Regionların sosial-iqtisadi inkişaf proqramları yeni iş yerlərinin açılmasına təkan verir
Regionların sosial-iqtisadi inkişafı proramlarının icrası respublikanın əksər rayonlarının iqtisadi inkişafını təmin etməklə yanaşı, əhalinin sosial vəziyyətinin də yaxşılaşmasına səbəb olub. Xüsusən, bölgələrdə kənd təsərrüfatı sahəsinin inkişafı ümumilikdə ölkənin ixrac potensialının artması ilə nəticələnib.
16 Mart 2018 17:21 SosialRegionların sosial-iqtisadi inkişafı proramlarının icrası respublikanın əksər rayonlarının iqtisadi inkişafını təmin etməklə yanaşı, əhalinin sosial vəziyyətinin də yaxşılaşmasına səbəb olub. Xüsusən, bölgələrdə kənd təsərrüfatı sahəsinin inkişafı ümumilikdə ölkənin ixrac potensialının artması ilə nəticələnib. Regionların sosial-iqtisadi inkişafı proramlarının icrası Cəlilabad rayonunda da ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafına təkan verib. Belə ki, rayonda ənənəvi əkin sahəsi olan pambıqçılığın inkişaf etdirilməsi üçün ardıcıl iş aparılıb, dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan əlverişli torpaq sahələri müəyyənləşdirilib, sahələrin şumlanması, toxumla təchiz olunması və suvarılması üçün zəruri tədbirlər görülüb. Keçən il rayonda 500 hektar sahədə pambıq əkilib və 1000 ton məhsul istehsal edilib.Əvvəllər əhalinin məşğuliyyət sahələrindən biri olan, lakin sonralar dövriyyədən çıxan baramaçılığın inkişafına diqqət artırılıb, bu məqsədlə ilkin olaraq 10 min ədəd tut ağacı əkilib, baramaçılar tərəfindən "Şəki-ipək" ASC-yə 243 kiloqram məhsul təhvil verilib.Rayon ərazisində 8 sahibkara məxsus 13 istixanada 115,1 min ton kənd təsərrüfatı məhsulları, o cümlədən 52,0 ton pomidor, 63,0 ton xiyar və 650 kiloqram çiyələk istehsal olunub. Məlum olduğu kimi kənd təsərrüfatı məhsulları istehsalının artırılmasında suvarma sisteminin mövcudluğu xüsusi əhəmiyyət daşıyır. Bu amil nəzərə alınaraq keçən il 30,0 min hektar əkin sahəsi suvarılıb. Bundan başqa, 27 hidrotexniki qurğu təmir edilib, 414 kubmetr kanal lildən təmizlənib. Dövlət tərəfindən ayrılmış vəsait hesabına müxtəlif kəndlərdə 5 artezian quyusunun qazılması əkin suyuna tələbatın ödənilməsində mühüm rol oynayıb. Cari ildə smeta dəyəri 1,5 milyon manat olan İncəçay su anbarının yenidən qurulması nəticəsində 1000 hektardan çox əkin sahəsinin suvarılması reallaşacaqdır.İl ərzində "Aqrolizinq" ASC-nin Cəlilabad regional nümayəndəliyi tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına 70 faiz güzəştlə 3944 ton azot, 1966 ton kalium,1504 ton amafos, 1359 ton digər gübrələr satılıb. Rayonda heyvandarlığın inkişafına da xüsusi diqqət yetirilib. Əhalinin heyvandarlıq məhsulları ilə təminatının yaxşılaşdırılması və məhsul istehsalının artırılması rayon kənd təsərrüfatı və baytarlıq idarələrinin daim diqqət mərkəzində saxlanılıb. Görülən tədbirlər nəticəsində keçən il 23,0 min ton ət, 82,4 min ton süd, 41,3 milyon ədəd yumurta istehsal edilib. Həmçinin lizinq yolu ilə rayona 499 baş cins mal-qara gətirilib, 3114 baş qaramal süni mayalandırılıb və 1525 baş cins buzov alınıb. Hazırda şəxsi təsərrüfatlarda 99391 baş qaramalın, 122987 baş davarın və 624572 baş quşun bəslənməsi heyvandarlığa göstərilən qayğının real nəticəsidir. Həmçinin "Cəlilabad-broyler" ASC tərəfindən əhaliyə 3635 ton yüksək keyfiyyətli quş əti satılıb.
Regionların sosial-iqtisadi inkişafı proqramı çərçivəsində rayonda aqroparkların yaradılmasına xüsusi əhəmiyyət verilir. Hazırda fəaliyyətdə olan "Günəşli aqroparkı"nın ümumi sahəsi 1600 hektardır ki, onun da 1200 hektarında müasir suvarma sistemi - pivot quraşdırılıb. Ümumi dəyəri 12,7 milyon manat olan bu sistemin qurulmasına Sahibkarlığa Milli Kömək Fondu tərəfindən 4 milyon manat güzəştli kredit verilib. Aqroparkın torpaqlarının 563 hektarında arpa, 530 hektarında şəkər çuğunduru, 219 hektarında buğda,160 hektarında pambıq, 68 hektarında qarğıdalı, 60 hektarında isə yonca əkilib. Aqroparkda 500 baş südlük istiqamətli heyvandarlıq kompleksi üzrə 2 ferma binası, talvarlar və yardımçı binalar tikilib. Gələcəkdə 2500 baş ətlik istiqamətli heyvanların saxlanılması və mal-qaranın ümumi sayının 3000 başa çatdırılması nəzərdə tutulur. İlkin mərhələdə "Aqrolizinq" ASC-nin xəttilə xaricdən 232 baş cins inək gətirilib, 40 elektron və 20 mexaniki sağım aparatı quraşdırılıb. Hazırda isə yeni ferma binalarının, gündəlik emal gücü 20 ton olan süd zavodunun və illik gücü 1000 ton olan ət kəsimi zavodunun tikintisinə başlanılıb. Layihənin icrası nəticəsində 350-dək yeni iş yeri açılacaq.
Yeri gəlmişkən qeyd edək ki, regionların sosial-iqtisadi inkişaf proqramları çərçivəsində mövcud iqtisadi potensialdan daha səmərəli istifadə olunması və ixracın artırılması üçün rayonda bir sıra məqsədyönlü tədbirlər həyata keçirilib. Belə ki, Muğan kəndində gündəlik istehsal gücü 5 ton olan bitki yağları zavodu, Qarazəncir kəndində gündəlik istehsal gücü 450 kiloqram olan pendir sexi və Uzuntəpə kəndində 50,0 hektar ərazidə balıqçılıq təsərrüfatı yaradılıb. Həmçinin Rusiya Federasiyasına 81,6 min ton kartof və 76 ton çiyələk, Küveyt dövlətinə isə 12 ton üzüm ixrac edilib.Rayonda ətraf mehitin və ekologiyanın qorunması, mövcud meşələrin mühafizəsi və yeni yaşıllıqların salınması da diqqət mərkəzindədir. Belə ki, keçən il İDEA layihəsi çərçivəsində təmiz ekoloji mühitin yaradılması və yeni yaşıllıqların salınması məqsədilə rayonun landşaftına uyğun olan 20500 ədəd ağac əkilib. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində həyata keçirilən tədbirlər rayonda sahibkarlığın inkişafına da təsirsiz ötüşməyib. Belə ki, kənd təsərrüfatı məhsulları istehsalı və ticarət-iaşə xidməti məqsədilə 63 sahibkara torpaq sahəsi ayrılıb, 18 obyektin tikintisinə icazə verilib. Eyni zamanda rayonda fəaliyyət göstərən bank filialları və kredit təşkilatları tərəfindən 7590 hüquqi və fiziki şəxsə 15 milyon 825 min manat, Sahibkarlığa Milli Kömək Fondu tərəfindən isə 170 sahibkara 1 milyon 329 min manat məbləğində kredit verilib. O da etiraf edilməlidir ki, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası həm də bölgə əhalisinin sosial vəzyiyyətinin yaxşılaşmasına səbəb olub. Cəlilabad rayonunda da bu sahədə naliyyətlər əldə edilib. Ümumilikdə ötən il ərzində pensiyaçılara 52,5 milyon manat, işləyən sığortaolunanlara isə 2,4 milyon manat vəsait ödənilib ki, bu da əvvəlki ilin eyni dövrünə nisbətən xeyli çoxdur. 2016-cı il fevralın 15-dən avtomatlaşdırılan ünvanlı sosial yardımın təyinatı nəticəsində 1506 nəfərə hər ay 221 min 614 manat vəsait ödənilib. Həmişə olduğu kimi, məcburi köçkünlərin, şəhid ailələrinin, Qarabağ müharibəsi, 20 Yanvar və Çernobl əlillərinin sosial problemlərinə diqqətlə yanaşılıb. Rayonda məskunlaşmış 296 ailənin 105-i təbii qazla və 70-i içməli su ilə təmin edilib, 43 ailənin icarəsinə ödənişsiz 105 hektar torpaq sahəsi ayrılıb. Sözügedən proqramların icrası nəticəsində əhalinin məşğulluğunun təmin olunması da rayonda prioritet məsələ olub. Həyata keçirilən tədbirlər nəticəsində ötən il rayon məşğulluq mərkəzində işaxtaran kimi qeydə alınan 1240 nəfərin 651-i daimi işlə təmin olunub, 22-nin sənədləri peşə hazırlığı kurslarına göndərilib, 24-ü ictimai işlərə cəlb edilib, 44-nə isə işsizlik müavinəti təyin edilib. Aztəminatlı ailələrin aktiv məşğulluq proqramlarına cəlb edilməsini nəzərdə tutan özünüməşğulluq layihəsi çərçivəsində 20 ailə aktivlərlə təmin edilib və kiçik ailə təsərrüfatları yaradılıb. Bundan başqa, 319 nəfər "Yeni-inşaat -C" MMC-də, 207 nəfər qaz istismarı sahəsində, 103 nəfər Cəlilabad və Göytəpə şəhər kommunal müəssisələri kombinatlarında, 32 nəfər ekologiya sahəsində, 16 nəfər mənzil istismarı sahəsində, 14 nəfər yol istismarı idarəsində, 14 nəfər suvarma sistemləri idarəsində, 12 nəfər rayon elektrik şəbəkəsində, 3 nəfər isə rayon su-kanal idarəsində müqavilə ilə işə qəbul olunub.
Regionların sosial-iqtisadi inkişafı proqramları çərçivəsində rayonda sosial obyektlərin tikintisi və təmiri də diqqət mərkəzində olub. Rayon telekommunikasiya qovşağının və poçtamtın yerləşdiyi 1700 kvadratmetrlik dördmərtəbəli bina əsaslı təmir-tikinti işləri aparılaraq yenidən qurulub, ətrafı abadlaşdırılıb, yaşıllıqlar salınaraq müasir işıqlandırma sistemi quraşdırılıb. Müxtəlif xidmətləri vahid məkanda cəmləşdirən "Şəbəkə" xidmət mərkəzinin yaradılması əhali üçün xüsusi əhəmiyyət kəsb edir. Mərkəzdə poçt xidmətləri, bütün növ ödənişlər, telefon çəkilişləri, internetə qoşulma, İMEİL qeydiyyat, "Elektron hökumət", "Elektron imza", valyuta mübadiləsi, aviabiletlərin və turpaketlərin satışı və digər xidmətlər həyata keçirilir. İl ərzində rayon telekommunikasiya qovşağı tərəfindən 258 abonentə yeni telefon xətti çəkilib, Cəlilabad şəhərində, Sərhədabad, Hamarqışlaq, Ləkin, Sabirabad və Ağdaş kəndlərində köhnə kabellər yenisi ilə əvəz edilib. Abunəçilərin sürətli internetlə təmin olunması üçün Ağdaş, Günəşli, Qarazəncir, Alar, Muğan və Əliqasımlı kəndlərində DSLAM avadanlığı quraşdırılıb. Bununla da internet abunəçilərinin sayı 4069-a çatdırılıb. Bank-maliyyə xidməti göstərilməsi üçün 14 poçt şöbəsində kompüter avadanlıqları quraşdırılaraq colver sisteminə qoşulub. Əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsindən ötrü 616 ədəd dayaq basdırılıb, 72000 metr naqil dəyişdirilib, 2000 ədəd yeni sayğac quraşdırılıb, 900 qüsurlu sayğac yenisi ilə əvəz edilib, 1100 sayğac möhürlənib. Eyni zamanda Uzuntəpə kəndində SMART tipli sayğaclar quraşdırılıb, Sabirabad kəndində SİP kabel çəkilib, Cəlilabad şəhərində, Privolnoye, Alar, Günəşli, Ocaqlı və Suluçeşmə kəndlərində yeni transformatorlar istehlakçıların istifadəsinə verilib. Rayon əhalisinin təbii qazla təminatı məsələsi də diqqətdən kənarda qalmayıb. İl ərzində Lənkəran regional qaz istismar idarəsinin Cəlilabad xidmət sahəsi tərəfindən Cəlilabad və Göytəpə şəhərlərində, Uzuntəpə, Kazımabad, Seyidbazar, Uzuntəpə kəndlərində köhnə borular yenisi ilə əvəz edilib. Konkret olaraq Gülməmmədli kəndində 373 abonentə təbii qaz verilib, Xəlilabad kəndinə isə yaxın günlərdə verilməsi nəzərdə tutulub. Onu da vurğulayaq ki, indinin özündə də sözügedən proqramın icrası davam etdirilir. Bu isə rayonun ümumu inkişafına təsirsiz ötüşməyəcək.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir