Nəsimi rayon məktəbliləri Naxçıvana səfərə hazırlaşırlar

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə yeniyetmələrin respublikamızın müxtəlif rayonları ilə tanışlığı üçün təşkil olunmuş maarifləndirici tur-aksiya çərçivəsində Nəsimi rayonundan olan məktəblilərlə görüş keçirilib.

 "Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən "Ölkəmizi tanıyaq" devizi ilə yeniyetmələrin respublikamızın müxtəlif rayonları ilə tanışlığı üçün təşkil olunmuş maarifləndirici tur-aksiya çərçivəsində Nəsimi rayonundan olan məktəblilərlə görüş keçirilib. Görüşdə bildirilib ki, təsdiq olunmuş proqrama əsasən Nəsimi rayon yeniyetmələri Naxçıvan Muxtar Respublikasının görməli yerlərində olacaq, Heydər Əliyev Mərkəzində, tarixi abidələr, tarix-diyarşünaslıq muzeyləri ilə yaxından tanış olacaqlar. Tur zamanı həmçinin şagirdlərin asudə vaxtlarının səmərəli təşkili də nəzərə alınıb. Aksiya qədim tariximizin, bölgələrdə olan maddi-mədəniyyət abidələrimizin, adət-ənənələrimizin öyrənilməsi baxımından məktəblilərin yaddaşında əvəzsiz iz buraxacaq. İştirakçıların bir çoxu ölkəmizin bu bölgəsində ilk dəfə səfər edəcək və onlar evlərinə çox böyük təəssüratlarla qayıdacaqlar. Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov məktəblilərə turun məqsədi barədə məlumat vermiş, ölkə başçısı cənab İlham Əliyevin gənc nəslin tərbiyəsi, onların savadlı, vətənpərvər böyüməsi və fiziki inkişafı istiqamətində gördüyü işlərdən danışıb, bu kimi turların təşkilinin də həmin tədbirlər çərçivəsində olduğunu vurğulayıb. Bildirib ki, doğma Azərbaycanın ayrı-ayrı guşələrinin rayon məktəbliləri tərəfindən daha yaxşı tanınması, o cümlədən onların bölgələrimizin zəngin turizm potensialı, tarixi-mədəni abidələri, muzeyləri ilə tanış olması baxımından maarifləndirici tur aksiyaların əhəmiyyəti çox böyükdür. Qeyd olunub ki, cari ilin yay aylarında da Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən yeniyetmələr üçün respublikamızın dilbər güşələrində hərbi vətənpərvərlik təmayüllü yay istirahət düşərgələrinin təşkil olunması nəzərdə tutulub. Tədbirdə Nəsimi rayon məktəbliləri və tur aksiya iştirakçıları tərəfindən sözləri şair Zahid Əzizə, musiqisi isə gənc bəstəkar Elvin Muxtara məxsus olan "Ölkəmizi tanıyaq" himni böyük coşqu ilə ifa edildi. Daha sonra tədbir 2 və 3 saylı Uşaq Gənclər İnkişaf Mərkəzlərinin kollektivlərinin rəngarəng milli rəqsləri ilə başa çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31