“Azərsu” Fransada mükafat alıb
Fransanın paytaxtı Paris şəhərində “Qlobal ticarət liderləri” klubunun təşkilatçılığı ilə “Keyfiyyət və mükəmməlik üzrə Beynəlxalq Mükafat”ın təqdim olunması mərasimi keçirilib. “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, təqdimat mərasimində dünyanın 30 ölkəsini təmsil edən şirkətlərə fəaliyyət göstərdikləri ölkələrdə qazandıqları nailiyyətlərə görə beynəlxalq mükafatlar verilib.
16 Mart 2018 16:08 SosialFransanın paytaxtı Paris şəhərində "Qlobal ticarət liderləri" klubunun təşkilatçılığı ilə "Keyfiyyət və mükəmməlik üzrə Beynəlxalq Mükafat"ın təqdim olunması mərasimi keçirilib. "Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən "OLAYLAR"-a bildirilib ki, təqdimat mərasimində dünyanın 30 ölkəsini təmsil edən şirkətlərə fəaliyyət göstərdikləri ölkələrdə qazandıqları nailiyyətlərə görə beynəlxalq mükafatlar verilib.
Tədbirdə ölkəmizi təmsil edən "Azərsu" ASC-nin "Birləşmiş Sukanal" MMC əvvəlcədən keçirilmiş gizli səsvermə nəticəsində keyfiyyət, nüfuz və liderlik meyarlarına görə keyfiyyət üzrə beynəlxalq mükafata layiq görülüb. Bu mükafat "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində su sektoru üzrə görülən işlərin təsdiqidir.
"Qlobal ticarət liderləri" klubunun rəsmiləri son illər Azərbaycanda əhalinin içməli su və kanalizasiya xidmətlərindən istifadəsi sahəsində görülən işləri və həyata keçirilən layihələri yüksək qiymətləndiriblər. Təqdimat mərasimində təşkilatın baş direktoru Rozo Lopes "Keyfiyyət və mükəmməlik üzrə Beynəlxalq Mükafat"ı "Birləşmiş Sukanal" MMC-nin direktoru Ramin Sadıqova təqdim edib.
Mərasimdə çıxış edən "Birləşmiş Sukanal" MMC-nin direktoru Ramin Sadıqov təltifə görə minnətdarlığını bildirib, bunu Azərbaycanın içməli su sektoruna və bu sahədə çalışanların əməyinə verilən yüksək dəyər kimi səciyyələndirib. R.Sadıqov qeyd edib ki, Azərbaycanın məhdud su ehtiyatlarına malik olmasına və həmin ehtiyatların qeyri-bərabər paylanmasına baxmayaraq, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində bu sahədə böyük nailiyyətlər əldə edilib. Azərbaycanda dünyanın ən müasir su təchizatı obyektlərindən sayılan Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğular kompleksi tikilib istismara verilib. Dövlət başçısını tapşırığına əsasən, ölkənin ən ucqar kəndlərinin də içməli su təchizatının yaxşılaşdırılması sahəsində genişmiqyaslı tədbirlər həyata keçirir.