Əmək Nazirliyi 15 mənzili Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verdi
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yeni yaşayış binalarından alınaraq təmir etdirilmiş 15 ədəd mənzil Sumqayıt şəhərindən olan Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim edilib.
19 Mart 2018 13:18 SosialAzərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yeni yaşayış binalarından alınaraq təmir etdirilmiş 15 ədəd mənzil Sumqayıt şəhərindən olan Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim edilib.
Müasir tələblərə uyğun yaşayış şəraitinin yaradıldığı mənzillərdən 9 ədədi şəhid ailələrinin, 6 ədədi isə Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib.
Mənzillərin təqdim olunması tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov ölkəmizdə həyata keçirilən uğurlu sosial siyasətin sosial müdafiə sisteminin gücləndirilməsi, sosial cəhətdən həssas əhali qruplarına dövlət qayğısının artırılması, habelə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin rifah halının yaxşılaşdırılması istiqamətində mühüm addımların atılmasına imkan verdiyini bildirib. Nazir müavini eyni zamanda Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı proqramının icrası sahəsində görülən işləri diqqətə çatdırıb.
Yeni mənzillərlə təmin olunan Qarabağ müharibəsi əlilləri və şəhid ailələri maddi təminatlarının gücləndirilməsi və həyat şəraitlərinin yaxşılaşdırılması, bütün sosial proqramların davam etdirilməsi istiqamətində aparılan işlərdən razılıq hisslərini ifadə ediblər. Onlar pensiya və müavinətlərinin, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün Prezidentin aylıq təqaüdlərinin artırılmasına, eyni zamanda, əziz bayramımız olan Novruz bayramı ərəfəsində yeni mənzillərlə təmin olunduqlarına görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.