Uşaq–Gənclər İnkişaf mərkəzlərində hesabat tədbirləri keçirilib
3 İyul 2018 11:36 SosialBakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki Uşaq-Gənclər İnkişaf mərkəzlərində (UGİM) hesabat tədbirləri keçirilib.
"OLAYLAR" xəbər verir ki, BŞTİ-nin tabeliyindəki 4, 5, 6, 7 və 8 nömrəli UGİM-lərdə təşkil olunan hesabat tədbirlərində BŞTİ-nin müdir müavini Nərgiz Səfərova, İdarənin müvafiq struktur bölmə rəhbərləri və UGİM-lərin pedaqoji heyəti iştirak ediblər.
Üç gün davam edən hesabat tədbirlərinin keçirilməsinin əsas məqsədi 2017-2018-ci tədris ili ərzində görülən işləri ümumiləşdirərək nəticələrini müzakirə etmək, təhsildə keyfiyyətin daha dayanıqlı olmasını təmin etmək və keyfiyyətli dəyişikliklərə nail olmaq üçün UGİM-lərin pedaqoji kollektivinin imkanlarını səfərbər edərək, istedadlı şagirdləri aşkara çıxarmaqdan ibarətdir.
Hesabat tədbirlərində çıxış edən BŞTİ-nin müdir müavini Nərgiz Səfərova UGİM-lərdə işin təşkili, istedadlı şagirdlərin aşkara çıxarılması, məktəbdənkənar təhsil müəssisələrində tədris prosesinin təkmilləşdirilməsi, şagirdlərin yaş xüsusiyyətləri, maraq dairəsi, meyil və bacarıqları nəzərə alınmaqla dərnəklərə cəlb edilməsi və maddi-texniki təchizat məsələləri barədə danışıb. Müdir müavini qeyd olunan məsələlərlə bağlı öz tövsiyələrini diqqətinə çatdırıb.
Daha sonra tədbirlərdə çıxış edən qonaqlar UGİM-lərin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində müzakirələr aparıb, qarşıdakı tədris ilinin daha səmərəli təşkili ilə bağlı müvafiq məsləhətlər veriblər.
Tədbirlərdə həmçinin, UGİM-lərin 2017-2018-ci tədris ili ərzində gördüyü işlərdən bəhs edən videoçarxlar nümayiş olunub.