Media səsvermə prosesini əvvəlki seçkilərdən daha peşəkar şəkildə işıqlandırdı
Aprelin 12- də Beynəlxalq Mətbuat Mərkəzində aprelin 11 – də Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı Mətbuat Şurasının mətbuat konfransı keçirildi.
12 Aprel 2018 16:57 SosialAprelin 12- də Beynəlxalq Mətbuat Mərkəzində aprelin 11 - də Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı Mətbuat Şurasının mətbuat konfransı keçirildi.
Olaylar.az bildirir ki, konfransda Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Olaylar.az İnformasiya Agentliyinin baş redaktoru Yunus Oğuz və digər media kapitanları iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan Əflatun Amaşov bildirdi ki, Azərbaycan mediası aprelin 11-də keçirilmiş prezident seçkilərində öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib və səsvermə prosesini əvvəlki seçkilərdən daha peşəkar şəkildə işıqlandırıb.
"Prezident seçkiləri ilə bağlı kütləvi informasiya vasitələrində - telekanallarda, informasiya agentliklərində, qəzetlərdə, xəbər portallarında seçki ilə bağlı 1051 material yayımlanıb və yayımlanan materialların sayı kifayət qədər çoxdur. 6 telekanalda saat 18:00-dan 01:00-a qədər seçkiqabağı təşviqat kampaniyası aparılıb. Sükut günündə kütləvi informasiya vasitələrində qanun pozuntusuna rast gəlinməyib. Mətbuat Şurası tərəfindən təbliğat xarakterli materialların monitorinqi də aparılıb."
Konfransda çıxışı zamanı sədr bildirdi ki, prezidentliyi namizədliyi qeydə alınan şəxslərlə bağlı kütləvi informasiya vasitələrində 4-ü qəzet, 7-si agentlik və xəbər portalı olmaqla, 11 mənfi material yayımlanıb. "Namizədlər haqqında televiziyalarda əsasən müsbət və bitərəf materiallar işıqlandırılıb. KİV-lər prezident seçkisini işıqlandırarkən Azərbaycan Konstitusiyası, Seçki Məcəlləsi, KİV haqqında qanun, jurnalistlərin peşə etikası kodeksindən irəli gələn tələblərə riayət ediblər. "Sükut günü"ndə kütləvi informasiya vasitələrində qanun pozuntusuna rast gəlinməyib".
Millət vəkili Kütləvi İnformasiya Vasitələrində təşviqat prosesində namizədlərə qarşı etikadan kənar hal müşahidə edilmədiyini, təhqir, böhtan, aşağılayıcı motivlərə rast gəlinmədiyini xüsusi olaraq qeyd etdi. Sosial şəbəkələrdə monitorinq aparılmadığını bildirdi. "Biz sosial şəbəkədə monitorinq aparmamışıq. Ancaq redaksiya əməkdaşları sosial şəbəkədəki hesablarında hazırladıqları məlumatları paylaşırlar. Həmin yazılara verilən şərhlərdə KİV normalarının pozulmasına rast gəlinib. Lakin biz bunu redaksiyalara aid etməmişik. Çünki bu şərhlər onların fəaliyyətinə aid deyil. Ümumiyyətlə media seçki prosesini peşəkar səviyyədə işıqlandırıb".
Aprelin 11 -seçki günü Mətbuat Şurasının Mərkəzi Seçki Komissiyası ilə əməkdaşlıq çərçivəsində işlədiyi qeyd olundu. Şuranın "Qaynar xətti"nin seçki günü aktiv fəaliyyət göstərdiyini və yalnız bir dəfə "İnteraz" telekanalının müxbirindən şikayət daxil olduğu açıqlandı. Sonda Əflatun Amaşov Mətbuat Şurası əməkdaşlarının və media kapitanlarının seçki məntəqələrində səsverməni izlədiklərini və məntəqələrdə seçici fəallığına şahid olduqlarını qeyd etdi.
Nigar Adil