Gəncədə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının təqdimatı keçirilib
21 Avqust 2018 13:37 SosialAzərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) sədri, departament rəhbərləri və assosiasiyaya üzv olan təşkilat rəhbərlərinin iştirakı ilə Gəncə şəhərində sahibkar qadınlar və ictimaiyyətlə görüş keçirilib. "OLAYLAR"-a daxil olan məlumata görə, AQSİA-nın sədri Səkinə Babayeva tədbir iştirakçılarını salamlayaraq, günümüzdə qadın sahibkarlığı və onun inkişafı, assosiasiyanın təsis olunması məqsədi və gələcək planlar, layihələr haqqında geniş məlumatlar verib. Həmçinin S.Babayeva bildirib ki, assosiasiya regionlarda fəaliyyətini genişləndirmək, qadınlar arasında sahibkarlığı təşfiq etmək üçün regionlara silsilə səfərlərə başlayıb. "İlk səfər Gəncə şəhərinədir. Bu da təsadüfi deyil. Bildiyiniz kimi cari ildə Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi qeyd edilir. Gəncə isə cumhuriyyətin ilk paytaxtı, ölkənin ikinci və ən qədim şəhəri, mədəniyyət beşiyidir. İnanırıq ki, Gəncəmizdə sahibkar qadınların sayının artmasına gələcək fəaliyyətlərimizlə müvəffəq olacağıq" deyə sədr bildirib.