Lənkaranda şumşad odlucası tırtıllarına qarşı mübarizə başlanıb
4 İyul 2018 15:00 SosialKənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin yerli mütəxəssisləri tərəfindən Lənkəran rayonu ərazisində 300 hektar meşə təsərrüfatı sahəsində fitosanitar monitorinqlər həyata keçirilib. Monitorinq nəticəsində Lənkəran ərazisində meşə fondu və bələdiyyə ərazilərində, eləcə də Cil kəndi (4 ha), Şıxakəran kəndi (2 ha), Osaküçə kəndi (28 ha) və Şovu kəndi (8 ha) ərazilərində mövcüd olan nil, vələs və Hirkan şumşad ağaclarında şumşad odlucasının ikinci nəslinin 1-2 yaş dövrü tırtılları müəyyən edilib.
Nazirlikdən "Olaylar"a bildirilib ki, Lənkəran rayon Bitki Mühafizə Mərkəzinin mütəxəssislərinin verdiyi tövsiyyələr əsasında fermerlər və torpaq mülkiyyətçiləri tərəfindən Cil kəndində 4 ha sahədə Asetisuper kimyəvi preparatından istifadə etməklə kimyəvi mübarizə işlərinə başlanılıb. Mübarizə tədbirləri "Mitsubishi" markalı avtomobilə quraşdırılmış İtaliya istehsalı olan "Skaut" tipli müasir və yüksək manevr qabiliyyəti olan çiləyici aqreqatlar vasitəsi ilə həyata keçirilir.Tədbirlərin əsas məqsədi adıçəkilən zərərvericilərin respublika ərazisində yayılmasının, eləcə də kənd təsərrüfatına və ətraf mühitə dəyən ziyanın qarşısını almaqdan ibarətdir. Qeyd edək ki, Şümşad odlucası şəhər yaşıllıqlarına və təbii meşə massivlərinə ciddi zərər vurur. Zərərvericinin il ərzində 2-4 nəsil verməsi meşə sahələrində qidalandıqları bitkilərin qısa müddətdə tam defolyasiyasına və qurumasına səbəb olur.