Telefon asılılığını necə azaltmalı...
28 Mart 2018 12:40 SosialSosial media, ağıllı telefonlar artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib. Əvvəllər rabitə yaratmaq üçün nəzərdə tutulan bu cihazlar sonralar müxtəlif funksiyaları da yerinə yetirməyə başladı.
Bu gün smart telefonlar artıq planşet, xəbər saytlarını izləmə, elektron məktublaşma, sosial şəbəkələrdən istifadə vasitəsi kimi istifadə olunur. Mütəmadi olaraq insanlar sosial media hesablarını yoxlayır, gündəmi qaçırmamağa çalışırlar. Bu aludəçilik o dərəcədə güclənib ki, insanlar gecə yarıyadək yuxusuz qalır, yuxudan ayılar-ayılmaz isə "gündəmi qaçırmamaq" üçün internet resurslarında virtual gəzişmələrinə davam edirlər. Əgər bundan əvvəl dünyada daha çox alkoqol, narkotik vasitələrlə bağlı asılılıq var idisə, hazırda dünya mobil telefonlar, internet asılılığı ilə üz-üzədir.
Nəticədə insanlarda həm fiziki, həm də psixoloji xəstəliklər meydana çıxır. Onlardan biri də yuxusuzluqdur. Danılmaz faktdır ki, virtual mühitdən asılılıq insanların yuxu sisteminə kifayət qədər mənfi təsir göstərir. Bu isə insanların gün ərzindəki fəaliyyətlərinə, iş qabiliyyətlərinə təsirsiz ötüşmür.
Ekspertlər qeyd edir ki, mobil telefonlardan asılılıq yuxusuzluqla bərabər, şüalanmaya da səbəb olur. Bu da nəticədə bir çox hallarda xərçəng xəstəliyini sürətləndirir.
Bəs telefon asılılığını necə azaltmaq olar?

Mövzu ilə bağlı psixoloq Elnur Rüstəmov "Yeni Müsavat"a danışıb. O deyib ki, günümüzdə telefondan asılı olan insanlarımızın sayı çoxdur: "Konkret olaraq onlar yanlarında telefon olmayanda özlərini çox narahat hiss edirlər. Bu o demək deyil ki, telefon onlara nəsə verir. İnsanlar sanki telefonla özlərini güvəndə hiss edirlər. Fikirləşir ki, əgər yanında telefon varsa, güvəndədir. Günü-gündən bu asılılıq daha da artmağa başlayır. Bu gün bizi ən çox narahat edən telefon asılılığının uşaqlar arasında yayılmasıdır. Bu məqama daha çox diqqət ayırmalıyıq. Bunun məsuliyyəti birbaşa valideynin üzərinə düşür. Əgər valideyn işdən sonra öz uşağı ilə canlı ünsiyyət qurarsa, onunla oynayarsa, uşaqların telefona olan bağlılığı aradan qalxar.
Bildiyiniz kimi, indi telefonlara daha çox danışıq vasitəsi kimi deyil, internetlə əlaqə üçün alət kimi baxırlar. İşləyən adamlar belə gün ərzində telefondan az istifadə etməyə çalışmalıdırlar. Telefon həm də zaman oğrusu kimi dəyərləndirilir. Buna görə də ilk növbədə insan görəndə ki, telefondan asılılığı var, bu onda diskomfort yaradır, ailəsinə, ətrafına az zaman sərf edir, bunu aradan qaldırmalıdır. Hər gün yavaş-yavaş bu asılılıqdan qurtulmaq olar".
Psixoloqun sözlərinə görə, bununla bağlı hər bir fərd ayrı-ayrılıqda tədbir görməlidir: "Çünki belə olan təqdirdə, bizim həyatımız virtuallaşır, canlı ünsiyyət aradan götürülür. Nəticədə ailədaxili problemlər yaranır, insanlarda təkcə özü üçün yaşamaq duyğusu ortaya çıxır, ancaq özünü düşünür. Bunun fəsadları hələ bundan sonra daha da artmağa başlayacaq. Buna görə də hər bir fərd bu problemlə özü mübarizə aparmağa başlamalı, sosial şəbəkədə olmaq üçün özünə vaxt məhdudiyyəti qoymalıdır".
Elnur Rüstəmov qeyd edib ki, hazırda inkişaf etmiş ölkələrdə telefondan asılılıq daha azdır:
"Bu gün telefondan, internetdən asılılıq qlobal məsələyə çevrilib. Artıq inkişaf etmiş ölkələr bu mərhələni az da olsa keçib. İnkişaf etməkdə olan ölkələrdə isə bu problem daha da qabarıq şəkildə büruzə verməkdədir. Çünki inkişaf etmiş ölkələrdə insanlar daha çox sadə funksiyalı telefonlara üstünlük verməyə başlayıb".