İsti havada işləməyə məcbur edilənlər...
3 İyul 2018 12:56 SosialYaxud, işi tez başa vurmağa tələsənlər
İyulun ilk günlərindən başlayaraq ölkə ərazisində isti və günəşli hava şəraiti hökm sürür. Rəsmi qurumların məlumatına görə, bu cür isti hava şəraiti davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir. Havanın temperaturunun Abşeron yarımadasında gündüz 40-43, Bakıda 40-42 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 50-60, gündüz 25-35 faiz təşkil edəcək. Bəzi yerlərdə 46, dağlarda gecə 16-21, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.Nazirlik xəbərdarlıq edib ki, aomal isti hava şəraiti ilə bağlı günorta saatlarında 11:00-17:00-dək günəş şüalarının birbaşa təsiri altında uzun müddət olmaq risklidir.Tibbi-meteoroloji xəbərdarlığa görə, iyulun 3-4-də Abşeron yarımadasında isti hava dalğası ilə bağlı qızmar temperatur diskomfortu əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün risklidir. Gündüz saatlarında uzun müddət açıq havada olmaq məsləhət görülmür.
Məlum olduğu kimi, yay mövsümündə kəskin isti hava şəraitində işçilərin həyat və sağlamlığının qorunması zərurəti yaranır. Daha dəqiq, havanın hərarəti 41 dərəcədən çox olduqda işçilərin həyat və sağlamlığının qorunması üçün zəruri tədbirlər görülməlidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti də işəgötürənlərə müraciət edərək bildirir ki, havanın temperaturunun +41 dərəcə selsidən çox olduğu hallarda işçilərin həyat və sağlamlığının qorunması üçün əmək qanunvericiliyinə əsasən zəruri tədbirlərin görülməsi təmin edilməlidir. Belə ki, Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, havanın temperaturu + 41 dərəcə selsidən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır. Qeyd olunan hallarda işçilərə sərinləmək üçün imkan yaradılmalı, onlara fasilələr verilməli, fasilənin sayı və müddəti işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında müəyyən olunmalıdır. Həmçinin, Məcəlləyə əsasən, iş zamanı verilmiş fasilələr iş vaxtına daxil edilməli, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməlidir. Dövlət Əmək Müfəttişliyi Xidməti işçilərin həyat və sağlamlığının qorunması məqsədilə əməyin mühafizəsi tədbirlərinin görülməsinin, o cümlədən havanın temperaturunun +41 dərəcə selsidən çox olduğu hallarda bu məqsədlə zəruri işlərin aparılmasının qanunvericiliklə işəgötürənlərin əsas vəzifələrindən olduğunu diqqətə çatdırır.
Bəs reallıqda necə, işəgötürənlər işçilər üçün tələb olunan şəraiti yaradırlarmı? Müşahidələr deməyə əsas verir ki, ölkədə açıq şəraitdə, günün altında işləmək məcburiyyətində qalan xeyli insan var. Günün istənilən vaxtında açıq hava şəraitində çalışanlar var. Onlar gününən qızmar çağlarında belə yol çəkir, asfalt döşəyir, körpü tikir, daş qaldırır, beton tökür, tarlada çalışırlar. Temperatur hətta 40 dərəcəni ötəndə belə, açıq havada işləyənlərə lazımi güzəşt edilmir. Paytaxt Bakıda belə hallar daha çox tikinti sektorunda müşahidə olunur. Düzdür, işəgötürənin iradəsindən asılı olmayaraq tikinti sahəsində çalışanlara sərinlənmələri üçün şərait yaradılır. Lakin, işçiləri növbəli şəkildə fasilələrin verilməsi, xüsusi geyimlər və sərinləşdirici içkilərlə təmin olunmalarından danışmağa dəyməz. Maraqlı məqamlardan biri də ondan ibarətdir ki, işçilər özləri də qanunla müəyyən olunmuş hüquqlarından istifadə etməkdə maraqlı görünmürlər. Belə ki, isti havada istirahət etmək əvəzinə, işlərini daha tez yekunlaşdırmaq barədə düşünürlər. İsti havada işləməyə məcbur edildikləri halda belə aidiyyatı orqanlara müraciət etməkdən çəkinirlər. Yeri gəlmişkən xatırladaq ki, əgər işçilərin bununla bağlı hüquqları pozularsa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin "142 qaynar xətti"nə müraciət edə bilərlər. Əldə etdiyimiz məlumata görə, hələ ki, sözügedən "qaynar xəttə" məsələ ilə bağlı müraciət daxil olmayıb. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından bildirib ki, Milli Hidrometeorologiya Departamenti havanın kəskin istiləşəcəyi haqda proqnozu açıqladıqda dərhal bütün işəgötürənlər bu barədə məlumatlandırılmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 233-cü maddəsinə əsasən, temperaturun 41 dərəcədən çox olduqda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində, yəni hava şəraitini süni surətdə tənzimləmək mümkün olmayan yerlərdə bütün növ işlərin görülməsi dayandırılmalıdır: "İşçilərə sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilməli, dincəlmələri üçün üstüörtülü yerlərdə şərait yaradılmalı, həmçinin sərinləşdirici içkilərlə təmin olunmalıdırlar. Çünki işəgötürənlər işçilərinin sağlamlığına görə məsuliyyət daşıyırlar: "Bu proseslərə nəzarəti isə Dövlət Əmək Müfəttişliyi həyata keçirməlidir. Əgər işlər dayandırılırsa, bu, işçilərin günahı olmadan işin dayandırılması kimi qiymətləndirilir və əmək haqqının 2/3-si həcmində işçilərə əmək haqqı ödənilməlidir. Günün müəyyən vaxtlarında temperaturla bağlı işə fasilə verilirsə, bu halda fasilələr iş vaxtına daxil edilir və əmək haqqı 100 faiz ödənilməlidir. Açıq şəraitdə işləyənlərə isə tikintilərdə yuxarı mərtəbələrdə çalışanlar, yolda asfalt çəkilişində işləyənlər və digər bu kimi işdə çalışanlar aid edilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları reydlər aparır, əgər temperaturun normadan artıq olduğu halda açıq şəraitdə iş yerlərində işçilərin işləməsi faktı aşkarlanarsa, həmin işəgötürənlər İnzibati Xətalar Məcəlləsinin 54-cü maddəsinə əsasən cərimələnirlər. Belə hallar üçün 1000 manatdan 2000 manata qədər cərimə nəzərdə tutulub". Məlumatda o da bildirilib ki, belə ekstremal vəziyyətlərə ictimai nəzarəti həyata keçirmək üçün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında, eləcə də sahə həmkarlar ittifaqlarında texniki əmək müfəttişləri və həmkarlar ittifaqı təşkilatı olan müəssisələrdə ictimai müvəkkillər fəaliyyət göstərirlər. Əmək müfəttişləri və ictimai müvəkkillər nəinki belə şəraitdə, il boyu istehsalat sahələrində, tikintilərdə, müəssisələrdə iş şəraiti, əməyin mühafizəsi ilə bağlı monitorinqlər aparır, işəgötürənə aşkar olunan nöqsan və çatışmazlıqların aradan qaldırılması ilə bağlı tövsiyə və təkliflərini yazılı təqdimat şəklində verirlər. Həmin təqdimatlar işəgötürən tərəfindən nəzərə alınmadığı təqdirdə Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edirlər. Müəssisələrdə, istehsalat sahələrində belə monitorinqlər vaxtaşırı aparılır.Temperaturun normadan çox olduğu hallarda isə monitorinqlərin aparılması daha operativ əhəmiyyət kəsb edir.
Nurlan