“Milləti yalan yerə xaosa sürükləmək ən qorxaq, ən rəzil hərəkətdir” – Partiya sədri
4 İyul 2018 14:27 Sosial"Mingəçevirdə yerləşən İstilik Elektrik Stansiyasında baş verən qəza səbəbindən bütün ölkənin işıqsız qalması günün əsas mövzusudur. Bütün ilkin araşdırmalar və müşahidələr onu göstərir ki, bu, ilk növbədə texnogen xarakterli qəzadır. Yəni ki, burda heç bir xarici ölkənin təxribatından və ya terror aktından, yaxud da, düşmən Ermənistanın hərbi təxribatından söhbət gedə bilməz. Hərçənd ki, Dövlət Komissiyası əsas versiya ilə yanaşı, bütün başqa versiyaların da izlərini araşdıracaq. Lakin çox təəssüflər olsun ki, sözügedən komissiya hələ açıqlama verməyə macal tapmamış, qəfil enerji böhranından sui-istifadə edib cəmiyyətdə siyasi xaos yaratmaq istəyənlər də tapılır".
Bu barədə Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov verib.
Ə.Hüseynov bildirib ki, dövləti sarsıdaraq qeyri-rəsmi quldurlara dəstək olmaq və anarxiya yaratmaq məqsədilə yaşayanların əlinə sanki girəvə düşüb: "Biriləri sosial şəbəkələrdə fantaziyanın qıcqırma nöqtəsinə çataraq, hətta Apokalipsis də elan ediblər. Sanki dünyanın sonuymuş kimi. Sözün düzü, mən rəzalətin bu dərəcəsini gözləmirdim. Əslində, biz bu cür fövqəladə vəziyyətlərdə daim milli birlik, dövlət-vətəndaş həmrəyliyi nümayiş etdirməliyik. Hadisələri də olduğundan da artıq şişirdib, cəmiyyəti xaosa sürükləməməliyik. Milləti yalan yerə xaosa sürükləmək ən qorxaq, ən rəzil bir mövqedir. Texnogen qəzalardan heç bir ölkə sığortalanmayıb. Azərbaycan da sığortalanmayıb. Fürsətçilər, araqarışdıranlar, hər cürə daxili problemlərə yol açanlar isə bir anlıq da olsa öz vicdanlarının səsinə qulaq assalar yaxşıdır".
Azadinform