Məktəbəhazırlıq qruplarına 25 mindən çox uşaq qeydiyyatdan keçib
4 Sentyabr 2018 16:54 SosialRespublika üzrə ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qruplarına sənəd qəbulu davam edir. "OLAYLAR"-a Təhsil Nazirliyindən bildirilib ki, məktəbəhazırlıq qruplarına şagird qəbulu www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir.
Ərizələrin onlayn qeydiyyatı Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərlərini və Abşeron, Yevlax, Samux rayonları üzrə ümumi təhsil məktəblərini, o cümlədən həmin şəhər və rayonlarda yerləşən məcburi köçkün məktəblərini əhatə edir.
Sentyabrın 4-dək Sumqayıt şəhəri üzrə 2364, Abşeron rayonu üzrə 1765, Gəncə şəhəri üzrə 1745, Mingəçevir üzrə 447, Yevlax üzrə 932, Şirvan üzrə 393, Samux üzrə 459, Naftalan üzrə 107 nəfər olmaqla ümumilikdə 8212 nəfər elektron ərizələrini təsdiq edib.
Paytaxt məktəblərindəki məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün elekton sistemdə 16 795 ərizənin onlayn qeydiyyatı (04.09.2018-ci il tarixinə saat 15:00-a olan məlumata əsasən) aparılıb.
Dövlət ümumi təhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında dərs ili iki yarımilə bölünür. Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 1-də başlayıb, mayın 31-də başa çatacaq.
a