Beynəlxalq elmi konfrans – LAHICDA
İsmayıllı rayonunun Lahıc qəsəbəsində folklorumuzun tədqiqi, tədrisi və təbliğinin aktual problemləri ilə bağlı beynəlxalq elmi konfrans keçirilib.
2 İyul 2018 11:39 Sosialİsmayıllı rayonunun Lahıc qəsəbəsində folklorumuzun tədqiqi, tədrisi və təbliğinin aktual problemləri ilə bağlı beynəlxalq elmi konfrans keçirilib.
Olaylar.az bildirir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Folklor milli kimlik kontekstində" mövzusunda keçirilmiş Beynəlxalq Elmi Konfrans Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunub.
Konfransda giriş sözü ilə çıxış edib qonaqları salamlayan Rayon İcra Hakimiyyətinin başçısı, professor Mirdaməd Sadıqov yerli və əcnəbi alimlərin məhz Lahıc qəsəbəsində bir araya gəlməsinin heç də təsadüfi olmadığını, dövlət qayğısı ilə əhatə olunmuş bu qədim yaşayış məntəqəsinin dünyada xalq sənətkarlığı məktəbi kimi tanındığını bildirib.
AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov "Xalq ədəbiyyatı və milli kimlik məsələləri" mövzusunda məruzəsində folklor tədqiqatlarının xalqın milli mənsubiyyətinin müəyyənləşdirilməsindəki əhəmiyyətindən, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov rəhbərlik etdiyi qurumun folklorumuzun təbliği istiqamətində həyata keçirdiyi layihələrdən, Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi Azərbaycan dastanlarının xarici ölkələrdə tədqiqindən söz açıblar.
Konfransın dörd bölməsinə folklorşünaslığın aktual problemlərinə dair 95 elmi məruzə təqdim olunub. İctimai Televiziyanın "Carçıfilm" Yaradıcılıq Birliyinin İsmayıllının folklor mədəniyyətinə həsr olunmuş sənədli filminin çəkilişində iştirak ediblər.