Mərdəkanda “Mədəniyyət müəssisələrinin aktuallığının artırılması yolları” adlı təlim keçirilmişdir
3 İyul 2018 16:56 SosialCari ilin 3 iyul tarixində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz Bakı şəhər Mədəniyyət İdarəsi ilə birgə Mərdəkan Mədəniyyət Sarayında müxtəlif profilli müəssisələrdə çalışan metodistlər üçün "Mədəniyyət müəssisələrinin aktuallığının artırılması yolları" adlı təlim, həmçinin Mərkəz tərəfindən hazırlanmış metodiki vəsaitlərin təqdimatını keçirmişlər.
Tədbir çərçivəsində "Klub işinin təşkili", "Şəhər (rayon) mədəniyyət mərkəzləri (filialları ilə birlikdə), digər mədəniyyət evləri və klubların yaradılmaları üçün nümunəvi iş planı" (Diyarşünaslıq, folklor və sənətkarlıq evləri, klubları üçün), "Şəhər (rayon) mədəniyyət mərkəzləri (filialları ilə birlikdə), digər mədəniyyət evləri və klublarında birliklərin (kollektiv, dərnək, kurs və s.) təşkili", "Özfəaliyyət dərnəkləri üçün musiqi tərtibatı işinin əsasları", "Dərnəklərin yaradılması və fəaliyyəti", Şəhər (rayon) mədəniyyət mərkəzləri və onların filiallarında dram və bədii qiraət dərnəyinin təşkili, "Mədəniyyət müəssisələri üçün təqdimatların hazırlanmasının müasir üsul və metodları", "Mədəniyyət müəssisələrində onlayn treninqlərin təşkili metodikası", "Uşaq ədəbiyyatının qavranılmasının sosial-psixoloji xüsusiyyətləri" və digər bir sıra metodiki vəsaitlərin təqdimatı, habelə müzakirəsi də təşkil olunmuşdur.
Sözügedən metodiki vəsaitlərin müzakirəsi ilə yanaşı mədəniyyət müəssisələrin və orada çalışan əməkdaşların fəaliyyətinin modernləşməsi yolları ətrafında geniş fikir mübadiləsi də təşkil olunmuşdur.
Belə ki, müzakirə olunan məsələlər sırasında xüsusi olaraq mədəniyyət müəssisələrin sosial populyarlığı, əməkdaşların peşəkarlığı, mədəniyyətimizin müasir təbliğat yolları və metodları, sahənin sosial imici və digər önəmli problemlərin adları qeyd edilməlidir.
Öz təcrübə və səriştələri ilə bölüşmüş Mərdəkan Mədəniyyət Sarayının direktoru Əliağa Mirzəyev keçirilən tədbirin əhəmiyyətndən danışmışdır.
Təqdimatda Mərkəzin şöbə müdiri Məzahir Qarayev və əməkdaşları Elnarə Hacıyeva, Aygün Balabəyova, Nadir Məmmədov və digərlər çıxış edərək hazırlanmış metodiki vəsaitlərin istifadəsi haqqında məlumat vermişlər. Tədbirdə mövzu ilə əlaqədar Mərdəkan Mədəniyyət Sarayının metodisti Bilqeyis Ağabalayeva, Yeni Suraxanı Mədəniyyət mərkəzinin metodisti Zəhra Fərzəliyeva və digərləri çıxış edərək təqdim edilən metodiki vəsaitlərin mədəniyyət müəssisələrin fəaliyyəti prosesində lazımlılığını qeyd etmişdir.
Daha sonra fikir mübadiləsi səpgidə davam edən tədbirdə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev mədəniyyət müəssisələrin fəaliyyətinin əlaqələndirilmiş şəkildə təşkil olunmasının vacibliyi haqqında öz mülahizələri ilə bölüşmüşdür. Fəaliyyətin əlaqəli şəkildə təşkil olunması mədəniyyət siyasətinin qarşısında duran vəzifələrin icrasına xidmət edəcəyini vurğulayan A.Usubəliyev mütləq olaraq kreativ metodlardan da geniş istifadə olunmasının vacibliyini bildirmişdir.