Suyumuzu kəsənlər
2 İyul 2018 11:29 SosialElçin Hüseynbəyli
Desəm ki, su həyatdır. Mənə gülərsiniz. Çünki bu həqiqəti hamı bilir. Amma başqa bir həqiqət də var. Bəziləri suyun həyat olduğunu bilsə də, onu canlılardan əsirgəyir.
Yazılarımı izləyən oxucular mənin gəzmək "azarlısı" olduğumu yaxşı bilirlər. "Vosmoyun" küçələrini, az qala, tamam-kamal tanıyıram. Ona görə də gördüyüm bəzi mənzərələrdən üzülürəm.
İş burasındadır ki, dostlar, suyumuzu kəsiblər. Xatırlayırsınızsa, hər deputat seçkiləri öncəsi həyətlərə su çəkilir, krantlar qoyulurdu. İnsanlar bunu toy-bayram kimi qəbul edir, kimi xalçasını, kimi maşınını yuyur, kimi də həyət-bacanı və ağacları sulayırdı.
İndi həmin xətləri kəsiblər. Deyilənə görə bunu su idarəsi eləyir.
Ona görə də susuzluqdan hər yeri toz basıb, ağaclar isə öləziyirlər. Axı onlar da canlıdırlar. Bizim kimi Günəşə sevinir, su verənə dua oxuyurlar...
Anomal istilərdən sonra külək qalxdı və hər-tərəf toz-dumana büründü. Bu da susuzluğun fəsadlarıydı.
Su idarəsi deyir ki, su itkisinin qarşısnı almaq üçün bunu edirik. Sakinlərdən kimsə öz adına sayğac quraşdırsın və sakinlər də yığışıb suyun pulunu ödəsinlər. Bu nə deməkdir, dostlar? Elə vaxt olur ki, hardasa bir turba partlayır və küçələrdə su arx kimi günlərlə axır.
Bu şəhərin icra hakimiyyəti var, ondan aşağıda rayon icra hakimiyyəti var, nəhayət, yaşıllıq idarəsi var. Məgər onlar həmin suyun pulunu ödəyə bilmirlər? Sadəcə istəmirlər. Çünki unudurlar ki, o küçələrə də, ağaclara da onlar cavabdehdirlər...
Sizə gördüyüm ürəkağrıdan bir neçə mənzərədən danışım, dostlar.
Yolumun üstündə bir it gördüm. Həmin it hardansa sızıb çalaya dolan suyu iştahla yalayırdı... Adamlar ordan keçəndə isə ədəb-ərkanla kənara çəkilir, onlara yol verir, yenidən su yanğısını söndürməyə girişirdi.
İtin mərifətini gördünüz də. Acınacaqlı mənzərə isə o idi ki, dostlar, bir-birinin ardınca iki ölmüş pişik gördüm, onlardan biri körpəydi və mənim şübhəm yoxdur ki, onlar susuluqdan ölmüşdülər. Adamlar hardansa su tapıb içirlər, bəs o biri canlılar? Başqa vaxt onlara sevgimizdən ağızdolusu danışırıq.
Gəzməkdən qayıdanda skamyada oturdum. Sarıdimdik mənimlə üzbəüz kranta qondu. Ha dimdiklədi, bir şey hasil olmadı. Üzünü mənə çevirib. Nəsə soruşdu. Güman ki, "su nuyə yoxdu?" dedi.
Mən utandım, dostlar. Görəsən, su idarəsinin böyükləri də utandılarmı?
İyulun əvvəli, 2018