300-dən artıq qadın “Uğurlu qadın, uğurlu gələcək” layihəsində iştirak etdi
4 Sentyabr 2018 13:26 SosialCoca-Cola Fondu, ASAN könüllüləri və Azərbaycan Turizm və Menecment Universitetinin bölgələrdə qadınların turizm sahəsində təşəbbüslərinə dəstək olmaq üçün həyata keçirdikləri "Uğurlu qadın, uğurlu gələcək" layihəsi başa çatıb.
Olaylar.az bildirir ki, bölgələrdə yaşayan qadınları turizm təlimlərinə cəlb etmək, onları turizm biznesinə həvəsləndirmək, turizm sahəsində dövlət siyasətinə və turizm sahəsində biznes təşəbbüslərinə dəstək olmaq məqsədi ilə hazırlanan layihə 16 iyul - 11 avqust tarixləri arasında baş tutub.
Coca-Cola Fondunun dəstəklədiyi və ASAN Könüllüləri təşkilatının həyata keçirdiyi layihə Azərbaycanda turizm potensialı ilə tanınan Qəbələ, Gəncə və Masallı şəhərləri və ətraf bölgələri əhatə edib. Hər təlimdə 120-dən artıq qadın iştirak etmişdir. Təlimlər turizmin əsasları, turizm idarəçiliyi, müştəri xidməti, turizm və gigiyena kimi bir sıra önəmli mövzuları əhatə edib.
Layihənin təlimçiləri türkiyəli mütəxəssislər İşıl Keskin Şahan, Soner Şahan və Azərbaycan Turizm və Menecment Universitetinin müəllim heyəti olublar.
Coca-Cola şirkətinin Qafqaz ölkələri üzrə İctimaiyyətlə Əlaqələr və Kommunikasiya meneceri Elşad Fərzəliyev proqrama Azərbaycanda qadınların böyük maraq göstərdiyini və layihənin həm qadınların, həm də turizmin inkişafına dəstək olduğunu bildirib:
"Coca-Cola şirkəti fəaliyyət göstərdiyi 200-dən çox ölkədə sosial inkişafa dəstək olur. Coca-Colanın bu istiqamətdə əsas prioritetlərindən biri də qadınların inkişafıdır. Bu məqsədlə həyata keçirdiyimiz "Uğurlu qadın, uğurlu gələcək" layihəsində istəyimiz qadınları turizm sahəsində sahibkarlıq fəaliyyətinə həvəsləndirməkdir. Biz çox sevinirik ki, bu layihəni tərəfdaşlarımızla birgə uğurla başa vurduq".
Ümumi təlimlərdə iştirak edən qadınların sayı 360-dan artıq olub. Təlimləri uğurla başa vuran qadınlar ATMU tərəfindən təsdiq olunmuş rəsmi sertifikat ilə təltif olunublar.
Layihənin icraçı partnyoru ASAN Könüllüləri Təşkilatının baş katibi Sahil Məmmədli təşkil olunan təlimlərin interaktiv formada keçdiyini və hər bir təlimdə iştirakçıların aktivlikləri ilə seçildiyini qeyd edib.
Türkiyəli təlimçi İşıl Keskin Şahan isə layihənin qadınların iqtisadi asılılıq olmadan öz bacarıqları ilə biznesə başlamalarına yardımçı olduğunu bildirib.