İşaxtaranlara seçim hüququ veriləcək

Qeyri-formal məşğulluq aradan qaldırılacaq

Azərbaycan Milli Məclisinin növbədəkənar sessiyasının  sonuncu plenar iclasında yeni hazırlanan "Məşğulluq haqqında" qanun layihəsi qəbul olunub. Yeni qanunda bir sıra dəyişikliklər əksini tapıb ki, onların əhalinin məşğulluq probleminin həllində müstəsna rol oynayacağı bildirilir. Bəs, qaninda hansı yeniliklər əksini tapıb?  Parlamentin   əmək və sosial siyasət komitəsindən bildirilib ki, 6 fəsil, 37 maddən ibarət qanunda işaxtaran və işsiz şəxslərin müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınması qaydası tamamilə yenidən müəyyən edilib. Qeydiyyata alınma prosedurunun elektron qeydiyyat üzərində həyata keçirilməsi nəzərdə tutulur. İlk dəfə olaraq işaxtaran və işsiz şəxslərə əvvəlcə vakansiya bankından münasib işin onlar tərəfindən seçilməsi hüququ verilir. Onlar bu hüquqdan istifadə etmədikdə isə sistem tərəfindən qəbul edilir. Münasib iş təklifi üzrə müddət isə 11 gündən 5 günə endirilir.

Bundan başqa, sənədə aktiv məşğulluq tədbirlərindən biri hesab olunan və hazırda tətbiqinə önəm verilən özünəməşğulluğa dair yeni maddə daxil edilib. Çünki hazırda qanunda bu tədbiri tənzimləyən müvafiq maddə yoxdur. Yeni maddə ilə özünəməşğulluq tədbirlərinin mərhələləri və müddətləri monitorinq, əmlakların qaytarılması və s. prosedurlar müəyyən edilib. Sənədə  əsasən, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub digər məşğulluğu olmayan şəxslər də, müvafiq şəxslərin ümumi sayının 50 faizindən çox olmamaq şərtilə, özünəməşğulluğa cəlb edilirlər. İşsiz şəxslərin özünəməşğulluğunun təşkili zamanı ünvanlı dövlət sosial yardımı alan şəxslərə, əlillərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, bir ildən artıq işsiz kimi qeydiyyatda olanlara, pensiya yaşına iki ildən az qalan şəxslərə, cəzaçəkmə yerlərindən azad edilmiş işsiz şəxslərə üstünlük verilir. Qanunda işaxtaran və işsiz şəxslərin sosial təminatlarına əlavələr edilib, peşə hazırlığı dövründə işsiz şəxsə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi minimum aylıq əməkhaqqı məbləğində təqaüd veriləcəyi nəzərdə tutulub. O qeyd edib ki, bu məbləğ hazırki məbləğdən (75 manat) 1.7 dəfə çoxdur.

Qanunda edilən yeniliklərdən biri də qeyri-formal məşğulluğun aradan qaldırılmasından ibarətdir. Belə ki, "Məşğulluq haqqında" qanunun 31-ci ("Qeyri-formal məşğulluğa nəzarət"in vahid elektron informasiya ehtiyatı) maddəsinə əsasən, qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması məqsədilə əmək ehtiyatları ilə bağlı informasiya ehtiyatlarının, eləcə də qeyri-formal məşğulluğu müəyyən etməyə imkan verən digər informasiya sistemlərinin və ehtiyatlarının əmək müqaviləsi bildirişi üzrə elektron infiormasiya sisteminə inteqrasiyası əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən "Qeyri-formal məşğulluğa nəzarət"in vahid elektron informasiya ehtiyatı yaradılır. "Qeyri-formal məşğulluğa nəzarət"in vahid elektron informasiya ehtiyatının inteqrasiyası tələb olunan informasiya sistemlərinin və ehtiyatlarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Qeyri-formal məşğulluğun qarşısının alınmasına dair preventiv tədbirlər görülməsi və risk qiymətləndirilməsi sisteminin müvafiq icra hakimiyyəti orqanları tərəfindən tətbiqi "Qeyri-formal məşğulluğa nəzarət"in vahid elektron informasiya ehtiyatı vasitəsilə həyata keçirilir.

Əmək və Əhalinini Sosisal Müdafiəsi Nazirliyindən bildirilib ki, bu ilin sonuna qədər məşğulluq sahəsində bütün məsələləri əhatə edən kompleks portalın yaradılması nəzərdə tutulur. Bu portala vakant yerlərlə yanaşı, işsiz kimi qeydiyyatdan keçən şəxslər barədə məlumatlar daxil ediləcək. Belə portalın yaradılması əhalinin məşğulluğunun əlçatanlılığını genişləndirəcək: "İnsanlar portal vasitəsilə də vakant yerlər haqqında məlumat alacaq və vakansiyalar üçün müraciət edə biləcəklər. İnsanlar həm də alternativ olaraq, məşğulluq xidməti orqanlarına müraciət edərək göndərişlər əldə edə biləcəklər. Belə bir portalın yaradılması şəffaflığın təmin edilməsi baxımından olduqca əhəmiyyətlidir. Eyni zamanda, fiziki məhdudiyyətləri olan şəxslərin məşğulluq xidməti mərkəzlərinə gəlməsi üçün olan ehtiyac aradan qalxacaq, işsizlə işəgötürən arasında birbaşa körpü yaranacaq. Düşünürük ki, gələn il ərzində portal tam istifadəyə veriləcək".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31