Abadlaşan və gözəlləşən Gəncəm - Teatrşünasın gözü ilə

Bu gün Ulu Şeyx Nizami yurdu olan qədim Gəncə sürətlə müasirləşir, abadlaşır, inkişaf edir və öz yeni simasına qovuşur. Xüsusi olaraq qeyd etmək lazımdır ki, bütün bunlar dövlət başçısı cənab İlham Əliyevin Gəncəyə olan tükənməz qayğısının bariz nümunəsi və nəticəsidir. Məhz Prezident İlham Əliyevin diqqət və qayğısı, proqram xarakterli tövsiyələrinin nəticəsi olaraq qədim Nizami yurdu olan Gəncə vaxtilə malik olduğu tarixi şöhrətini yenidən özünə qaytarıb, bölgənin əsas iqtisadi və mədəni mərkəzinə çevrilə bilib. Gəncə bu gün Azərbaycanın ən gözəl ünvanlarından biri olmaqla qloballaşan dünyamıza inamla qovuşan şəhər görkəmi alıb, mühüm sənaye mərkəzinə cevrilib.

Regionların sosial-iqtisadi inkişafı dövlət proqramının həyata keçirilməsi istiqamətində Gəncə kimi 4000 illik bir tarixi olan qədim və böyük bir şəhərdə son yeddi ildə aparılan işlərin həcmi o qədər böyükdür ki, bu barədə günlərlə söhbət acmaq olar. Bu istiqamətdə hər dəfə dövlət başçısının Gəncəyə olan səfərləri də xüsusi olaraq yaddaqalandır.

"İmamzadə" dini kompleksinin, Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasının, 4 nömrəli tam orta məktəbin, 16 nömrəli tam orta məktəbin, 32 nömrəli tam orta məktəbin, Mir Cəlal Paşayev adına 39 saylı tam orta məktəbin yeni korpusunun, 31 nömrəli körpələr evi-uşaq bağçasının, "Gəncə - 2016-cı il Avropa Gənclər Paytaxtı" parkının, "Gəncəçay" park-bulvar kompleksinin, "Nizami" yarımstansiyasının, Azərbaycan Dövlət Aqrar Universitetinin tələbə yataqxanasının, hərbi qulluqçular üçün inşa edilən şəhərciyin açılış mərasimləri ulu Gəncəmin müasirləşməsi və inkişafından, eləçə də günü-gündən gözəlləşən, abadlaşan görkəmi, geniş küçə və prospektləri, ənənələri qoruyub saxlamaqla qeyri-adi memarlıq üslubu ilə inşa edilən binaları və müzeylərindən xəbər verir. Gəncəmi gəzdikcə bu möhtəşəmliyə valeh olmamaq mümkün deyil. Bu yeni tarixi haqlı olaraq Gəncəmin qızıl tarixi  kimi adlandırmaq olar. Çünki tarix illərlə yazılır, tarix qiymət verir illərə.

Qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti tərəfindən 29 noyabr 2011-ci ildə imzalanan "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası barədə sərəncam ölkəmizin qarşısında duran bir sıra taleyüklü məsələlərin həlli istiqamətində xüsusi əhəmiyyətə malikdir. Belə ki, sənədə görə əsas hədəf çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişafın təmin olunması, əhalinin rifahının yüksək səviyyəyə çatdırılması, habelə elm, mədəniyyət və ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasından ibarətdir.

Bu gün Ulu Gəncəmin XVII əsr qan yaddaşı kimi tarix-memarlıq abidəsi sayılan "Şah Abbas" və "Uğurlu xan" karvansaralarının, eləçə də sonuncu dəfə XIX əsrdə bərpa edilən İmamzadə kompleksində yenidən yüksək səviyyədə,  keyfiyyətlə aparılan təmir-bərpa və tikinti işlərinin, həmçinin bununla yanaşı Gəncə şəhərinin mühüm tarixi və etnoqrafik abidəsi olan "Köhnə Səbiskar" qəbirstanlığının yerli memarlıq üslubu ilə bərpası və  geniş əraziyə malik mərasim evinin  inşa edilməsi, "Qızıl Hacılı" tarix-memarlıq abidəsinin əsaslı təmir və bərpası, habelə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və tanınmış maarifçi Mirzə Şəfi Vazehin muzeyinin yaradılması istiqamətində görülən işlər bu tarixi konsepsiyanın mahiyyət etibarilə Gəncəmə bəxş etdiyi töhvələridir.

Bütün bu sadalananlarla yanaşı son yeddi ildə eləçə də  görkəmli dövlət xadimi Əziz Əliyevin və Mustafa Kamal Atatürkün adını daşıyan prospektlərdə geniş abadlıq və quruculuq işləri aparıldıqdan sonra bu dahi şəxsiyyətlərin barelyefləri vurulub, Alban məbədində, "Zərrabi" poeziya teatrında əsaslı təmir işləri aparılıb, Nəriman Nərimanov, Fikrət Əmirov parkları yenidən qurulub, Mir Cəlal Paşayevin və İsrafil Məmmədovun ev muzeylərində, Ozan və Şərəfxanlı məscidlərində, Dövlət Kamera Teatrının binasında, uşaq evində, uşaq musiqi məktəbində əsaslı təmir işləri görülüb.

Bu gün Gəncədə möhtəşəmliyi ilə diqqəti cəlb edən tikintilərdən biri də Prezident İlham Əliyev tərəfindən 2012-ci ildə orijinal layihə əsasında təməli qoyulan və istifadəyə verilən Dövlət Filarmoniyasının binasıdır. Qeyd etmək lazımdır ki, bina şəhərin memarlıq görünüşünə xüsusi estetik gözəllik bəxş edir. Eləçə də bu mötəbər bina bir sıra mədəni tədbirlər, festivallar, həmçinin ölkə və beynəlxalq əhəmiyyətli müsabiqələrin keçirilməsi üçün əvəzsiz məkana cevrilib. Filarmoniya binasının inşasında Qərb Renessans arxitekturasının bir çox elementlərinin Şərq memarlıq ənənələri ilə üzvi şəkildə birləşməsi də xüsusi olaraq diqqəti cəlb edir. 1200 nəfərlik tamaşaçı auditoriyası üçün nəzərdə tutulan binada həm də iki kinozal, açıq havada yay estrada meydanı, eləcə də bir çox studiya və məşq otaqları var. Qeyd etmək lazımdır ki, yeni binada xalq çalğı alətləri ansamblı, xor, qədim musiqi alətləri ansamblı, simfonik musiqi alətləri orkestri, Göygöl Dövlət Mahnı və Rəqs Ansamblı, eləcə də bir çox musiqi kollektivləri və qrupları fəaliyyət göstərir.

Ölkə başçısı cənab İlham Əliyevin Gəncəyə olan hər bir səfəri xüsusi olaraq yaddaşlara həkk olur. Məhz 2014-cü ildə Gəncəyə olan növbəti səfəri də xüsusi əhəmiyyətə malikdir. Cənab Prezident yenə də bir sıra obyeklərin və binaların acılış, eləçə də yeni tikiləçək binaların təməlqoyma mərasimlərində iştirak edib. Bu səfər zamanı isə ümumi sahəsi 13.133.00 kv.m olan Gəncə Dövlət Dram teatrının yeni tikiləçək binasının təməlqoyma mərasimi xüsusi olaraq yaradıcı kollektivin böyük sevincinə səbəb olub. Qeyd etmək lazımdır ki, hələ XX əsrin 30-cu illərində Foreren qardaşları tərəfindən Caxır anbarı kimi fəaliyyəti nəzərdə tutulan sonradan teatr biansı üçün rekonstruksiya olunan Gəncə Dövlət Dram teatrı öz fəaliyyətini 1936-cı ildən başlayaraq bu günə kimi elə bu binada davam etdirir. Düzdür müstəqillik illərindən sonra bina dövlət tərəfindən bir necə dəfə əsaslı və cari təmir edilib. Lakin bu günə kimi ayrıca olaraq teatr binası Gəncədə tikilməyib. Məhz cənab Prezident İlham Əliyevin Gəncə mədəni həyatına göstərmiş olduğu diqqət və qayğının əyani təzahürü olaraq artıq 520 nəfər tamaşaçı auditoriyası üçün nəzərdə tutulan bina yaxın vaxtlarda teatrsevərlərin ixtiyarına veriləçək. Xatırladım ki, Gəncə Dövlət Dram teatrının yeni binasının layihəsinin sifarişçisi Gəncə şəhər İcra Hakimiyyəti və memarı isə Ramiz Hüseynovdur.

Xüsusi olaraq qeyd etmək lazımdır ki, Gəncədə hər zaman maariflənməyə, mütaliə etməyə böyük maraq olub. Şəhərimizin ziyalı gəncləri hər an kitaba böyük maraq göstərib. Elə bunun nəticədsidir ki, 2016-cı ildə ulu öndər Heydər Əliyevin adını daşıyan Mərkəzi meydanda Miniatür Kitab Muzeyinin Gəncə Filialı fəaliyyətə başlayıb. "Gəncəçay" park-bulvar kompleksində isə yeni inşa olunan Kitab Evi istifadəyə verilib, Uşaq Kitabxanası müasir səviyyədə yenidən qurulub. Bu tədbirlərin davamı olaraq Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Məhsəti Gəncəvi Mərkəzində Rusiya Federasiyasının kitabxana informasiya sahəsində tanınmış mütəxəssislərinin iştirakı ilə "Gənclər-İnnovasiyalar-Kitabxanalar" mövzusunda Azərbaycan-Rusiya elmi konfransı da böyük maraqla keçirilib.

Son yeddi ildə Gəncəmin uğurları bununla bitməyib. Hər zaman Ulu Şeyx Nizami irisinə, yaradıçılığına böyük hörmət, ehtiram və sədaqət nümayiş olunub. Bu ehtiramın əyani sübutu olaraq Nizami Gəncəvinin 870 illik yubileyi münasibətilə möhtəşəm işlər görülüb. Belə ki, Azərbaycan Milli Elmlər Akademiyası rəyasət heyətinin qərarı ilə Gəncə Regional Elmi Mərkəzinin nəzdində fəaliyyət göstərən Nizamişünaslıq şöbəsinin bazasında Nizami Gəncəvi Mərkəzi yaradılıb və "Nizamişünaslıq" jurnalı nəşr edilməyə başlanıb. Jurnalda ölkəmizdə və xaricdə yaşayan görkəmli nizamişünas alimlərin fundamental elmi, publisistik məqalələri nəşr edilir. Bu gün sözün əsl mənasında "Nizamişünaslıq" jurnalı Şeyx Nizami yaradıçılığı və irsinin daha da dərindən öyrənilməsi, tədqiqi, eləçə də bütün istiqamətlərdə nizamişünaslıq elminin koordinasiyası rolunu oynayır. Xüsusi olaraq qeyd etməliyəm ki, bu tədbirlərin davamı olaraq həmçinin Avstriya Milli Kitabxanasında, Saltkov Şedrin adına Rusiya Milli Kitabxanasında, Almaniya Milli Kitabxanasında, Böyük Britaniya Milli Kitabxanasında "Xəmsə" əlyazmalarının qorunan nadir nüsxələri şairin doğma vətəninə gətirilib.

Böyük mütəfəkkirlərlə bağlı tədbirlər planı təkçə bununla bitmir. Eləçə də Məhsəti Gəncəvi yaradıcılığının 900 illik yubiley tədbiri möhtəşəmliklə qeyd edilib. Yubiley tədbirləri sırasında şairənin 110 illüstrasiya və miniatürlərdən ibarət qorunan nadir nüsxələri doğma yurdu olan Gəncəyə gətirilib. Həmçinin görkəmli ingilis şərqşünası Pol  Smitsin Böyük Britaniya Milli Kitabxanasında qorunan Məhsəti Gəncəviyə həsr etdiyi 4 monoqrafiyası da Gəncəyə gətirilərək tərcümə etdirilib.

Hər zaman olduğu kimi qədim Gəncəm möhtəşəm quruculuğu və inkişafı, elmi-potensial qüvvəsi, iştirak etdiyi bir sıra möhtəbər yarışlarda qazandığı nailiyyətləri, bununla belə ev sahibliyi etdiyi mühüm beynəlxalq tədbirləri ilə də dünya səviyyəli şəhərə çevrildiyini nümayiş etdirə bilib. Bu baxımdan Azərbaycan, Bolqarıstan, Gürcüstan, Rumıniya, Rusiya, Serbiya, Türkiyə, Ukrayna, Yunanıstan respublika nümayəndə heyətlərinin iştirakı ilə Qaradəniz iqtisadi əməkdaşlıq təşkilatı parlament məclisinin iqtisadiyyat, ticarət, texnologiya və ətraf mühit məsələləri üzrə komitəsinin 41-ci iclasının Gəncədə baş tutması və bu qədim diyarın mötəbər tədbirə ev sahibliyi etməsi söylədiklərimizin bariz nümunəsidir.

Daha sonra Avropa Gənclər Forumunun təşkil etdiyi müsabiqədə Gəncənin Avropa Gənclər Paytaxtı seçilməsi respublikamız üçün əlamətdar bir hadisədir. Gəncə müsabiqənin final mərhələsində İspaniyanın Badajoz, Şimali İrlandiyanın Qalvay, İspaniyanın La Lagina, Bolqarıstanın Varna və Litvanın Vilnüs şəhərləri ilə mübarizə apararaq yekun turun nəticəsi olaraq münsiflər heyətinin qərarı ilə 2016-cı ilin Avropa Gənclər Paytaxtı adına layiq görülüb. Bu uğurlu qələbədən sonra Gəncədə "Avropa Gənclər Paytaxtı" adını daşıyan möhtəşəm bir park salınıb ki, öz gözəlliyi ilə gənclərin sevimli məkanına çevrilə bilib. Ümumi sahəsi 1,8 hektar olan parkın tamamilə yaşıllığa bürünməsi də gənclərin ürəyincədir. Dekoratik oturacaqlar və gecə işıqlandırma lampaları isə parka xüsusi gözəllik bəxş edir. Parkın mərkəzində hündürlüyü 5 metr olan "Gənclik qanadları" adlı abidə isə simvolik olaraq "Gəncə 2016 - Avropa Gəncələr Paytaxtı" layihəsinə dəstək məqsədini daşıyır. Gəncə şəhərinin 2016-cı ilin "Avropa Gənclər Paytaxtı" seçilməsi ilə əlaqədar silsilə tədbirlər sırasında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəylinin rəhbərliyi ilə Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestrinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbə-gənclərdən ibarət estrada orkestrinin konsertləri və digər bu kimi konsert proqramları şəhər ictimaiyyətinin böyük marağı ilə qarşılanıb.

Bütün bunlarla yanaşı 2016-cı ilin Azərbaycan Respublikasında "Multikulturalizm ili" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 11 yanvar 2016-cı il tarixli Sərəncamının icrasını təmin etmək məqsədi ilə Gəncə "İmamzadə" dini-mədəniyyət abidəsində keçirilən tədbir, həmçinin Məhsəti Gəncəvi Mərkəzində təşkil olunan "Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları" adlı kitabın müzakirəsinə həsr olunan konfrans, gənclərin iştirakı ilə dəyirmi masa və digər bu kimi tədbirlər böyük maraqla qarşılanıb.

25 sentyabr 2016-cı il tarixdə Müstəqil Dövlətlər Birliyinin yaranmasının 25 illiyi ilə əlaqədar MDB Dövlət Başçıları Şurasının Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən iclasında Gəncə şəhəri 2017-ci ilin Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı elan olunub. Qeyd etməliyəm ki, məhz bununla da Ulu Şeyx Nizami yurdu olan qədim Gəncəmin tarixi-mədəni irsinin öyrənilməsi, tədqiqi, eləcə də dahi şəxsiyyətlərinin geniş şəkildə oxuculara təqdim edilməsi baxımından böyük imkanlar açılıb.

Hər zaman olduğu kimi Gəncəmdə geniş quruculuq və abadlıq işləri böyük uğurla davam etdirilir. Bu quruculuq və abadlıq işləri zamanı şəhər sakinlərinin asudə vaxtlarının səmərəli şəkildə təşkil edilməsi üçün də bütün imkanlar nəzərə alınıb. Hələ ötən əsrin 80-ci illərinin əvvəllərində salınan Heydər Əliyev parkı bu gün müasir görkəmi ilə şəhər sakinləri, eləcə də yerli və xarici turistlərin ən çox müraciət etdiyi məkanlardan birinə cevrilib. Funksionallığı ilə seçilən parkda əyləncə, istirahət, həmçinin mütaliə üçün bütün imkanlar yaradılıb. Xüsusi olaraq qeyd etmək lazımdır ki, Heydər Əliyev park kompleksi bu gün dünyanın beş ən böyük parkı sırasındadır. Kompleksin park hissəsinin girişində dünya antik mədəniyyətinin təcəssümü olan Zəfər tağları ucalır. Parkda 3800 nəfər tutumu olan amfiteatr fəaliyyət göstərir, burada şəhər əhalisinin istirahəti üçün müxtəlif konsert proqramları təşkil olunur. 7 ha-ya yaxın ərazisi olan süni yaradılan göl isə parkın mənzərəsinə xüsusi gözəllik bəxş edir.  Eləcə də park ərazisində xüsusi yollar da yaradılıb ki, kirayələnən velosipedlərlə gəzintini reallaşdırmaq mümkün olsun. Bundan başqa parkda müasir incəsənət muzeyi və kafe də fəaliyyət göstərir. Kompleksin ən möhtəşəm tikilisi isə Heydər Əliyev Mərkəzidir. Park kompleksində fəaliyyət göstərən tikililər içərisində Heydər Əliyev Mərkəzi öz möhtəşəmliyi ilə xüsusi olaraq diqqəti cəlb edir. Mərkəzdə bir neçə şöbə fəaliyyət göstərir. Mərkəzin tikintisində şəhərsalma memarlığının son nailiyyətlərindən, həmçinin keyfiyyətli və müasir materiallardan istifadə olunub. Mərkəz perimetr boyunca səkkizbucaqlı sütunlarla əhatə olunub. Burada şüşədən müasir günbəz yaradılıb. Günbəzdə Azərbaycanın xəritəsini əks etdirən çılçıraq quraşdırılıb. 4500 kv.m sahədə yerləşən 21 metr hündürlüyü olan H. Əliyev  Mərkəzi 4 mərtəbədən ibarətdir. Mərkəzdə Heydər Əliyev Muzeyi, müxtəlif ornomentli xalçaların toxunduğu xalçaçılıq mərkəzi, rəqs dərnəyi, ikinci mərtəbədə isə yerli və dünya ədəbiyyat nümunələri ilə zəngin kitabxana, ideya-resurs mərkəzi və linqofon otağı da fəaliyyət göstərir. 3-cü mərtəbədə isə 300 nəfərlik konfrans zalı var. Həmçinin mərkəzdə ödənişsiz dil kursları fəaliyyət göstərir ki, bu təşəbbüsdən gənclərimiz hər zaman geniş şəkildə istifadə edə bilirlər.

"Zəfər Tağı" isə Gəncəyə xüsusi yaraşıq verir. Adətən "Zəfər Tağ"ları şəhərin girişində, küçənin sonunda, körpü başlanğıcında, qələbələrin və ya, vacib hadisələrin şərəfinə ucaldılır. Gəncə şəhərində "Zəfər Tağı" ulu öndərin adını daşıyan, dünyanın beş ən böyük parkı sırasına daxil olan Heydər Əliyev Park-Kompleksinin girişində Azərbaycanın qurtuluşu şərəfinə ucaldılıb.

Qeyd etmək lazımdır ki, ilk "Zəfər Tağı" eramızdan əvvəl 24-cü ildə Sezar Avqustun şərəfinə  tikilib. Bu günə qədər isə , dünyada 66 "Zəfər Tağı" inşa edilib. Onlardan 9-u təbii fəlakətlərdən, söküntülərdən və müxtəlif səbəblərdən dağıdılıb. Bu gün öz mövcudluğunu qoruyub saxlayan 57 "Zəfər Tağı" mövcuddur.

Gəncənin "Zəfər Tağı" hündürlüyünə və istifadəliliyinə görə dünyadakı "Zəfər Tağ"larının dördüncüsü  hesab edilir. "Zəfər Tağı"nın hündürlüyü 40 metr, uzunluğu 50 metr, eni 22 metrdir. 1100 kvadrat metr sahəni əhatə edən "Zəfər Tağı" 7 mərtəbədən, 6 açıq eyvandan ibarətdir. "Zəfər tağı"nda ərazini ətraflı seyr etmək üçün 30 metr hündürlüyündə meydança da var. Meydançaya pilləkanlar və ya liftlə qalxmaq mümkündür.

Dünya antik mədəniyyətinin təcəssümü olan "Zəfər Tağı" qədimiliklə müasirliyin sintezində inkişaf edən Şeyx Nizami yurduna xüsusi yaraşıq verir və hər bir Gəncə sakininin qüruruna çevrilib.

Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, Gəncə şəhərində ilk dəfə yeni və müasir standartlara cavab verən "Cinema Plyus" Premium kinoteatrı da yaradılıb. Artıq gəncəlilər rahat şəkildə "Cinema Plyus" kinoteatrında sevdikləri filmlərə baxa bilirlər.

Hər il ənənəvi Gəncə günlərinin, Cavad xanın xatirə gününün böyük təntənə ilə keçirilməsi, eləçə də Beynəlxalq Şərab Festivalının təşkili maraqla qarşılanır.

Bu gün də qədim Gəncəmin uğur və nailiyyətləri davam edir. Ulu Şeyx Nizami yurdu abadlaşır və müasirləşir.

Anar Bürcəliyev

Teatrşünas

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31