Ölkənin sosial müdafiə sisteminin gücləndirilməsi təmin edilib

Ölkədə həyata keçirilən sosial-iqtisadi siyasət dövlətin iqtisadi qüdrətini gücləndirməklə yanaşı, əhalinin rifah halının da yaxşılaşdırılmasına xidmət edir. Başqa sözlə, Azərbaycanda müşahidə olunan iqtisadi inkişaf dinamikası əhalinin rifah halının yaxşılaşdırılmasına yönələn güclü sosial siyasətlə tamamlanır.

Bu, həyata keçirilən uğurlu sosial siyasət nəticəsində mümkün olub

Ölkədə həyata keçirilən sosial-iqtisadi siyasət dövlətin iqtisadi qüdrətini gücləndirməklə yanaşı, əhalinin rifah halının da yaxşılaşdırılmasına xidmət edir. Başqa sözlə, Azərbaycanda müşahidə olunan iqtisadi inkişaf dinamikası əhalinin rifah halının yaxşılaşdırılmasına yönələn güclü sosial siyasətlə tamamlanır. Dövlət tərəfindən həyata keçirilən sosial inkişaf kursunun uğurları əhalinin müxtəlif kateqoriyalarına şamil edilməkdədir. Artıq əhalinin sosial qayğıya ehtiyacı olan kəsiminin hər bir üzvü özünə münasibətdə dövlət qayğısını hiss etməkdədir. Davam etdirilən sosial siyasətin mühüm tərkib hissəsi olaraq, respublikada sosial müdafiə sisteminin gücləndirilməsi, sosial cəhətdən həssas əhali qruplarına dövlət qayğısının artırılması, onların həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində məqsədyönlü proqramlar icra olunur. Son günlər pensiyaçıların, əlilliyi olan şəxslərin, o cümlədən müharibə əlillərinin, şəhid ailələri və digər müvafiq kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində imzalanan fərman və sərəncamlar sosial siyasətin tərkib hissəsi kimi dəyərləndirilə bilər. Pensiya və müavinətlərin, müvafiq kateqoriyalardan olan vətəndaşlara təqaüdlərinin artırılması məqsədilə bir ay (fevral) ərzində 13 fərman və sərəncamın imzalanması dövlətin əhalinin sosial müdafiəsinə xüsusi qayğısının növbəti təzahürü olmaqla, ötən dövrdə ölkəmizdə qurulan etibarlı sosial müdafiə sisteminin ildən-ilə gücləndirilməsində növbəti addımların atılmasını təmin edir.
Xatırladaq ki, sosial müdafiə sisteminin mühüm komponentlərindən olan pensiya təminatı bu gün əhalinin 1 milyon 318 min 434 nəfərini əhatə etməklə, sabit sosial rifahın təmin edilməsində önəmli rol oynayır. Həyata keçirilən məqsədyönlü sosial müdafiə tədbirləri əmək pensiyasının orta aylıq məbləğinin 2003-cü ilə nisbətən 11,3 dəfə artaraq 2018-ci il 1 yanvar tarixinə 208,36 manata, yaşa görə əmək pensiyasının orta aylıq məbləğinin isə 233,68 manata çatmasına imkan verib. Bu dövrdə əmək pensiyalarının maliyyələşməsinə yönəldilən illik vəsaitin həcmi də 17 dəfə artıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, "Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında" 9 fevral 2018-ci il tarixində imzalanmış sərəncam sosial sahədə növbəti irəliləyişə əsas yaradıb. Sərəncama əsasən əmək pensiyalarının ümumi məbləğinin 2017-ci ildə ölkəmizdə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq 2018-ci il yanvarın 1-dən 5,7 faiz artırılması təmin edilib. Sərəncam pensiyaçıların 1 milyon 236 min nəfərinə və ya 94 faizinə şamil olunmaqla, onların pensiyalarında müvafiq artımın edilməsi üçün il ərzində ayrılması nəzərdə tutulmuş əlavə vəsaitin həcmi 165,4 milyon manat təşkil edir. Eyni zamanda, müvafiq şəxslərə Prezident təqaüdü 2018-ci il martın 1-dən 10 faiz artırılmaqla, şəhid ailələri üçün 220 manatdan 242 manata, Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün 200 manatdan 220 manata, müharibə və 20 yanvar əlilləri - I qrup əlillər üçün 165 manatdan 181,5 manata, II qrup əlillər üçün 143 manatdan 157,3 manata, III qrup əlillər üçün 110 manatdan 121 manata, 1941-1945-ci illər Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslər üçün 110 manatdan 121 manata çatdırılacaq. Həmçinin sosial müavinət alan ümumi səbəblərdən birinci qrup əlillərə də Azərbaycan Prezidentinin təqaüdlərinin gələn aydan 10 faiz artırılması, Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün Prezidentin təqaüdünün aylıq məbləğinin 1300 manatdan 1500 manata, Prezidentin fərdi təqaüdünün 1300 manatdan 1450 manata, fəxri adlara görə aylıq təqaüdlərin "Xalq" fəxri adı üçün 100 manatdan 150 manata, "Əməkdar" fəxri adı üçün 60 manatdan 100 manata çatdırılması nəzərdə tutulur. Qeyd olunan 9 Fərman və Sərəncam Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə Prezidentin aylıq təqaüdü ödənilən 60 minədək şəxsi əhatə edir. Onların təqaüdlərinə müvafiq artımın edilməsi üçün cari ilin sonunadək dövlət büdcəsindən 9,7 milyon manat əlavə vəsait ayrılacaq. Paralel olaraq, müharibə və 20 yanvar əlilləri Prezidentin aylıq təqaüdü ilə yanaşı, əlilliyə görə əmək pensiyası və ya sosial müavinətlə, habelə şəhid ailəsi üzvləri əmək pensiyası hüquqları olmadıqda aylıq sosial müavinətlə təmin olunurlar ki, həmin sosial ödənişlərin də artırılması təmin olunub.
Onu da qeyd edək ki, ölkəmizdə geniş əhali kontingentini əhatə edən müavinət sistemi də fəaliyyət göstərir. Dövlət bu sahədə də sosial ödənişlərin də mütəmadi artırılması üçün müvafiq addımlar atır. Məhz həmin addımların nəticəsidir ki, 2003-2017-ci illərdə ölkədə müavinətlərin məbləğində dəfələrlə artım özünü göstərib. Xüsusən, sözügedən istiqamətdə qəbul edilən qərarlar bu sahədə bu artım dinamikasını davam etdirməyə imkan verib. Belə ki, ailə başçısını itirməyə və əlilliyə görə sosial müavinət alanlara, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, müharibə veteranlarına, aztəminatlı ailələrdəki 1 yaşınadək uşaqlara və sosial müavinətlər haqqında qanunvericilikdə nəzərdə tutulan digər şəxslərə aylıq sosial müavinətlərin, uşağın doğulmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün, habelə dəfn üçün verilən birdəfəlik müavinətlərin, beşdən çox uşağı olan qadınlara hər uşağa görə verilən müavinətlərin, uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinətin 2018-ci il martın 1-dən 10 faiz artırılması təmin ediləcək. Beləliklə, aylıq və birdəfəlik sosial müavinət alan şəxslərdən ibarət olmaqla, ümumilikdə 560 minə yaxın insana yönələn müavinətlərin artırılması təmin ediləcək. Dövlət həmin müavinətlərə artımların edilməsi üçün ilin sonunadək 24,9 milyon manata yaxın əlavə vəsait ayırcaq. Göründüyü kimi qarşısına əhalinin sosial rifah halının yaxşılaşdırılması məqsədini qoymuş Azərbaycan dövləti bütün növ müavinətlərin artırılması təmin etməkdədir.

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31