“Azərbaycan tərcümə ensiklopediyası” təqdim edilib

Azərbaycan Dillər Universitetində “Azərbaycan tərcümə ensiklopediyası”nın təqdimat mərasimi keçirilib. Tədbirdə kitabın ideya müəllifi, ADU-nun rektoru, akademik Kamal Abdulla 10 ildən çox müddətdə tərtib edilən bu əsərin əsl bilik xəzinəsi olduğunu vurğulayıb. Azərbaycan ədəbiyyatında praktik tərcümə ilə bağlı vacib şəxslərin, əhəmiyyətli əsərlərin bu kitabda unudulmadığını bildirib.

Azərbaycan Dillər Universitetində "Azərbaycan tərcümə ensiklopediyası"nın təqdimat mərasimi keçirilib.

Tədbirdə kitabın ideya müəllifi, ADU-nun rektoru, akademik Kamal Abdulla 10 ildən çox müddətdə tərtib edilən bu əsərin əsl bilik xəzinəsi olduğunu vurğulayıb. Azərbaycan ədəbiyyatında praktik tərcümə ilə bağlı vacib şəxslərin, əhəmiyyətli əsərlərin bu kitabda unudulmadığını bildirib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, dövlət sərəncamlarının, sənədlərin, "Dünya ədəbiyyatı kitabxanası"na daxil edilmiş əsərlərin siyahısının yer aldığı bu kitab tərcümə sənəti və tərcümə elminə, Azərbaycan tərcümə tarixinə dair bir çox önəmli məqamları özündə ehtiva edir. Vurğulanıb ki, bu ensiklopediya Azərbaycan tərcüməşünaslığına dair ilk monoqrafik tədqiqatdır. Kitabın elmi və tədris baxımından əhəmiyyətindən danışan İ.Həbibbəyli qeyd edib ki, bu əsər həm də Azərbaycan ensiklopediya yaradıcılığında yenilikdir.

Akademik Möhsün Nağısoylu, akademik Muxtar İmanov, professor Cəlil Nağıyev, professor Adil Babayev, professor Aydın Ələkbərov, Rövşən Əliyev, Bənövşə Məmmədova, Leyla Əliyeva, Etibar Əliyev, Yusif Savalan, tələbə və magistrlar təqdim olunan kitabın məziyyətlərindən danışıb, nəşri mühüm mədəni hadisə kimi dəyərləndiriblər.

Qeyd edək ki, kitabın redaksiya heyətində Kamal Abdulla (baş redaktor), Anar, Leyla Əliyeva (məsul katib), Rövşən Əliyev, Rüstəm Hacıyev, İsa Həbibbəyli, Muxtar İmanov, Teymur Kərimli, Afaq Məsud, Azər Mustafazadə, Möhsün Nağısoylu, Tofiq Nağıyev təmsil olunurlar. Rəyçilər filologiya elmləri doktorları, professorlar Cəlil Nağıyev, Aydın Ələkbərov və Lidiya Qranovskaya, filologiya üzrə fəlsəfə doktoru Etibar Əliyevdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31