Cavid İmamoğlu: “İslam dini xeyriyyəçiliyi təbliğ edir”
29 Avqust 2018 15:53 SosialFazil Qəzənfəroğlu: "Ziyarət etmək və ya kiməsə dəstək olmaq hər kəsin şəxsi işidir"
Son günlər sosial şəbəkələrdə kimlərinsə dəfələrə Həcc ziyarətində olmağı müzakirə olunur. Digər tərəfdən də tədris ilinin başlanması və maddi sıxıntılar səbəbi ilə təhsil haqqlarını ödəyə bilməyən, məktəb ləvazimatları ilə təmin oluna bilməyən şagirdlər var. Sosial şəbəkə hesablarında dəstək xarakterli çağırışlar bəzən cavabsız qalır.
Sosioloq Cavid İmamoğlu bildirir ki, İslam dininin vacib əməllərindən biri müsəlmanların imkan daxilində Həcc ziyarətində iştirak etmələridir: "Amma dəfələrlə müşahidə edirik ki, insanlar bir neçə dəfə Həcc ziyarətində olurlar. Burada belə sual meydana gəlir ki, yaxşı olmazmı ki, biz Həcc ziyarətinə xərclədiyimiz pulu ehtiyacı olana, Həcc ziyarətində olmaq istəyən imkansız insanlara sərf edək. Təbii ki, müstəhəb Həcc vacibdir. Biz dəfələrlə bu ziyarəti gercəkləşdirən insanlardan bəhs edirik".

Sosioloqun fikrincə, bu gün hər bir kəsin ətrafında olan ehtiyaclı insanların problemlərinin həllində köməklik etmək kimi sosial məsuliyyəti var: "Bir neçə dəfə Həcc ziyarətinə 10 -15 min manat sərf edən insan ehtiyacı olan hansısa insanın problemini həll edər, bir tələbənin təhsil haqqını, hansısa məktəblinin təhsilini, kiminsə sağlamlıq xərclərini qarşılaya bilər. Biz sosial cəmiyyət qurmaq, insan münasibətlərinin yaxşılaşmasını istəyiriksə bir-birimizə dəstək olmalıyıq. Tarixən dini şəxslər, müsəlmanlar xeyriyyəçilik ənənələri ilə öndə olublar. Azərbaycanda hər zaman xeyriyyəçilik ənənələri dindar şəxslərin adları ilə bağlı olub. Bu ondan irəli gəlir ki, İslam dini xeyriyyəçiliyi təbliğ edir. Peyğəmbərdən imamlara qədər hər kəs xeyriyyəçilik ruhunu təbliğ edib. Təbii ki, bu gün bu ənənəni davam etdirmək, başqa istiqamət almasına imkan verməməliyik".
Milli Məclisin deputatı Fazil Qəzənfəroğlunun fikrincə hansısa tələbənin yaxınları restoranda araq içirsə, yaxud da müxtəlif yerlərə israfçılıq edirlərsə, niyə dəfələrlə ziyarətə gedən bir insan hansısa tələbəyə dəstək olmalıdır: "Düşünürəm ki, bunu Həcclə əlaqələndirmək doğru deyil. Bu ziyarət insanın mənəvi haqqıdır və şəxsi işidir. Hər kəs öz yığdığı pulla ziyarətini gerçəkləşdirir. Burada iradı dəfələrlə əyləncə məkanlarına gedən insanlara ünvanlamaq olar. Həcc ziyarəti ibadətdir. İbadətə görə irad bildirmək doğru deyil. Kiməsə pulunu ora yox, bura xərclə demək nə dərəcədə doğrudur? Bəlkə, dəfələrlə bu ziyarəti edən insanın özü tələbə oxutdurur? Biz bunu bilə bilmərik".

Milli Məclisin deputatı dəfələrlə Həcc ziyarətinə getməyin əleyhinə olduğunu qeyd edir: "Amma kimsə istəyirsə on dəfə gedir və bununla bərabər beş tələbəyə, şəhid ailəsinə, hansısa qonşusuna, qohumuna yardım edir. Biz insanın daxili düşüncəsini bilə bilmərik. Ona görə də Həcc ziyarətinə getməklə kiməsə dəstək verməyi, yardım etməyi bərabərləşdirmək qüsurlu yanaşmadır. Cəmiyyətdə belə bir fikir yaranıb ki, ora gedib mənasız ibadətlə məşğul olmaqdansa, kiməsə pul vermək daha savabdır. Ziyarət etmək və ya kiməsə dəstək olmaq hər kəsin şəxsi işidir. Bəlkə insan mənəvi rahatlığını elədiyi ziyarətlərdə tapır. Sadəcə cəmiyyətdə bunu ənənəyə çevirmək lazımdır ki, insanlar restoranda, əxlaqsızlıq yuvalarında xərclədikləri pulları tələbələrə xərcləsinlər".
Nigar Adil