“Yaxşı olar ki, bizim fermerlər öz buğda sortlarımızı əksinlər”
Cavanşir Təlai: “Kooperasiya yaranarsa, təsərrüfatlar böyüyər”
29 Avqust 2018 14:17 SosialCavanşir Təlai: "Kooperasiya yaranarsa, təsərrüfatlar böyüyər"
Azərbaycan iqtisadiyyatının aparıcı sahələrindən biri olan taxılçılıq son dövrlərdə sürətlə inkişaf etməkdədir. Nəzərə almaq lazımdır ki, bu sahənin inkişafı ərzaq təhlükəsizliyinin təmin edilməsilə yanaşı, həm də yeni iş yerləri deməkdir. Bu isə məşğulluğun artırılması və insanların maddi şəraitinin yaxşılaşdırılmasına mühüm töhfə verir. Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Cavanşir Təlai bildirib ki, texnologiyalar da, imkanlar da ildən-ilə dəyişir, genişlənir. Yeni texnologiyalar olmadan, elmi nailiyyətlərdə böyük uğurlar əldə etmək mümkün deyil. Dünya Bankı ilə Kənd Təsərrüfatı Nazirliyinin birgə həyata keçirdiyi "Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi" layihəsi çərçivəsində institutun maddi-texniki bazasının yeni avadanlıqlarla zənginləşdirilməsi Əkinçilik Elmi-Tədqiqat İnstitutunun fəaliyyətinə böyük dəstəkdir: "Əvvəlcə onu qeyd edim ki, dənin keyfiyyəti və toxumun keyfiyyəti kimi müxtəlif anlayışlar mövcuddur. Dənin keyfiyyəti onun yapışqanlılıq və başqa bu kimi xüsusiyyətlərini yoxlamaqdır, toxumun keyfiyyəti isə onun təsərrüfat yararlılığı ilə müəyyənləşir. İnstitutumuza həm dənin, həm də toxumun keyfiyyətinin müəyyən olunması üçün müxtəlif avadanlıqlar alınıb. Elastikliyin yoxlanılması, dənin sayılması üçün avadanlıqlar dənin keyfiyyətini ölçmək üçün əldə etdiyimiz cihazlardandır. Taxılın nəmliyinin müəyyənləşdirilməsi üçün alınan portativ cihaz bizə taxılı biçmədən tarlada nəmliyini öyrənmək imkanı yaradacaq. Yeni alınmış toxum cücərmə kabinələri toxumun keyfiyyətini müəyyənləşdirmək üçün vacib avadanlıqlardan sayılır".
C.Təlai bildirib ki, hazırda bərk buğdanın keyfiyyətini öyrənmək və Azərbaycanda buğdanın bu növünün geniş əkilməsini sınaqdan keçirmək nəzərdə tutulur: "Ölkəmizin iqlimi bərk buğda üçün münasibdir. Dünya bazarında bərk buğdanın qiyməti çörəklik buğdanın qiymətindən 2 dəfə artıqdır. Sınaqlarımız uğurlu olarsa, bərk buğdanın istehsalını və emalını artıra bilsək, əsas ixracatçılarından biri də biz ola bilərik. "Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi" layihəsi çərçivəsində bizə bərk buğdanın üyüdülməsi üçün dəyirman alınaraq verilib. Bizimlə əməkdaşlıq müqaviləsinin bir komponenti də seleksiya ilə bağlıdır. Biz ildə 15000-20000 seleksiya materialı üzərində tədqiqat aparırıq. Bunun da mərhələləri var. Ən son mərhələdən keçən toxumları qeydiyyata alırıq. Biz əvvəllər seleksiya materialları üzərində iş apardıqda sünbülü primitiv dərzlə döyərdik. Bu da müxtəlif seleksiya materiallarının bir-birinə qarışmasına səbəb olardı. İndi Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsinin yardımı ilə primitiv dərzimiz müasir sünbüldöyənlərlə əvəzlənib. Bundan başqa, bizə seleksiya fəaliyyətimiz üçün 2 kombayn verilib. Seleksiyayönümlü bu kombaynlar materialların seçilməsində bizə rahat işləmək imkanı verəcək. Əgər əvvəllər bitkilərin bir-birinə qarışmaması üçün bir sahədən digərinə keçəndə bir qədər sahəni biçib, yığılan taxılı atırdıqsa, indi bu kombaynlar bizə itkisiz işləmək imkanı verəcək".
Onun sözlərinə görə, hazırda 6 təsərrüfat var və seleksiya işləri həmin təsərrüfatlarda aparılır: "Bu təsərrüfatlarımız üçün toxumtəmizləmə avadanlıqları alınması çox vacib idi. Çünki toxumun müasir tələblərə cavab verməsi aktual problemlərdən biridir. Köhnə avadanlıqlarla təmiz toxum almaq üçün onu biz bir neçə dəfə təmizləyici avadanlıqdan keçirirdik. Bu da həm çox vaxt, həm də enerji tələb edir. Yeni məntəqələr müasir texnologiyalar hesabına yenilənərsə, toxumun qiyməti düşə bilər. Bir neçə gün əvvəl iri taxılçılıq şirkətlərindən biri bizim "Qobustan" sortunu və xarici sortları keyfiyyət göstəricilərinə görə sınaqdan keçirib. "Qobustan" sortunun zülalı və yapışqanlığı analiz nəticələrində yüksək çıxdığından doğruluğuna şübhə yaranıb. Öz nəticələrinin doğruluğuna əmin olmaq üçün nümunələri Avstriyaya da göndəriblər. Nəticələr Avstriyada da təsdiqlənib. Doğrudan da Azərbaycanın iqlim şəraiti buğdada zülalın yüksək miqdarının toplanmasına imkan verir. Çünki bizdə günəşli günlərin sayı çoxdur".
C.Təlai əlavə edib ki, buğdada yapışqanlığin deformasiya indeksi deyilən bir göstərici var: "Bu göstərici ilə 1-ci keyfiyyət qrupuna düşmək bizdə çətindir. Nəticə günəşli günlərin sayından, intensivliyindən, vaxtından asılıdır. Məsələn, Rusiyada və eləcə də Qərbi Avropa ölkələrində yay aylarında temperatur tədricən qalxmağa başlayır. Bizdə isə may ayında birdən-birə istilər düşür və nəticədə məcburi yetişmə baş verir. Bu isə zülalın strukturunda pozuntulara gətirib çıxarır. Ona görə də Rusiyadan gətirilən buğda toxumları yalnız həmin ilin keyfiyyət göstəricilərinə görə dövlət standartlarına cavab verir. Həmin sort növbəti ilin məhsulu üçün əkildikdə görürük ki, göstəricilər dəyişir. Ancaq bu, o demək deyil ki, 1-ci keyfiyyət qrupuna düşməyən buğdadan çörək bişirmək olmaz. Bizim 2-ci keyfiyyət qrupuna düşən buğdalardan da çox yüksək keyfiyyətli çörək alınır. Ətrinə də, dadına da söz ola bilməz. Hər bir sortdan - söhbət çörək bişirməyə yararlı yumşaq buğdadan gedir - taxıl yığılan kimi çörək bişirmək olmaz. Taxıl bir müddət saxlanılmalıdır. Buna "yığımdan sonrakı yetişmə dövrü" deyilir. Bu vaxt sortun bioloji xüsusiyyətindən asılı olaraq, 10 gün də ola bilər, 1-2 ay da. Yığılmış taxıl bu müddətdə anbar şəraitində yetişməlidir. Çünki məhsul yığımdan dərhal sonra lazımi göstəriciləri almır. Fermerlər də buğdanı bir müddət saxlamalıdır. Məsələ orasındadır ki, kiçik fermerlərin yeri yoxdur. Olsa da, dezinfeksiya və dezinseksiya vasitələrindən istifadə edilmir. Havalandırma şəraitinə, temperatura, rütubətə nəzarət edilməlidir, zərərverici və gəmiricilərdən qorunmalıdır. Buğdanın rüşeymi zədələndisə, o, istifadəyə yararsızlaşır. Amma böyük şirkətlər belə şəraiti yarada bilirlər. Taxıl elevatorlarda saxlanılır. Orada qeyd etdiyim göstəricilər də avtomatlaşdırılmış şəkildə tənzimlənir. Buğdanın saxlanma şəraitini təmin etmək üçün də fermer vəsait xərcləməlidir. Digər tərəfdən, bu il qiymətlər münasibdir. Baxmayaraq ki, məhsuldarlıq yüksəkdir, buğdanın qiyməti 30 qəpiyədək qalxıb. Bizdəki qiymət artıq dünya bazarındakı qiymətə çatıb".
Onun bildirdiyinə görə, buğda strateji məhsul sayılır,- ərzaq səbətində çörək ilk yerdə durur: "Bizim təbii şəraitimiz də bu vacib məhsulu yetişdirməyə imkan verdiyinə görə xoşbəxt ölkələrdən sayıla bilərik. Bizdəki buğda məhsuldarlığını Avropa ölkələri ilə müqayisə etsək, onlarda məhsuldarlığın yüksək olduğunu görərik. Xüsusilə, Almaniyada, Fransada hektardan 60-80 sentner məhsul yığılır. Buna həmin ölkələrin iqlim şəraiti imkan verir. Amma bizim də müəyyən fərqimiz var. Azərbaycanda buğdanın vegetasiya dövrü ildən asılı olaraq Aran bölgələrdə 215-230 gün arasında davam edir, yəni məhsul tez yetişir. Amma Qərbi Avropa ölkələrində isə bu dövr 260 gündən çox davam edir. Belə gec yetişdiyinə görə də məhsul lazımi kondisiyaya çatır, bitki məhsuldar və keyfiyyətli olur. Rusiyanın Krasnodar diyarında buğdanın orta məhsuldarlığı 55 sentnerdir. Amma ümumilikdə Rusiya üzrə orta məhsuldarlıq son beş ildə 23-32 sentner təşkil edib. Xarici ölkələrdə yüksək məhsuldarlıq göstəricisi olan sortları Azərbaycanda əksək, eyni göstəricini verməyəcək. Səbəbi də, yenə təkrar edirəm, torpaq və iqlim şəraitidir. Ona görə də yaxşı olar ki, bizim fermerlər öz buğda sortlarımızı əksinlər. Bu sortlar bizim zona, torpaq və iqlim şəraitimizə uyğun olaraq yetişdirilib. Buğdanın müxtəlif həyat tərzləri var - payızlıq, yazlıq və fakultativ buğdalar. Hər bir dövrdə inkişafı normal gedən sort əkilməlidir. Məsələn, payızlıq buğdanı yazda əksən, sünbül verməyəcək. Fazalar arasındakı inkişaf normal getdikdə, məhsul normal yetişir, məhsuldarlıq da, keyfiyyət göstəricləri də yüksək olur. Odur ki, biz mütləq kooperasiyaya getməliyik. Xırda torpaq sahibləri güclərini birləşdirməlidir. Təəssüf ki, fermerlər sözlərini bir yerə qoya bilmirlər. Beləliklə torpaq sahələrinin strukturu pozulur. Məsələn, məlumatlı fermerlər taxılı biçən kimi sahəni şumlatdırırlar. Digərləri yox. Bütöv sahəyə baxırsan, bəzi hissələr şumlanıb, bəziləri yox - belə nizamsız fəaliyyətlə torpağı yandırırlar. Belə hallar torpağın mikroflorasının məhv olmasına gətirib çıxarır. Halbuki, keyfiyyətli məhsul üçün torpağa azot, kalium, fosfor mütləq verilməlidirlər. Bizim kiçik fermerlər ancaq azot verirlər və tək azot da torpağı korlayır. Heç olmasa, torpağa üzvi gübrə, məsələn peyin də vermirlər. Kooperasiya yaranarsa, təsərrüfatlar böyüyər və torpağın rütubətini saxlamaq üçün qara herik də saxlamaq olar, torpağı dincə də qoymaq olar".
Nurlan