İyulun 3-də 58 min şagird buraxılış imtahanı verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 3-də Bakı şəhərində yerləşən xüsusi təyinatlı orta məktəblərin və Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Mingəçevir, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Masallı, Lerik, Göyçay, Ağdaş, Ucar, İsmayıllı, Qobustan, Ağcabədi, Füzuli, Beyləqan, Salyan, Neftçala, Hacıqabul, Qusar, Quba, Siyəzən, Xızıda yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan ( IX və XI siniflərdə ) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcək.

DİM-dən "Olaylar"a verilən məlumata görə, həmin gün ümumilikdə 57625 şagirdin imtahan verəcəyi nəzərdə tutulur (IX sinif üzrə 32795, XI sinif üzrə 24830).Bu imtahanda iştirak edəcək şagirdlər "İmtahana buraxılış vərəqəsi"ni internet vasitəsilə çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara "Yaddaş kitabçası"ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İmtahanların idarə olunmasına ümumilikdə 255 imtahan rəhbəri, 2917 nəzarətçi-müəllim ayrılıb. Hal-hazırda imtahan keçiriləcək şəhərlərdə imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. İmtahan mərkəzlərinə təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahandan bir gün əvvəl DİM əməkdaşlarının iştirakı ilə baxış keçiriləcək və bütün imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarına mühafizə üçün təhvil veriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31