Qurban bayramı münasibətilə avqust ayı üzrə pensiyaların maliyyələşdirilməsi təmin edilib
16 Avqust 2018 15:53 SosialƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən Qurban bayramı münasibətilə avqust ayı üzrə pensiyaların qrafikdən əvvəl maliyyələşdirilməsi təmin edilib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Fond avqustun 9-da Naxçıvan Muxtar Respublikası, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, 10-da respublika tabeli şəhərlər və əhalisi məcburi köçkün olan rayonlar, 15-də respublikanın digər rayonları üzrə pensiyaların maliyyələşdirilməsini həyata keçirib. Eyni zamanda, avqustun 16-da hərbi qulluqçular və xüsusi rütbəli şəxs kateqoriyasından olan pensiyaçıların da təqaüdlərinin maliyyələşdirilməsi başa çatdırılıb.
Pensiyaların maliyyə təminatı üçün tələb olunan vəsaitin Fondun orqanlarının xəzinə hesablarına köçürülməsi başa çatdırılıb.