Cahangir Məmmədli: "Jurnalistikamız dövlətimizə və onun simvollarına qarşı çıxanlarla mübarizə aparmalıdır"
10 Mart 2018 13:39 SosialJurnalistlərin 7-ci qurultayında çıxış edən Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli bildirib ki, xaricdə elə insanlar var ki, Azərbaycana qara yaxmaqla məşğuldurlar:
"Onlara üzümü tutub deyirəm. Kimlərinsə diktəsi ilə hərəkət etsələr də, sonda yenə Azərbaycana qayıdacaqlar. Mən hamını belə insanlara qarşı mübarizə aparmağa çağırıram. Jurnalistikamız dövlətimizə və onun simvollarına qarşı çıxanlarla mübarizə aparmalıdır".
Çıxış edən "Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov müstəqillik dövründə mətbuata dövlət qayğısından danışıb. O, mətbuat tarixində iki böyük şəxsiyyətin təsirindən danışıb:
"Onlardan biri Həsən bəy Zərdabidir ki, o Azərbaycanda mətbu sözün banisidir. O, Azərbaycanda oxu mədəniyyətinin zəif olduğu dövrdə milli mətbuatın əsasını qoydu. "Əkinçi"dən əvvəl də, sonra da mətbuat həmişə senzuraya məruz qalıb. Yalnız Ulu öndər Heydər Əliyev senzuranı ləğv etdi, bununla da o azad mətbu sözün banisi hesab edilir. Heydər Əliyev mətbuata sistemli diqqətin əsasını qoyub. Bu mənada bu iki şəxsiyyətin mətbuatımızın inkişafı üçün rolu danılmazdır. Prezident İlham Əliyev də bu diqqəti, qayğını davam etdirir. O, hər bir çıxışında mətbuatı məlumatlandırır".
B.Sadıqov qurultayda səsləndirilən bir sıra təklifləri dəstəklədiyini bildirib: "Bu gün mənzilə ehtiyacı olan jurnalistlər üçün yeni bina tikilir. Jurnalistlərin bu problemi həll edilməklə onların yaradıcılıq eşqi daha da artır. Bundan başqa səsləndirilən təkliflərdən biri mətbuatın əlavə dəyər vergisindən azad edilməsidir ki, bunu da dəstəkləyirəm. Hesab edirəm ki, Mətbuat Şurası haqqında qanun qəbul olunmalıdır. Şura fəaliyyətini bu qanun əsasında həyata keçirməlidir".
Qurultayda çıxış edən Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət qeyd edib ki, bəziləri xaricdə və daxildə oturub iddia edirlər ki, dövlət mediaya dəstək verməməlidir, bu, medianın müstəqilliynə xələl gətirə bilər:
"Ancaq bunu deyən adamların özləri bir qayda olaraq xarici dövlətlərdən külli miqdarda pul alırıar, yüz minlərlə, milyonlarla dollar məbləğində yardım alırlar. Həmin insanlar xarici ölkələrdən aldıqları bu yardımların qarşılığında da Azərbaycan dövlətini tənqid etməklə məşğuldular, yaxud ölkə içində xaos yaratmağa xidmət edirlər. Mən də sual edirəm necə olur ki, xarici dövlətdən maliyyə yardımı almaq medianın müstəqilliynə xələl gətirmir, amma bir insanın, bir vətəndaşın, jurnalistin öz dövlətindən aldığı dəstək medianın müstqiliyinə xələl gətirir? Təbii ki, burada məntiq yoxdur, sadəcə olaraq o adamların məqsədi Azərbaycan mətbuatını və Azərbaycan dövlətinin media siyasətini gözdən salmaqdır. Bax bu cür məsələlərə diqqətli olmalıyıq və biz çalışmalıyıq ki, o cür fikirlərlə cəmiyyəti çaşdırmaq istəyən, ajiotaj yaratmaq istəyən, manipulyasiya etmək istəyən insanların qarşısını birlikdə alaq".
A.Həsrət qeyd edib ki, Azərbaycan dövlətinin mediaya verdiyi dəstəyin məqsədi heç də medianın müstəqilliyini əngəlləmək deyil, sadəcə olaraq medianın daha müstəqil, daha möhkəm dayaqlar üstündə dayana bilməsidir.