Bütün gözəlliyi tanrım o sərvinazə verib...
Həmin sərvinaz Zülfiyyə Eldar qızıdır. Əməkdar jurnalist Hikmət Cəmilzadənin yazdığı kitab belə adlanır...
19 Mart 2018 13:50 SosialElçin Hüseynbəyli
Həmin sərvinaz Zülfiyyə Eldar qızıdır. Əməkdar jurnalist Hikmət Cəmilzadənin yazdığı kitab belə adlanır...
Mən Zülfiyyə Eldarqızının adını bilməzdən öncə özünü görmüşəm. Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda qələm dostlarımızın birinin tədbirində kövrək səslə şeir oxudu. Sonra Yazıçılar Birliyində bir neçə dəfə görüşdük. Məlum oldu ki, xalq yazıçısı Anarın yaradıcılığı barədə elmi iş yazır. Və sonralar həmin elmi iş kitaba çevrildi... Düzü, bu cür məsələlərdə təfsilata varmağı xoşlamıram. Ona görə də keçək əsas məsələyə...
Mən Zülfiyyə xanımı Hikmət Cəmilzadənin yuxarıda adını çəkdiyim kitabından tanıdım. Nücə tanıdım? Bunu bilmək üçün gərək kitabı siz də oxuyasınız. Onda biləcəksiniz ki, Zülfiyyə xanım təkcə aktrisa və qiraətçi deyil. O, həm teatrşünasdır, həm kinoşünas, həm də publisist. Əsası isə aktyorlara dil dərsi keçir, yəni səhnə dili və mədəniyyəti.
Onu da bildim ki, Zülfiyyə xanım qayğıkeş müəllimədir, gözəl, mehriban anadır.
Kimlər onun haqqında söz deməyib: professorlar - Nizaməddin Şəmsizadə, gülşən Əliyeva; xalq artistləri - Canəli Əkbərov, Həmidə Ömərova; yazıçı dramaturqlar - Aqşin Babayev, Əli Əmirli...
Bu siyahını, əlbəttə, uzatmaq olar. Amma söhbət onda deyil, kitabdadır...
Kitab çox peşəkar yazılıb. Sanki bir şəxs haqqında sənədli oçerk yox, maraqlı bədii əsər oxuyursan. Lap düzünü bilmək istəsəniz, bu kitabı həm də biblioqrafik göstəricinin əsası saymaq olar. Çünki Zülfiyyə xanımın bələdçisi Hikmət bəy səliqə-səhmanlı iş görüb. Zülfiyyə xanımın uşaqlığından tutmuş bu günə kimi bütün həyat və yaradıcılığını ayrı-ayrı bölmələr şəklində verib. Onun teatr yaradıcılığı ilə maraqlananlar teatr bölməsindən, kino işi ilə maraqlananlar kino bölməsindən yararlana bilərlər.
Müəllif elə girişdəcə Zülfiyyə xanımın bir insan kimi xarakterini açmağa çalışır. Dünyadan nakam getmiş tələbəsi Asiman Quliyevaya göstərdiyi diqqətdən danışır. Əslində müəllif danışmır, Asimanın valideynlərinin dilindən olmuşları anladır.
Zülfiyyə xanımın keşməkeşli həyatı, məcburi köçkün düşmüş doğmalarının onun haqqında ümidləri və bu ümidləri necə doğrultması kitabda yığcam, amma dolğun əks olunub.
Bir Azərbaycan qadınından, anadan, həyat yoldaşından yazmaq da hər adamın işi deyil. Hikmət Cəmilzadə bunu bacarıb, özü də yaxşı bacarıb.
Siz də Zülfiyyə xanımı tanımaq istəyirsinizsə, "Bütün gözəlliyi tanrım o sərvinazə verib..." kitabını oxuyun. Həm müəllifi, həm də əsərin qəhrəmanını yaxından tanımağınıza peşman olmazsınız...
Elçin Hüseynbəyli
Mart, 2018