1916-ci ildə Bakıda baş vermiş maraqlı əhvalat

"Cəvahir" mağazası; Haşımovun Olkinski küçəsindəki əzəmətli binanın altında bir neçə qapılı mağazada "Əliyev qardaşları" dünyada nə cür qızıl, platin, gümüş, cəvahirat, bəzək əşyası var idisə satırdılar: üzük, sırğa, qolbaq, cütqabağı, medalyon, həmail, belbağı, kəmər və başqa şeylər. Hamısı da əla növ, başdan-başa cəvahiratla - yaqut, ləl, zümrüd, zəbərcəd, mirvari, sədəflə bəzədilmiş, qravyuralı qızıl gümüş papiros qutuları, təkbənd, bir sözlə hər şey... Bu dükanla bağlı iki hadisənin baş verdiyini söyləyirlər. Nikolay istibdadının qızğın vaxtında birdən Olginski küçəsi tərəfdən şübhəli adamları jandarmalar və polislər mühasirəyə alıb başlayırlar tutmağa. Məqsədləri də guya izinə düşdükləri, məşhur ixtilaçını yaxalamaq imiş. O da özünü itirmir, keçir "Cəvahir" mağazasına, tələb edir ki, məni gizlədin. Cəvahirfüruş da onu tanıyırmış, haqqında çox şey eşidibmiş. Belə ixtilalçılardan hamı qorxardı. Neçə gün əvvəl Haşımov (Gənclik) meydanından Velikoknyaz (Zevin) küçəsinə düşən döngədə, Qala divarı ilə üzbəüz sərraf dükanlarından birinə iki nəfər girib stol üstündəki neçə min manat qızıl pulu torbaya tökmək istədikdə, sərraf malını qorumaq məqsədilə özünü qızılın üstünə atır, onu elə yerindəcə tapança ilə öldürüb, qızılları torbaya doldurub dükandan çıxırlar, güllə səsinə gələn polislə atışa-atışa özlərini İçərişəhərə verib, aradan çıxdıqlarını yaxşı bilirdi. Həmin adam o dəstənin başçısı idi. Cəvahirfüruş qorxudan, tez divardakı iri, gizli seyfin qapısını açıb onu gizlədir, qapını da tez qıfıllayır. Jandarmlar doluşur dükana, başlayırlar axtarışa, lakin heç nə tapa bilmirlər, çıxıb getməyə məcbur olurlar. Əlbəttə, pusquda adam qoyurlar. Axşam düşür. Cəvahirfüruş mağazanı bağlayır, gedir evinə, bir də sabahı gün səhər tezdən gəlir, yan-yörəni əməlli yoxlayıb, pusquda heç kəsin olmadığına əmin olandan sonra mağazanı açır və adamı seyfdən azad edir. İkinci hadisə  1916-cı ildə baş verir. Payız günlərinin birində bir general iki polkovnikin müşayiəti ilə gəlib girir "Cəvahir" mağazasına. Bakıda generala çox az rast gəldiyindən adamlar heyrət edirdi. Cəvahirfüruş bərk sevinir ki, yağlı müştəri düşüb tora. Hörmətlə yer göstərir, başlayır dil-ağıza. Polkovnikin biri deyir ki, bizim general xanımı üçün bir qədər bər-bəzək əşyası almaq istəyir, ona layiq bir şey varsa göstərin, yoxsa, başqa mağazaya gedək. Cəvahirfüruş brilyant, zümrüd, yaqut, zəbərcəd, mirvari dolu qutuları düzür stolun üstünə və tərifləyə-tərifləyə bir-bir nişan verir. Polkovniklər ən qiymətli zinət-bəzək əşyası ilə dolu bir neçə qutu ayırıb, generalla astadan danışırlar, o da başı ilə razılığını bildirir; polkovniklər cəvahirfüruşa deyirlər ki, general qalır burda, biz ikimiz bu qutuları aparıb göstərək onun xanımına, nəyi bəyənsə götürər, qalanını qaytarıb gətirərik, haqq-hesabı da çürüdərik. Cəvahirfüruş o saat yoldan ötən faytonu çağırıb onları oturdur, faytonçunun haqqını da verib, yola salır. Bir saat keçir, iki saat keçir həriflərdən xəbər çıxmır... Cəvahirfüruş səbrini itirir, nə edəcəyini bilmir; generaldan da qorxur ki, danışsa qəzəblənər. Axırda dözə bilmir; cəsarətini yığıb generala yaxınlaşır və soruşur ki, cəvahiratı aparanlar harda qaldı, niyə gəlib çıxmırlar? General dinmir. Çək-çevirdən sonra məlum olur ki, hərif laldır. Polisi çağırırlar... İstintaq vaxtı Rostov macəraçılarının, lal bir adama general libası geyindirib gətirib girov qoyub cəvahir qutularını götürərək aradan çıxdıqları aydınlaşır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00