“İşıq sönən zamanda hər hansı bir ölüm faktı qeydə alınmayıb” - Səhiyyə Nazirliyi

"100 körpənin ölməsi nağıldır"

İki gün öncə gecə yarısı Mingəçevir İstilik Elektrik Stansiyasında (İES) baş vermiş qəza ölkənin bir çox bölgələrini, o cümlədən paytaxt Bakını zülmətə qərq etmişdi. Sosial şəbəkələrdə həmin gecə paytaxtdakı xəstəxanalarda 100 körpənin öldüyü barədə şayiələr də yayıldı. Bu şayiələrə inananlar az olsa da, ictimaiyyətdə müəyyən qədər narahatlığa səbəb oldu. İddialara görə, ölən körpələr əsasən küvezə yerləşdirilən yeni doğulmuşlar olub.

Məsələyə aydınlıq gətirmək üçün əməkdaşımız Səhiyyə Nazirliyinin mövqeyini öyrənməyə çalışıb. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova yayılan şayiələrin həqiqəti əks etdirmədiyini bildirib:

"Yüz uşağın ölümü nağıldır. Adi bir insanın, fərqi yoxdur, uşaq ya böyükdür, onun ölümünü necə gizlətmək olar? Sosial şəbəkələrin, internet resurslarının inkişaf etdiyi bir dövrdə bu cür olayı gizlətmək mümkün deyil. Bunu niyə edirlər, insanlar arasında niyə panika yaradırlar, anlamıram.

Səhiyyə Nazirliyinin balansında olan bütün xəstəxanalarda generatorlar var. Elektrik kəsildiyi andan bir neçə saniyə sonra generator avtomatik olaraq işə düşür. Həmin gecə də elektrik enerjisinin verilişi dayandıqdan sonra tibb müəssisələrində generatorlar avtomatik olaraq işə düşüb və həmin saatlarda xəstəxanalarda yüzlərlə əməliyyat həyata keçirilib.

Ümumiyyətlə, həmin gecə elektrik enerjisinin verilişində yaranan məhdudiyyətlər zamanı hər hansı bir ölüm faktı qeydə alınmayıb".

Səfayə Əhmədova sosial şəbəkələrdə paytaxtdakı 1 saylı Kliniki Tibbi Mərkəzlə bağlı yayılmış iddialara da aydınlıq gətirib:

"Sosial şəbəkələrdə bu xəstəxana ilə bağlı şayiələr yazılıb. Bildirilir ki, reanimasiyada xəstələr işıqsız qalıb. Lakin qeyd etdiyim kimi, bütün xəstəxanalarda, o cümlədən 1 saylı Kliniki Tibbi Mərkəzdə 4 generator var. Sadəcə, həmin gecə generatorların biri bir neçə dəqiqəlik sıradan çıxıb. Lakin mərkəzin əməkdaşları dərhal onu yenisi ilə əvəzləyib. Bu müddətdə isə digər generatorlardan istifadə olunub. Yəni reanimasiyada və avadanlıqların elektrik təchizatında heç bir problem yaşanmayıb".

Nazirliyin əməkdaşı ötən gün axşam saatlarında enerji təminatında yaranan problem zamanı metrolarda halı pisləşən sərnişinlər haqqında da məlumat verib:

"İyulun 3-dən etibarən metro stansiyalarının fəaliyyətində yaranan problemlə bağlı olaraq, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin xüsusi briqadaları Bakı metropoliteninin stansiyaları qarşısında və avtobus marşrutlarının daha çox işlək ərazilərində yerləşdirilib.

Enerji təminatında yaranan problem zamanı metrolarda halı pisləşən 19 nəfər təcili tibbi yardım xidmətinə müraciət edib və onlardan 6 nəfəri stasionar şöbələrə yerləşdirilib, həyati təhlükəsi olan yoxdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31