Şizofreniya insanın həqiqət və yuxunu ayırd edə bilmədiyi ruhi xəstəlikdir
29 Avqust 2018 16:39 Sosial"Şizofreniya kişilərdə qadınlara nisbətən daha tez özünü biruzə verir"
Davamlı qorxu, iradəsizlik, hallüsinasiyalar, dağınıq davranış, dağınıq danışıq, neqativ əlamətlərlə müşaiət olunan şizofreniya haqqında ən çox danışılan ruhi xəstəlikdir. Müxtəlif mədəniyyətlərdən əldə olunan məlumatlar bu xəstəliyin qədim dövrlərdən bəri var olduğunu göstərir. Şizofreniya termini 1911-ci ildə isveçrəli psixiatr Eugen Bleuler tərəfindən ortaya çıxıb. Məşhur hollandiyalı rəssam, şizofreniyadan əziyyət çəkən Vinsent Van Qoq isə bundan 20 il əvvəl- 1890-cı ildə intihar etmişdir. Məşhur rəssam özünün şah əsəri olan "Ulduzlu gecə" adlı rəsmini də məhz xəstəlikdən əziyyət çəkən vaxtlarda ərsəyə gətirmişdir.
Bu xəstəlik müxtəlif vaxtlarda bir çox rejissor və ssenaristə ilham vermiş və şizofreniya, yaxud obrazlıı şizofrenik olan bir çox filmlər ekranlaşdırılmışdır.
Bu filmlərdən ən məşhuru 2001-ci ildə rejissor Ron Hovard tərəfindən çəkilmiş, baş rollarını Rassel Krou, Ed Harris kimi məşhur aktyorların canlandırdığı Nobel mükafatı laureatı Con Neşin həyatından bəhs edən "Ağıl oyunları" filmidir. Filmin ən maraqlı məqamlardan birində Nash-ın xəyalını gördüyü dostu və onun yanındakı balaca uşaqla söhbət zamanı qız quşlar tərəfə qaçır, lakin quşların heç biri tərpənmir. Bu rejissorun tamaşaçıya ötürdüyü kiçik mesajlardan biridir. Film 4 əsas istiqamətdə Oskar mükafatı və Qızıl Qlobus, BAFTA, Qızıl Qartal kimi mükafatlar qazanmışdır.
2014-cü ildə ekranlaşdırılan, rejissorluğunu David Zellnerin etdiyi "Kumiko" filmi də bu cür filmlərdən biridir. Filmin baş qəhrəmanı Kumiko Tokioda sadə həyat tərzi ilə yaşayan bir qızdır. Kumiko bir gün izlədiyi Fargo adında bir filmdə bir kişinin yol kənarında oğurladığı pulları basdırdığını görür. Filmdə göstərilən məkanda həqiqətən pul olduğuna inanan qız Tokionu tərk edib birbaşa ABŞ, Minnesota-ya yollanır.
1991-ci ildə Terry Gilliam tərəfindən çəkilmiş "The Fisher King" (Balıqçı kral) filminin baş rollarını Robin Williams ve Jeff Bridges kimi məşhur aktyorlar canlandırıb. Jack etdiyi bir xətadan sonra intihara meyilli bir əyyaşa çevrilir. Bir gün qarşılaşdığı bir şizofrenik onun həyatını başqa istiqamətdə yönləndirməyə başlayır. Film 5 nominasiyada Oskara namizəd olub.
Şizofreniya düzgün müalicə ilə idarə oluna bilən ömürlük bir xəstəlikdir
Mövzu ilə əlaqədar psixoloq Alidə Əhmədova Olaylar.az-a açıqlamasında bildirib ki, şizofreniya bir insanın nəyin həqiqət,nəyin yuxu olduğunu ayırd edə bilmədiyi ruhi xəstəlikdir: "Şizofreniya sözünün mənşəyi iki yunan sözü - "parçalanma" və "fikir" deməkdir. Bu xəstəlik irsi sayıla bilər və xəstəliyi təyin edən tibbi bir test üsulu yoxdur. Şizofreniya müşahidə ilə olan simptomlar əsasında 6 aydan sonra təyin edilir. Bu diaqnozu mütləq bu sahə üzrə ixtisaslaşmış həkim psixiatr qoymalıdır. Bu simptomlara paranoid, eşitmə hallüsinasiyaları, düşüncə problemi, əqli çatışmazlıq və.s kimi təhlükəli hallar daxildir.
Psixoloqun sözlərinə görə, şizofreniya yavaş-yavaş başlanır və ilk simptomlar 16 ilə 30 yaş arasındadır. Kişilərdə isə qadınlara görə daha tez özünü büruzə verir.
Alidə Əhmədova şizofreniyanın başlıca əlamətlərinə halüsinasiyaları (eşitmə və ya olmayan şeyləri görmə), delusiyaları (qeyri-real inanclar) və qəribə hərəkətləri qeyd edib.
Duyğularını göstərmək və özünü ifadə etmək onlar üçün çətindir
Psixoloq bildirib ki, şizofreniya bir növ depressiyaya bənzəyir: "Şizofreniyanın müalicəsində həkimin və ailənin səbirli, təmkinli və ümidli olması lazımdır. Müalicəyə nə qədər tez başlanılarsa onun effekti bir o qədər yüksək olacaq. Bu xəstəliyin müalicəsində əsas istifadə olunan dərman peraparatları antipsixotik və ya neyroleptik adlanan dərman qrupudur. Bu dərmanlar bu sahə üzrə ixtisaslaşmış həkim psixiatr tərəfindən təyin edilir".
O qeyd edib ki, həkimin tez-tez dəyişdirilməsi halında patientin müalicəsinin uğursuzluqla nəticələndirilməsi ehtimalı yüksəkdir: "Xəstənin güvənə biləcəyi, hörmət və bağlılıq duyduğu bir həkimin dəyişdirilməsi xəstənin müalicəsini olduqca geri sala bilər. Davamlılıq və güvənli bir mühit olmadan şizofreniyanın müalicəsində heç bir uğurlu nəticədən söhbət gedə bilməz.
Şizofreniyalı şəxs öz mənliyini və etibarını ağır dərəcədə itirib
Alidə Əhmədova bildirib ki, şizofreniya daşıyıcıları üçün daha çox ictimai, ailə mühitinə yaxın bir mühitdə, cəmiyyətdən uzaqlaşmadan yaşaya biləcəyi bir mühit lazımdır: "Şizofreniyalı şəxs öz mənliyini və etibarını ağır dərəcədə itirib. Ona görə ətrafla bağlı qayğıları çoxdur. Bu səbəblə ünsiyyətdən qorxar və qaçar, öz dünyasına bağlanar. Amma bir tərəfdən də ünsiyyətə ehtiyacı var. Bu ehtiyac və qorxu içində insanlarla əlaqə yarada bilmirlər. Əlaqə yaratmaq istədikcə qorxuları artar və əlaqə yaratmaq çətinləşər. Bu vəziyyətdə güvənə biləcəyi insanların ətrafında olması xəstəyə daha uğurlu nəticə almasında kömək edəcək.
Psixoloq vurğulayıb ki, bu problemi yaşayan şəxslərə qısa müddətdə nəticə ala bilməyincə xəstəni yarı yolda qoymayan təmkinli bir psixoterapevt lazımdır. Şizofreniyada xəstənin fərdi vəziyyətinə görə nizamlanmış dəstəkləyici, çox uzun davamlı psixoterapiya müddəti düşünülməlidir.
O son olaraq qeyd edib ki, şizofreniyalıların bir hissəsi xəstəliyi qəbul etməzlər və müalicəni rədd edərək həkimə müraciət etməkdən imtina edərlər. Müalicəni qəbul etməyən xroniki şizofreniyalı xəstə ailəyə zərər verə bilər. Bu səbəblə həkim ailə ilə də görüşməli, onlara dəstək olmalı, lazımlı xəbərdarlıqları etməlidir.
Nigar Orucova