10 manata səməni, 5 manata qarpız.... – BAYRAM BAZARINDAN REPORTAJ
Novruz bayramına sayılı günlər qalıb. Bir çoxları bayramqabağı bahalaşmanın olacağını düşünərək hətta bir neçə həftə öncədən bayram bazarlıqlarını edərək qoz, fındıq və bu kimi köhnəlməyən məhsulları çoxdan alıb.
7 Mart 2018 15:09 SosialNovruz bayramına sayılı günlər qalıb. Bir çoxları bayramqabağı bahalaşmanın olacağını düşünərək hətta bir neçə həftə öncədən bayram bazarlıqlarını edərək qoz, fındıq və bu kimi köhnəlməyən məhsulları çoxdan alıb.
Hazırda bazarlardakı qiymətlərlə maraqlanmaq üçün "Vasmoy" adlanan 8-ci kilometr bazarına yollandıq.
Səhər saatlarında bazarda alıcılıq qabiliyyəti çox aşağı idi. Satıcılar alıcılardan çoxluq təşkil edirdi.
Kimisi çay dəmləyib içir, kimi tum çırtlayır...

Qarının qiyməti 2-3 manat, mal-qaranın baş-ayağının qiyməti 4-6 manat arasında dəyişilir. Almanın qiyməti isə 80 qəpikdən başlayır. Bananın qiyməti 2.50-2.80 manat arasında dəyişilir. Narın qiyməti də yerinə görə dəyişilir: 2 və ya 3 manata təklif olunur. Portağal, mandarin 2 manata, qara gavalı isə 4 manatadır. Qoz ləpəsinin qiyməti 13-23 manat arasında dəyişilir. Mağazada satılan qoz ləpəsindən fərqli olaraq çöldə, vitrində qoyulan xırda və ovulmuş ləpə isə 13 manatadır. Şəki qozunun qiyməti 5 manatdır. Fındığın qiyməti isə 12 manatdan başlayır. Qabıqlı qoz-fındıq almağa üstünlük verənlər isə 6-7 manatdan keçməlidirlər. Xaçmaz fındığı 6 manatdır. Qabıqlı Naxçıvan badamının qiyməti isə 10 manatdan başlayır. Şabalıdın qiyməti isə müxtəlifdir. Qiymətlər 8-14 manat arasında dəyişilir. Zaqatala şabalıdı 8, Qax şabalıdı isə 14 manatadır. Qəbələ şabalıdı 8 manata satılır. Qayısı qurusu 9-10, kişmiş 8 manat civarındadır. Limonun isə 5 ədədi bir manata satılır. Bəzi yerlərdə isə dənəsini 40 qəpiyə satırlar. İydə 7, innab isə 4 manatadır.


Bayramın əsas atributu hesab edilən səmənilərin qiyməti isə 80 qəpiklə 10 manat arasında dəyişilir. 10 manatlıq səmənilərin ömrü daha uzun olur. Buta, ürək formalı səməniləri isə 2-4 manata tapmaq mümkündür.

Hər il bayramqabağı bazarlarda, marketlərdə yumurtanın qiymətinin qalxdığı müşahidə edilir. Maraqlıdır ki, Novruz xonçasının əsas bəzəyi hesab edilən yumurtanın qiymətində hələlik heç bir artım hiss etmədik. Burada qiymətlər standart olaraq 20 qəpikdir.
Bazar bayram məhsulları ilə rəngarəng görünsə də, alıcıların qanı qara idi. Onlar alıcılıq qabiliyyətinin aşağı olmasında gileyləndilər:
"Bayramqabağıdır, amma camaatda bayram əhval-ruhiyyəsi hələ də hiss olunmur. Qiymətləri qaldırmamışıq".
Pomidor 3-4 manat, xiyar 3 manatadır.
Satıcılar çolpaların qiymətini 7 manat desələr də, alıcı cəlb etmək üçün endirim etməyə də hazır olduqlarını bildirdilər:
"7 manatadır, gəl sənə 6-ya verək. Bax gör nə gözəl çolpadır".
Üzüm 7, armud 3.50-yə, qarpız isə 5 manatadır. 1 kilosu 5 manata satılan bu qarpızların Türkiyədən gətirildiyi deyilir.
Bəzi satıcılar artıq bayramqabağı bahalaşmanın labüdlüyündən danışdı:
"Qiymətləri qaldıran biz deyilik. Məhsulun qiymətinin qalxması bizim əlimizdə deyil. Öncəki həftələrlə müqayisədə məhsul əlimizə baha çatdığı üçün biz də məcbur olaraq qiymətləri qaldırırıq ki, özümüzə ziyan dəyməsin".
Sevindirici məqamlardan biri budur ki, bayramqabağı olsa da, satıcıların yer pulları qaldırılmayıb. Əks halda bu da qiymətlərin artmasına təsir edəcəkdi:
"Metrə görə bir günün yer pulu 5 manatdan hesablanır".
Ət məhsullarının qiymətində də elə bir dəyişiklik yoxdur:

"Ciyər 6 manat, baş əti 4-5 manat arasında dəyişilir. Mal əti 11, qoyun və quzu əti isə 12 manata satılır. Balıqların qiyməti isə 4-7 manat arasında dəyişilir. Naxçıvan sazanı ilə Xanı balığı digərləri ilə müqayisədə daha baha, 7 manatdır. Ama ayın 15-dən sonra qiymətləri qaldıracağıq".
Süfrələrə düzülən turşuların qiyməti isə 1.50 manatdan başlayır. Yalnız tutma istiotların qiyməti 3 manatdır. Sfera.az