edilməyib, rayon icra hakimiyyəti orqanları tərəfindən səlahiyyətləri olmadığı halda tikintiyə icazə verilib, habelə müvafiq qaydada ərazi planlaşdırma sənədlərinin təsdiq edilməməsi, tikintisinə icazə verilən obyektlər barədə sənəd və məlumatların tikintilərin Dövlət reyestrinə təqdim edilməməsi kimi qanun pozuntuları aşkar olunub.Qeyd olunan faktlar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 314-2.1 (qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə) və 188.2-ci (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır. Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla qanun pozuntularına yol vermiş vəzifəli şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Lakin qanunsuz tikintilərə qarşı mübarizə tədbirlrəri bunula bitmir. Məlum olduğu kimi
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş müşavirədə də torpaqlardan düzgün istifadə, qanunsuz tikintilərin qarşısının alınmasının vacibliyini vurğuladı və bununla əlaqədar ciddi tədbirlərin görülməsi barədə aidiyyəti dövlət orqanlarına müvafiq tapşırıqlar verib. Bu tapşırıqların icrası ilə bağlı, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən kommunikasiya xətləri və mühafizə zonalarında yerləşən torpaqların istifadəsi ilə bağlı monitorinqlər aparılır. Monitorinqlər zamanı bir sıra hallarda mühafizə zolaqlarında, magistral yollarda, yaşıllıq zonalarında, o cümlədən qaz, neft, su, elektrik xətlərinin mühafizə zolaqlarında yerləşən torpaqlardan qeyri-qanuni istifadə olunmaqla, özbaşına tikinti işlərinin aparılması faktlarına rast gəlinir. Belə halların qarşısı dərhal alınır, torpaqlardan əsassız istifadə dayandırılır. Belə ki, son 10 gün ərzində aparılmış monitorinqlər nəticəsində kommunikasiya xətlərinin mühafizə zolaqlarında 122 qanunsuz tikinti və qeyri-qanuni istifadə halı müəyyən edilib. Ümumilikdə isə, respublika üzrə kommunikasiya xətləri və mühafizə zolaqlarında yerləşən torpaqların istifadəsi ilə bağlı aparılan monitorinqlər nəticəsində 400-ə yaxın qeyri-qanuni torpaq istifadəsi halları ilə bağlı hüquq-mühafizə orqanlarına sənədlər təqdim edilib. Artıq 20 hal barədə daxili işlər orqanlarına müraciətlər olunub, bu istiqamətdə mütəmadi olaraq tədbirlər davam etdirilir. Qeyd edilməlidir ki, belə hallar paytaxtın Xətai rayonunda yerləşən ərazisində qeydə alınıb. Babək prospektində yüksək gərginlikli elektrik xətlərinin, avtomobil və dəmir yollarının mühafizə zolaqlarında yerləşən torpaqlarda qeyri-qanuni tikintilərin inşası dayandırılıb. Məlum olub ki, tikinti işləri Torpaq Məcəlləsinin və "Torpaq icarəsi haqqında" qanunun müvafiq maddələrinin tələblərini pozur. Yerquruluşu işləri aparılmadan və müvafiq rəy alınmadan tikinti qərarları qəbul edilir. Digər qanunsuz tikililər Abşeron rayonunun Saray qəsəbəsi ərazisində müəyyən edilib.Yüksək gərginlikli qaz kəmərinin və dövlət əhəmiyyətli Bakı-Novorassiyski neft kəmərinin mühafizə zolağında çoxlu sayda fərdi yaşayış evləri, digər obyektlər aşkar olunub. Bununla əlaqədar aidiyyəti orqanlara müraciət edilib.
Belə hallar ətraf mühit və əhali üçün təhlükə mənbəyi olmaqla yanaşı, hüquqların dövlət qeydiyyatına alınmasında da çətinliklər yaradır. Eyni zamanda, qanunsuz tikintilərin mühafizə zolaqlarında aparılması həmin kommunikasiya xətlərinə cavabdeh olan təşkilatların fəaliyyətində də problemlər yaradır. Bununla əlaqədar olaraq həmin təşkilatların məsuliyyətinin artırılması məqsədi ilə Komitə tərəfindən onlara rəsmi müraciətlər olunub, Nazirlər Kabinetinə məktub ünvanlanıb. Qanunsuz torpaq sahəsinin ayrılması və tikintilərin aparılmasının qarşısının alınması aidiyyəti yerli və mərkəzi icra hakimiyyəti orqanlarının birgə fəaliyyəti nəticəsində mümkün ola bilər. Qeyd edilməlidir ki, bununla əlaqədar olaraq Əmlak Məsələləri Dövlət Komitəsi ilə Şəhərsalma və Arxitektura Komitəsi arasında əməkdaşlıq memorandumu imzalanıb, bir sıra pozuntu halları ilə bağlı hüquq mühafizə orqanlarına və digər aidiyyəti qurumlara müraciətlər olunub.
Alim