Məktəb təmiri: kupçalı evlər niyə sökülür? - Foto
3 İyul 2018 14:48 SosialBizdə məktəbin 1971-ci il sxemi var. 1990-cı ilə qədər indi "məktəbin ərazisidir" dedikləri yerlər məktəbin həyəti kimi istifadə edilib, daha sonra həmin ərazi sahibi tərəfindən geri alınıb. Bütün bunları sübut edəcək sənədlər var. İndi icra hakimiyyətinin sökdüyü ərazilər kimə məxsus olub, niyə məktəb o əraziləri özününkü kimi istifadə etməyə cəhd edir, bütün bunların da sənədləri var. Ancaq icra nümayəndəliyi bizdəki 1971-ci ilin sənədlərinə fikir vermədən, arxivdən gələcək sənədi gözləyir. Öz əllərində olmayan sənədlərə əsaslanaraq da heç bir xəbərdarlıqsız hasarımızı dağıdırlar.
Bu sözləri Axar.az-a Sabunçu rayonun Maştağa qəsəbəsində yerləşən 187 nömrəli məktəbin təmiri zamanı heç bir xəbərdarlıqsız Maştağa icra nümayəndəliyi tərəfindən hasarı və evlərinin bir hissəsi sökülən qəsəbə sakinləri bildirib.
Şikayətçilərin sözlərinə görə, icra nümayəndəliyinin evlərin sökülməsilə bağlı onlara xəbərdarlıq etməsi haqda mediaya verdikləri açıqlama yalandır:
"Biz dövlətlə dövlətçilik etmək fikrində deyilik. Əgər həqiqətən də ərazini qanunsuz olaraq zəbt etmiş olsaydıq, mütləq boşaldardıq. İndi də bəyan edirik ki, 3 metr yer istəyirlərsə, halal xoşları, narazılıq etmirik! Ancaq bunun da bir qaydası var, axı. Bu barədə məlumat verilməliydi. Evdə əşyalarımız, kombi aparatı var. Xəbərdarlıq olsa, özümüz yoluna qoyardıq. Yoxsa, biz evdə olmayanda hasarı uçurmaq nə üçün? Bunlar zərər görsə, kim kompensasiya verəcək?
Söküntü aparılan zaman evdə 14 yaşlı uşaq olub. Biz isə işdə olmuşuq. Bizə xəbər veriləndə artıq hasar, qapımız və evin bir divarı uçurulmuşdu. Stadiona yaxın yerdə sökülən bəzi ev və hasarlar var ki, onun söküntüsünə etiraz edən yoxdur, çünki qanunsuz hasarlanan ərazi idi. Ancaq bütün hasarları qanunsuz adı ilə sökmək olmaz axı. Sökülən evlərin əksəriyyətinin sənədi və kupçası var. Biz bunu Sabunçu Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Elşən Həsənliyə də dedik və sənədləri göstərdik. O isə təqdim etdiyimiz sənədlərə və evin kupçasına baxıb bildirdi ki, bunlar hamısı saxtadır, qeyri-qanunidir. Nəyə əsasən evimizin sənədinin saxta olduğu qənaətinə gəldi, bilmirik. Ancaq bildirdi ki, onlar üçün əsas arxivdən gələcək məktəbin sxemidir. İşi də ona əsasən aparacaqlar.
Biz onlara məktəbin 1971-ci il sxemini də təklif etdik. Orada məktəbin ərazisi, hazırda sökülən evimizin hasarı da görünür".
Şikayətçilərin sözlərinə görə, vətəndaşın qanuni olmasına baxmayaraq, sökülən hasarla məktəb divarının arasında 3 metrlik məsafə var. Oradan da maşınlar normal formada keçə bilir:
"Sadəcə, bunlar o yolu genişləndirmək istəyirlər. Bu zaman da bizim, qonşunun evinin yarısı, hasarı gedir. Qanunu evim, hasarım sökülür. İcradan bildiriblər ki, hasarın və evin bir hissəsinin sökülməsilə razılaşmasaq, məhkəməyə verib, əlimizdəki qanuni sənədləri ləğv etdirəcəklər.
Onlara bir qədər vaxt vermələrini istədik. Çünki onların məktəbə qatmaq istədikləri yerdə evimizin bir hissəsi də düşür. Evimizin bir hissəsini söküb necə verim? Dediklərinə görə, 2 ay müddətinə məktəbi tam təmir edib təhvil verməlidirlər. Bu səbəbdən işləri sürətli aparırlar".
Şikayətçinin sözlərinə görə, icra nümayəndəliyi ilə apardıqları danışığa əsasən onlara 2 metr güzəşt ediblər:
"İcra nümayəndəliyi ilə aramızda danışıq oldu və bildirdik ki, məktəblə bizim evin hasarı arasındakı məsafəni 8 metr yox, heç olmasa 6 metr edin. 8 metr olsa, gərək evimizin bir hissəsini də sökək. Hələlik icra nümayəndəliyi bu təklifimizlə razılaşıb. Ancaq icra hakimiyyətinin buna münasibəti necə olacaq, bilmirik".
Qeyd edək ki, Maştağada yerləşən 187 nömrəli məktəbdə aparılan təmirlə əlaqədar yaxınlıqda yerləşən evlərin bir hissəsi, hasarlar xəbərdarlıqsız uçurulub.
Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyəti Maştağa qəsəbə nümayəndəsi Əlican Xəlilov bildirib ki, söküntü özbaşına aparılmır və sakinlərə də əvvəlcədən məlumat verilib. Onun sözlərinə görə, məktəbin qanunsuz zəbt edilən ərazilərindəki tikililər söküləcək.
Axar.az
.jpg)
.jpg)