Əməkçi miqrantlar niyə iş icazəsi almaqdan yayınırlar?

Əcnəbi işçi qüvvəsinin qanunsuz işə cəlb edilməsi məsuliyyət yaradır
 

Dünya ölkələrində baş verən iqtisadi tənəzzül miqrant probleminin daha da dərinləşməsinə səbəb olub. Xüsusən, əməkçi miqrantların üzləşdikləri baryerlər çoxsaylı insan həyatını talehin ümidinə buraxıb. Bu arada Azərbaycan iqtisadiyyatının inkişafı heç şübhəsiz ki, xarici ölkə vətəndaşları üçün cəlbedici görünür. Nəticədə ölkəyə gələn əməkçi miqrantların sayı günbəgün artır. Məsələ orasındadır ki, ölkəmizə təşrif buyuran əməkçi miqrantların bir çoxu heç də milli qanunvericiliyə riayət etməkdə maraqlı görünmürlər. Elə bu səbədən də barələrində inzibati tədbir görülmək zərurəti yaranır. Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun açıqlamasına görə, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən məcburi əmək faktlarının proflaktikası işində mühüm əhəmiyyət kəsb edən tədbirlərdən biri də ölkədə olma və yanaşma qaydalarını pozan 20 min 285 əcnəbi müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilməsi, o cümlədən 6 min 330 nəfərin ölkə hüdudlarından kənara çıxarılması olub. İnsan alveri və məcburi əmək faktlarına görə başlanmış cinayət işlərində 28-nin istintaqı tamamlanaraq 33 şəxs (25-i qadın, 8-i kişi) məhkəmə məsuliyyətinə verilib. Onlardan 29-u barəsində ittiham hökmləri çıxarılaraq 23 nəfəri şərti məhkum olunub, 5 nəfər azadlıqdan məhrum edilmiş, 1 nəfər barədə hökmün icrası təxirə salınıb. Bəs, əməkçi miqrantların Azərbaycanda qeydiyyata alınması üçün hansı sənədlər tələb olunur ki, bu kimi problemlərlə üzləşməsinlər?
Əvvala qeyd edək ki, əməkçi miqrantların Azərbaycanda fəaliyyət göstərməsi qanunvericiliklə tənzimlənir. 2013-cü ilin avqustunda Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin qüvvəyə minməsindən sonra bu kimi məsələlər qanuni həllini tapıb. Sonradan Miqrasiya Məcəlləsinə edilən dəyişikliyə əsasən Azərbaycana gələn miqrantlar üçün bir sıra prosedurların sadələşdirilməsi reallaşıb. Bununla belə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkəmizdə olma və yaxud yaşama, işəgötürənlər tərəfindən isə müəyyən edilmiş qaydada haqqı ödənilən əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazəsi alınmadan, əmək müqaviləsi bağlanılmadan əcnəbi işçi qüvvəsinin işə cəlb edilməsi hallarına da təsadüf olunur. Təbii ki, bu məqamlar məcburi əməyin əlamətləri kimi dəyərləndirilərək dövlətin imicinə mənfi təsir göstərir. Sirr deyil ki, bu gün iqtisadi tərəqqinin sürətinə görə inkişaf etmiş ölkələrlə bir cərgədə dayanan, hətta bəzi istiqamətlərdə onları qabaqlayan Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilər kifayət qədərdir. Belə halda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün qanuni əsaslarla bir ölkədən başqa ölkəyə - konkret halda Azərbaycana miqrasiya edən fiziki şəxs - əməkçi miqrant nə etməlidir?
    Miqrasiya Məcəlləsinin tələbinə görə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq və haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin müvəqqəti yaşamaq üçün icazəsi ilə yanaşı, iş icazəsi də olmalıdır. İş icazəsi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmalarına icazə verən rəsmi sənəddir. Əcnəbilərə iş icazələri Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilir. Belə ki, qanunvericiliyə əsasən 18 yaşına çatmış əmək qabiliyyətli hər bir əcnəbi və vətəndaşlığı olmayan şəxs onu işə cəlb edən hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri vasitəsilə Dövlət Miqrasiya Xidmətindən iş icazəsi aldıqdan sonra Azərbaycanda işləyə bilər. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkəmizdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün isə əsas şərtlər iş yerinin tələblərinə cavab verən peşə hazırlığına və ya ixtisasa malik Azərbaycan vətəndaşının iddia etmədiyi boş iş yerlərinin mövcudluğundan, məşğulluq xidməti orqanları tərəfindən işəgötürənlərin işçi qüvvəsinə olan ehtiyaclarını yerli əmək ehtiyatları hesabına təmin etmək imkanının olmamasından ibarətdir. İşəgötürənlər işə cəlb etdikləri əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri yalnız öz iş yerlərində işlə təmin etməli və bu barədə iş icazəsinin qüvvədə olduğu müddətə onlarla əmək müqaviləsi bağlamalıdırlar.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün iş icazəsinin alınması aşağıdakı hallarda tələb olunmur: Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazəsi olanlara; Azərbaycan Respublikasının ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara; diplomatik nümayəndəlik və konsulluqlarda, beynəlxalq təşkilatlarda işləyənlərə;beynəlxalq müqavilələr əsasında yaradılmış təşkilatların rəhbərlərinə və onların müavinlərinə;müvafiq icra hakimiyyəti orqanları tərəfindən işə cəlb edilənlərə; kütləvi informasiya vasitələrinin Azərbaycan Respublikasında akkreditə olunmuş əməkdaşlarına;müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyət sahələri üzrə il ərzində 90 gündən çox olmayan müddətdə Azərbaycan Respublikasında ezamiyyətdə olanlara;dənizçilərə; ali təhsil müəssisələrində mühazirə kurslarının oxunması üçün dəvət edilən professor-müəllim heyətinə və mühazirəçilərə; incəsənət işçilərinə, müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçmiş idman klublarına işə dəvət olunan məşqçilərə və idmançılara; Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olanlara, Qaçqın statusunun verilməsi üçün vəsatət verən, qaçqın statusu almış və ya siyasi sığınacaq verilmiş şəxslərə. İş icazəsi bir il müddətinə, əmək müqaviləsinin bir ildən az müddətə bağlanılması nəzərdə tutulduqda isə həmin müddətə verilir. Qeyd edək ki, iş icazəsi ilə bağlı daxil olmuş müraciətlərə 20 iş günü ərzində baxılır. İş icazəsinin müddəti hər dəfə bir ildən çox olmamaq şərti ilə uzadıla bilər. Müddətin uzadılması üçün işəgötürən iş icazəsinin müddətinin bitməsinə azı 30 gün qalmış Dövlət Miqrasiya Xidmətinə ərizə ilə müraciət etməlidir.
Ölkəmizdə əcnəbilərin haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmələri üçün iş icazələrinin alınması və onların müddətinin uzadılmasına görə işəgötürən tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilir. Bu icazəni almaq üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim olunduqdan sonra iş icazəsi işəgötürənə verilir. Əcnəbinin və vətəndaşlığı olmayan şəxsin eyni işəgötürənin yanında başqa işə keçirilməsi ilə bağlı yeni iş icazəsi verildikdə əlavə dövlət rüsumu ödənilmir. Azərbaycan ərazisində qanuni əsaslarla fəaliyyət göstərən əməkçi miqrant qanunvericiliklə nəzərdə tutulmuş vergiləri ödəyir. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyətinə cəlb olunması əmək miqrasiyası kvotası ilə tənzimlənir. Nazirlər Kabinetinin 2009-cu il 4 iyun tarixli qərarı ilə təsdiq edilmiş "Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydası"na əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hər il tövsiyə xarakterli kvota hazırlayır. Nazirlər Kabineti isə bu say normasını təsdiqləyir. İş icazəsinin qüvvədə olma qaydalarına nəzarəti isə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir. İnzibati Xətalar Məcəlləsinin 340-1-ci maddəsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulması hallarında, yəni işəgötürən tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə vəzifəli şəxslər üç min manatdan beş min manatadək, hüquqi şəxslər otuz min manatdan otuz beş min manatadək cərimə edilirlər.
Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31