Regional proqramların uöurlu icrası əhalinin içməli suya olan tələbatını yaxşılaşdırıb
4 İyul 2018 15:42 SosialRegionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurlu icrası bütün sahələrdə olduğu kimi əhalinin içməli su ilə təminatında da müsbət irəliləyişlərə, inkişafa səbəb olub. Dövlət Proqramının icrasına başlanıldığı 2004-cü ildən etibarən regionlarda əhalinin içməli suya olan tələbatının yaxşılaşdırılması istiqamətində bir çox layihələr həyata keçirilib.
Belə ki. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində kənd və qəsəbələrdə içməli su təchizatının yaxşılaşdırılması tədbirləri davam etdirilir. "Azərsu" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Xızı rayonunun Yeni Yaşma kəndində icra olunan layihə uğurla yekunlaşıb və 2000-dən artıq sakin dayanıqlı içməli su ilə təmin edilib.
Xızı rayonunun Yeni Yaşma kəndində yeni içməli su təchizatı sistemlərinin yaradılması dövlət investisiya layihəsi çərçivəsində həyata keçirilib. Yeni layihənin icrasına qədər kəndin su təchizatı 1990-cı illərdə yaradılmış infrastruktur hesabına həyata keçirilib. Həmin illərdə tikilmiş magistral və şəbəkə su xətləri uzun müddət istismar olunduğundan son vaxtlar normal su təchizatını həyata keçirmək mümkün olmurdu. Xüsusilə yay aylarında kəndin su təminatında çətinliklər yaranırdı. Mövcud su təchizatı sistemlərinin köhnəlməsi və istismar tələblərinə cavab verməməsi, həmçinin əhali artımı və kəndin böyüməsi nəzərə alınaraq su təchizatı infrastrukturunun tamamilə yenidən qurulmasına qərar verilib.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Layihə çərçivəsində Şollar-Bakı su kəmərindən Yeni Yaşma kəndinə 5,3 km uzunluğunda özüaxımlı magistral su kəməri inşa edilib. Qısa müddətdə kənd ərazisində 9,7 km uzunluğunda yeni içməli su şəbəkəsi yaradılıb. Hər bir evə birləşmə verilib və 360 abonent sayğacla təmin edilib. Kəndin mərkəzində əhalinin ümumi istifadəsi üçün bulaq quraşdırılıb. Eyni zamanda kəndin relyef şəraiti nəzərə alınaraq dayanıqlı su təchizatı məqsədilə 2 ədəd hidrofor tipli nasos stansiyası inşa edilib. Artıq tikinti-quraşdırma işləri yekunlaşıb, 2000-dən çox sakin yeni yaradılmış infrastruktur hesabına fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilir.
Kənd ərazisində içməli su şəbəkəsinin tikintisi yekunlaşdıqdan sonra qazıntı işləri aparılmış yerlərdə asfalt örtüyü bərpa edilib.
Qeyd edək ki, 2018-ci ildə dövlət investisiya layihəsi çərçivəsində Xızı rayonu ilə yanaşı, Oğuz, Ağdaş, Ucar və Masallı rayonlarının 11 kəndində yeni su təchizatı infrastrukturunun yaradılması nəzərdə tutulub. Artıq Oğuz rayonunun Astraxanovka, Vladimirovka və Qarabulaq kəndlərində layihələrin icrası yekunlaşıb və 2000-dək sakinin içməli su təchizatı yaxşılaşdırılıb. Digər rayonların kənd və qəsəbələrində layihələrin icrası davam etdirilir. Bununla paralel olaraq Prezident İlham Əliyevin "Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" Sərəncamı çərçivəsində 13 rayonun 30 yaşayış məntəqəsində içməli su layihələri icra olunur.
Ümumilikdə, 2018-ci ildə "Azərsu" ASC tərəfindən əhalisinin ümumi sayı 61 min nəfər olan 18 rayonun 41 yaşayış məntəqəsində içməli su layihəsi həyata keçiriləcək.
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarına uyğun olaraq içməli su çatışmazlığının müşahidə edildiyi kənd və qəsəbələrin su təchizatının yaxşılaşdırılması tədbirləri davam etdirilir. "Azərsu" Açıq Səhmdar Cəmiyyəti tərəfindən dövlət investisiyası hesabına Oğuz rayonunda icra olunan layihələr yekunlaşıb. Müqəddəs Ramazan ayında rayonun Astarxanovka və Vladimirovka kəndləri keyfiyyətli içməli su ilə təmin olunub.
Kəndlərə içməli suyun verilməsi münasibətilə Astarxanovka kəndində keçirilən açılış mərasimində Oğuz rayon icra hakimiyyətinin başçısı Eyvaz Qurbanov regionlarda icra edilən kommunal infrastruktur layihələrinin əhəmiyyətindən danışıb. Bildirib ki, Oğuz şəhərinin su təchizatı və kanalizasiya sistemlərin yenidən qurulması layihəsi başa çatıb, hazırda kəndlərin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində tədbirlər görülür.
"Azərsu" ASC-nin sədr müavini Seymur Seyidov kəndlərin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə həyata keçirilən layihələr barədə məlumat verib. Bildirib ki, son illər əhalisinin sayı 630 min nəfər olan 520 kənd və qəsəbədə içməli su layihələri icra olunub. 2018-ci ildə əhalisinin sayı 61 min nəfər olan 41 yaşayış məntəqəsində yeni su təchizatı sistemləri yaradılacaq. Bu kəndlərin 11-də işlər dövlət investisiya layihəsi, 30-da isə Prezident İlham Əliyevin "Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" 09 aprel 2018-ci il tarixli Sərəncamına əsasən həyata keçirilir. Dövlət investisiya layihəsi çərçivəsində Oğuz rayonunun Astarxanovka, Vladimirovka və Qarabulaq kəndlərində yeni su təchizatı infrastrukturları yaradılıb.
Tədbirdə çıxış edən kənd sakinləri bildiriblər ki, indiyədək içməli suya olan tələbatlarını əsasən, çay və bulaq sularını uzaq məsafədən daşımaq hesabına ödəyirdilər. Sakinlər bu sahədəki problemlərin həllinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Oğuz rayonunun kəndlərini keyfiyyətli içməli su ilə təmin etmək üçün su mənbəyi Balaşüm-Söyüdlü magistral su kəməri seçilib. Layihə çərçivəsində kəndlərdə 20 km magistral və şəbəkə su xətləri çəkilib, əhalinin ümumi istifadəsi üçün 34 ədəd bulaq quraşdırılıb. Yeni layihənin icrasından Astraxanovka, Vladimirovka və Qarabulaq kəndinin 2000-dək sakini faydalanacaq. Artıq Astarxanovka və Vladimirovka kəndlərinə içməli su verilib, Qarabulaq kəndinə isə suyun verilməsi iyun ayının birinci ongünlüyündə təmin olunacaq.
29 km uzunluğunda Balaşüm-Söyüdlü magistral su kəməri rayonun Xaçmaz kəndi yaxınlığındakı bulaq və çay sularından qidalanır. 2012-ci ildə icra edilmiş layihə çərçivəsində sugötürücü qurğular, ümumi tutumu 4600 kubmetr olan 11 ədəd su anbarı, magistral xətlər və paylayıcı su şəbəkələri inşa edilib. Yaradılmış infrastruktur hesabına Oğuz rayonunun Xaçmaz, Böyük Söyüdlü, Kərimli, Bayan, Bucaq, Muxas və Baş Daşağıl kəndinin 20 minədək sakininin içməli su təchizatı əsaslı şəkildə yaxşılaşdırılıb.
2018-ci ildə "Azərsu" Açıq Səhmdar Cəmiyyəti tərəfindən dövlət investisiya layihəsi çərçivəsində Oğuz rayonu ilə yanaşı, Xızı, Ağdaş, Ucar və Masallı rayonlarının 11 kəndində içməli su layihəsi həyata keçiriləcək. Bu layihələrdən 15 min nəfər kənd sakini faydalanacaq.
Bununla yanaşı, Prezident İlham Əliyevin "Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" 09 aprel 2018-ci il tarixli Sərəncamına əsasən, respublikanın 13 rayonunun 30 yaşayış məntəqəsində içməli su layihələri icra olunacaq. Bu layihələrdən 30 kəndin 45 min nəfər sakini faydalanacaq.
"Azərsu" Açıq Səhmdar Cəmiyyəti "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq bölgələrdə içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrasını uğurla davam etdirir. Azərbaycan Hökuməti və İslam İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən "Azərbaycanın 6 rayonunda Milli Su Təchizatı və Kanalizasiya Proqramı" çərçivəsində Astara şəhərində içməli su təchizatı sistemlərinin yenidən qurulması işlərinin böyük hissəsi icra edilib.
"Astara şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsi 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Astara şəhərində 28,5 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.
Layihə üzrə işlərə 2014-cü ilin dekabrında başlanılıb. Astara şəhəri və ətraf kəndlərin sakinlərinin keyfiyyətli və dayanıqlı içməli su ilə təmin edilməsi Xanbulan su anbarının sahilində tikilmiş, məhsuldarlığı sutkada 30 min kubmetr olan sutəmizləyici qurğu hesabına həyata keçiriləcək. Su mənbəyindən Astara şəhərinədək 28,7 km magistral su kəmərinin tikintisi nəzərdə tutulub. Artıq magistral kəmərin 22,4 km-lik hissəsi inşa edilib. Layihə çərçivəsində hər birinin tutumu 5 min kubmetr olan 2 ədəd su anbarının tikintisi başa çatdırılıb.
Hazırda şəhərdə içməli su şəbəkəsinin tikintisi davam etdirilir. Layihədə nəzərdə tutulan 112,8 km içməli su şəbəkəsinin 102 km-lik hissəsi tikilib, ünvanlara ev birləşməsi verilərək sayğaclar quraşdırılır. Şəhərdə içməli su şəbəkəsinin tikintisi yekunlaşmış küçələrdə asfalt örtüyü bərpa edilir. Layihə çərçivəsində magistral kəmərin marşrutu boyu və şəhərin yaxınlığında yerləşən, əhalisinin sayı 73 min nəfər olan 27 kəndə də içməli suyun verilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan Hökuməti və İslam İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirdiyi layihə Astara şəhəri ilə yanaşı, Tərtər, Gədəbəy, Daşkəsən Qazax şəhərlərini də əhatə edir. Artıq Tərtər və Gədəbəy şəhərlərində içməli su və kanalizasiya şəbəkələrinin tikintisi başa çatıb, Daşkəsən şəhərində isə layihənin icrası cari ilin sonunda yekunlaşdırılacaq. 2018-ci ildə Qazax şəhərində su təchizatı və kanalizasiya sistemlərinin yenidənqurma işlərinə, eyni zamanda Tərtər, Gədəbəy, Qazax şəhərlərində tullantı sutəmizləyici qurğuların tikintisinə başlanılacaq.