Bakıda İƏT ölkələrinin “Gənclər Günü” ilə bağlı tədbir keçirilib

İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Konfransının qərarı ilə keçən ildən elan olunmuş 3 sentyabr "İƏT Gənclər Günü" ilə bağlı Bakıda diplomatik qəbul təşkil edilib. "OLAYLAR"-a daxil olan məlumata görə, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun təşklatçılığı ilə baş tutan tədbirdə çıxış edən İƏT Gənclər Forumunun sədri səfir Elşad İskəndərov qeyd edib ki, "İƏT Gənclər Günü" 2006-cı il, 3 sentyabrda İstanbulda İƏT Gənclər Forumunun Baş Qərargahının Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyənin o zamankı baş naziri cənab Rəcəb Tayyip Ərdoğanın iştirakı ilə baş tutan açılış mərasimi ilə əlaqədar seçilib. Forumun 2004-cü ildə Azərbaycan Prezidentinin himayəsi altında yarandığını qeyd edən natiq İƏT Gənclər Gününün məhz Forumun fəaliyyətə başlamasına həsr edilməsini ölkəmizin ilk beynəlxalq təşkilat təşəbbüsünə verilən yüksək qiymət kimi dəyərləndirib. Məhz Prezident İlham Əliyev cənablarının İƏT gəncliyinə verdiyi davamlı dəstək və qayğıya ğörə Azərbaycan Prezidenti bu ilin aprel ayında İƏT Gənclər və İdman nazirləri ilə görüşdə "Gəncliyin Hamisi" fəxri nişanı ilə təltif edilib.

Bakıda akkreditə olunmuş səfirliklər, beynəlxalq təşkilatların, dövlət qurumlarının rəhbərləri, gənclər təşkilatları və media nümayəndələrinin iştirakıyla keçirilən tədbirdə Forumun xatirə mükafatları Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Xarici İşlər Nazirliyi, "Xocalıya Ədalət" Beynəlxalq təşviqat kampaniyası, Trend İnformasiya agentliyi və digər qurumlara təqdim edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31