Dövlət proqramları respublikanın bütün bölgələrində uğurla icra edilir
Artıq 14 ildir ki, mərhələli şəkildə həyata keçirilən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları öz müsbət nəticələrini verib. Sözügedən proqramların uğurlu icrası nəticəsində respublikanın bütün şəhər və rayonlarında, hətta ucqar dağ kəndlərində belə infrastruktur yaradılıb, iqtisadiyyatın müxtəlif sahələri inkişaf etdirilib, emal və istehsal müəssisələri yaradılıb. Nəticə etibarilə həmi emal müəssisələrinin yaradılması hesabına hər bir bölgədə, regionda, kənddə yeni iş yerləri açılıb, əhalinin məşğulluq səviyyəsi artıb.
19 Mart 2018 16:16 SosialArtıq 14 ildir ki, mərhələli şəkildə həyata keçirilən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları öz müsbət nəticələrini verib. Sözügedən proqramların uğurlu icrası nəticəsində respublikanın bütün şəhər və rayonlarında, hətta ucqar dağ kəndlərində belə infrastruktur yaradılıb, iqtisadiyyatın müxtəlif sahələri inkişaf etdirilib, emal və istehsal müəssisələri yaradılıb. Nəticə etibarilə həmi emal müəssisələrinin yaradılması hesabına hər bir bölgədə, regionda, kənddə yeni iş yerləri açılıb, əhalinin məşğulluq səviyyəsi artıb.
Qeyd etdiyimiz kimi Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları respublikanın hər bir bölgəsində uğurla icra edilib. Bu baxımdan Ağsu rayonunda görülən işləri də xüsusi qeyd etmək lazımdır. Sözügedən rayonda da bütün regional proqramlar, xüsusilə 2014-2018-ci illəri əhatə edən mərhələsi uğurla icra edilib desək yanılmarıq. Belə ki, sözügedən Dövlət Proqramı çərçivəsində təkcə keçən il ərzində rayona 30,7 milyon manat özəl investisiya qoyulub.Bunun 20 milyon manatı sənaye, 6,9 milyon manatı kənd təsərrüfatı və digər sahələrə yönəldilib. Özəl sərmayə hesabına regionun ən iri istehsal müəssisələrindən olan "Az-Qranata" MMC-nin nəzdində dəyəri 20 milyon manat olan yeni şərabsaxlama anbarları kompleksi, süzmə və emal sexi, "Ağsu kənd təsərrüfatı" MMC-nin nəzdində 1,1 milyon manat dəyərində 3600 tonluq pambıq qəbulu məntəqəsi, "Ağsu Aqrotexservis" ASC-nin nəzdində dəyəri 1,5 milyon manat olan istixana kompleksi, Gəgəli kəndi ərazisində 1000 ton istehsal gücünə malik taxıl toxumçuluğu təsərrüfatı, 2000 tonluq anbar, 300 başlıq heyvandarlıq kompleksi, Ərəbsarvan kəndi ərazisində 450 hektarda dəyəri 800 min manat, illik istehsal gücü 60 ton ət, 600 ton süd, 2 ton yun olan 280 başlıq iribuynuzlu mal-qara, 2000 başlıq qoyunçuluq kompleksi istifadəyə verilib.
Padar kəndi ərazisində "Padar Aqro" MMC tərəfindən heyvandarlıq kompleksi yaradılıb. Buraya ilkin olaraq 300 baş keçi və 500 arı ailəsi gətirilib. Pirhəsənli kəndində istixana kompleksi, Daşdəmirbəyli kəndi ərazisində 1,6 hektar sahədə dəyəri 700 min manat olan 600 tonluq taxıl anbarı kompleksinin və digər obyektlərin inşası davam etdirilib. Hesabat ilində əvvəlki ildən fərqli olaraq 3,3 dəfə çox olmaqla, 5491 kiloqram barama istehsal edilib. Bu sahənin inkişafı üçün zəruri olan möhkəm yem bazasının yaradılması məqsədilə 48 min ədəd tut tingi əkilib. Ötən il 200,8 hektar sahədən 2807 ton pambıq tədarük olunub, taxıl istehsalında artım qeydə alınıb, heyvandarlıq məhsulları istehsalı üzrə bütün göstəricilər artıqlaması ilə yerinə yetirilib.
Son illərdə, o cümlədən ötən il ixracda müsbət dinamika və meyillər nəzərə çarpır. Xarici bazarlara çıxarılan məhsulların çeşidi və həcmi artıb. "Az-Granata" MMC-nin şirə və şərab emalı zavodu tərəfindən il ərzində dünyanın 18 ölkəsinə 2,8 milyon manat dəyərində alkoqolsuz içkilər ixrac olunub. "Qradus 40" MMC isə Türkiyə və Gürcüstana 266 min manatlıq alkoqollu içki ixrac edib. Keçən il rayonda 1290 ton pomidor və xiyar yetişdirilib. Bunun 1170 tonu müasir tipli istixanalarda istehsal olunub. Həmin məhsulların 400 tonu Rusiya bazarlarına çıxarılıb.
Dövlət proqramları çərçivəsində Ağsuda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində də mühüm addımlar atılıb. Bundan başqa yaşayış məntəqələrinin qazlaşdırılması, fasiləsiz elektrik enerjisi, su təchizatı ilə əlaqədar müvafiq işlər görülüb. Təhsil, səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə əlaqədar lazımı tədbirlər həyata keçirilib.
Dövlət proqramları çərçivəsində aqrar sektorda aparılan islahatlar kənd təsərrüfatı rayonu olan Ağsuda iqtisadiyyatın bu mühüm sahəsinin sürətli inkişafına imkan yaradıb. Vaxtilə ənənəvi sahə olan, sonradan demək olar ki, unudulan bir sıra sahələrin, o cümlədən baramaçılığın, pambıqçılığın yenidən dirçəldilməsi rayonun iqtisadi həyatında böyük canlanmaya səbəb olub. Təkcə keçən ildə 14 kənd inzibati ərazi dairəsi üzrə 54 ailə 2660 qram ipəkqurdu toxumundan 5491 kiloqram məhsul əldə edərək "Şəki İpək" ASC-yə satıb. Həmçinin taxılçılıq da Ağsuda inkişaf etdirilib və taxıl sahələri əkilib. Ümumilikdə, keçən il ərzindı 33 min 322,4 hektar sahədən 79 min 930 ton taxıl istehsal olunub, habelə heyvandarlıqda bütün göstəricilər üzrə dinamik inkişaf təmin edilib. Aqrar sektorda müasir texnologiyanın tətbiqi də xüsusi diqqət mərkəzində saxlanılır. Təsadüfi deyil ki, "Süsən Aqro" MMC 935 hektar taxıl sahəsinin hər hektarından 47,3 sentner məhsul götürüb. Rayonda müasir texnologiyalar əsasında 5 hektarda istixana kompleksi istifadəyə verilib və hazırda 6 hektar ərazidə yeni istixana tikilir. Aqrar sektorun digər sahələrində də bir çox uğurlar əldə olunub. Hesabat dövründə rayon üzrə ümumi məhsul buraxılışının həcmi 127 milyon manat təşkil edib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz çoxdur.
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası, sahibkarlar göstərilən dövlət dəstəyi Ağsu rayonunda da yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun artmasına imkan yaradır. 2017-ci ildə rayonda 1850 daimi iş yeri açılıb. Həmin iş yerlərinin 16-sı yeni yaradılan müəssisələrdə, 233-ü mövcud müəssisə və təşkilatlarda, 1601-i isə fiziki şəxslərdədir. Aqrar sektorda aparılan islahatların, pambıqçılıq, baramaçılıq kimi ənənəvi sahələrin dirçəldilməsinin nəticəsi olaraq rayonda minlərlə mövsümi iş yerləri də yaranıb. Təkcə pambıqçılıq sahəsində ötən il 1600 nəfər işçi çalışıb.
Ağsuda Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları çərçivəsində tikinti-quruculuq, təhsil, səhiyyə, mədəniyyət və xidmət sahələrində görülən işlər də qaneedici sayıla bilər.
Ölkəmizin kənd təsərrüfatında aparılan islahatlar aqrar bölgə olan Ağsu rayonunda da iqtisadiyyatın bu sahəsinin inkişafına güclü təkan verib. 2017-ci ildə Ağsu rayonunda da kənd təsərrüfatının inkişafında 6,1 faiz artım qeydə alınıb. Belə ki, ötən il aqrar sektorda 75,6 milyon manatlıq məhsul istehsal olunub ki, bu da əvvəlki ildən 4,4 milyon manat çoxdur. Məhsul istehsalının 36,6 faizi bitkiçilik sahələrindəndir. Təkcə keçən il pambıq istehsalı əvvəlki ilə nisbətən 2,7 dəfə artaraq 2786,8 tona çatıb.
Ağsu rayonunda kənd təsərrüfatının aparıcı sahələrindən olan heyvandarlıqda ötən il uğurlu nəticələr əldə edilib. Yola saldığımız 2017-ci ildə heyvandarlıq üzrə bütün göstəricilər əvvəlki ildəkinə nisbətən artıb. Bu artım neçə illərdi ki, davam etməkdədir. Keçən il diri çəkidə ət istehsalı 60 ton artaraq 4492 tona, süd istehsalı 356 ton artaraq 30 min tona çatıb. Habelə yumurta istehsalı 86 min ədəd çoxalaraq 7 milyon 903 min ədəd, yun istehsalı isə 3 ton artaraq 306 ton olub.
Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına müvafiq olaraq rayonda ixracyönümlü məhsulların, o cümlədən pambıqçılığın və baramaçılığın inkişafı istiqamətində görülən işlər artıq öz nəticəsini verir. Belə ki, 2016-cı ildə cəmi 35 nəfər fiziki şəxsin çalışdığı 1092 hektarda pambıq əkildiyi halda, ötən il 159 nəfər tərəfindən 2500,8 hektarda məhsul yetişdirilib. Baramaçılığa da maraq artıb. 2017-ci ildə baramaçılıqla məşğul olanların sayı iki dəfədən çox artaraq 52 nəfərə çatıb. Barama istehsalı 1691 kiloqramdan 5492 kiloqrama çatıb. Aqrar sektora göstərilən dövlət dəstəyi, verilən subsidiyalar insanların ixracyönümlü, eləcə də yerli şərait üçün əlverişli olan kənd təsərrüfatı məhsullarının istehsalına marağını artırıb.
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları və "Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" Azərbaycan Prezidentinin 2017-ci il 17 mart tarixli Sərəncamına uyğun olaraq, 170 kənddə icra olunan layihələrin böyük hissəsi uğurla yekunlaşıb. Layihələrin yekunlaşmasına və kəndlərə içməli suyun verilməsinə həsr olunmuş ilk açılış mərasimi Ağsu rayonunun Padar kəndində keçirilib. Tədbirdə bildirilib ki, Ağsu şəhərinin içməli su probleminin həll edilməsi mühüm hadisədir və sakinlərin məişət şəraitinin yaxşılaşdırılmasına xidmət edir. Ümumilikdə Padar kəndinin su təchizatının yaxşılaşdırılması məqsədilə 1,6 kilometr kənddaxili su xətti çəkilib, 12 bulaq quraşdırılıb. Növbəti illərdə Ağsu rayonunun su çatışmazlığı müşahidə olunan digər kəndlərində də belə layihələrin həyata keçirilməsi üçün araşdırmalar aparılır. Ümumilikdə Ağsu rayonunda icra olunan layihə 20 yaşayış məntəqəsini - Padar, Ərəbmehdibəy, Gəgəli, Qasımbəyli, Növcü, Yuxarı Növcü, Məlikçobanlı, Hacıqədirli, Ərəbsarvan, Axundlu, Gursulu, Kalağaylı, Nəmirli, Bənəcik, Göydəlləkli, Xəlilli, Qaraməmmədli, Navahı, Ülgüc və Bico kəndlərini əhatə edir. Layihəyə əsasən, 18 kəndə içməli suyun Külüllü mənbəyindən, Bico və Gəgəli kəndlərinə isə digər mənbələrdən verilməsi nəzərdə tutulub.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir