Müasir dövrdə sosiallaşmanın əsas təkanverici qüvvəsi ailədir
Qloballaşma prosesi fonunda qadınların hüquqlarının qorunması cəmiyyətin inkişafında mühüm yer tutur. Bu məsələ bütün bəşəriyyət üçün aktuallıq kəsb edir. Təəssüflər olsun ki, dünyanın bir çox yerində hələ də milyonlarla qadın fiziki, psixoloji, iqtisadi və cinsi zorakılıqdan əziyyət çəkir.
7 Mart 2018 14:46 SosialQloballaşma prosesi fonunda qadınların hüquqlarının qorunması cəmiyyətin inkişafında mühüm yer tutur. Bu məsələ bütün bəşəriyyət üçün aktuallıq kəsb edir. Təəssüflər olsun ki, dünyanın bir çox yerində hələ də milyonlarla qadın fiziki, psixoloji, iqtisadi və cinsi zorakılıqdan əziyyət çəkir. Dünyanın bir çox ölkəsində cərəyan edən bu mənfi tendensiya fonunda Azərbaycanda qadın zorakılığı o qədər də geniş yayılmayıb və dəhşətli xarakter daşımır desək yanılmarıq. Çünki ölkəmizdə insan hüquq və azadlıqlarına, eləcə də qadınların hüquqlarının qorunmasına xüsusi diqqət yetirilir. Elə millət vəkili Aqiyə Naxçıvanlı da belə deyir. O bildirib ki, Azərbaycan Respublikası insan hüquq və azadlıqlarının mühüm tərkib hissəsi olan qadın hüquqlarının qorunması, düzgün gender siyasətinin həyata keçirilməsi baxımından da nümunə təşkil edir: "Ölkəmizdə "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" və "Məişət zorakılığının qarşısının alınması haqqında" Qanunlar qəbul olunub. Bəhs olunan məsələlər Azərbaycanın gender bərabərliyi ilə bağlı qanununda, eləcə də ölkənin siyasi həyatını tənzimləyən bir sıra digər qanunvericilik aktlarında öz əksini tapıb. Ölkəmizdə qadınların problemləri ilə məşğul olan komitə yaradılıb və neçə illərdir ki, uğurla fəaliyyət göstərir. Ümumiyyətlə, dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan qadın hüquqlarının qorunması üzrə bütün mühüm beynəlxalq sənədlərə qoşulub və mükəmməl milli qanunvericilik bazası yaradılıb. Azərbaycanda kişi və qadınlar arasında qeyri-bərabərlik iqtisadi, sosial, eləcə də siyasi həyatın bütün sahələrində hüquqi nöqteyi-nəzərdən aradan qaldırılıb. Bir məqamı xüsusilə vurğulamaq istərdim ki, Azərbaycanda uğurlu gender siyasətinin əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər hakimiyyətdə olduğu bütün dövrlərdə qadın şəxsiyyətinin önəmini yüksək qiymətləndirib. Hələ Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi işlədiyi 1970-1980-ci illərdə ölkənin sosial-mədəni həyatında qadınların rolu xeyli artıb. Bu sahədə işləyən qadınların ümumi sayında müəllimlər 47 faiz, həkimlər 60 faiz, tələbələr 43 faiz, elmi işçilər 37 faiz təşkil edirdi. Bu dövr yetişən ziyalılar içərisində Azərbaycan qadınlarının xüsusi çəkisi olub. Dövlət müstəqilliyini bərpa etdikdən sonra da Azərbaycan Respublikasında qadın hüquqlarının qorunması üzrə çox mühüm addımlar atılıb, müvafiq qərarlar qəbul olunub. Bu qərarların müəllifi yenə də Ulu öndər Heydər Əliyev olub. 1998-ci ildə "Azərbaycanda qadınların rolunun artırılması haqqında" Sərəncam imzalanıb. Heydər Əliyevin 6 mart 2000-ci il tarixdə "Azərbaycan Respublikasında Dövlət Qadın Siyasətinin həyata keçirilməsi haqqında" 289 saylı Fərmanında qadınlar üçün kişilərlə bərabər imkanlar yaradılması, qaçqın və məcburi köçkün qadınların məşğulluğunun təmin edilməsi məqsədi ilə onların münasib işlə təmin edilməsi proqramının hazırlanıb həyata keçirilməsi, qadınların hüquqlarının müdafiəsinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər və əlavələr edilməsi üçün təkliflər verilməsi haqqında tapşırıqlar verilməsi xüsusi olaraq qeyd edilməlidir. 2000-ci ilin ilk aylarında Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı hazırlanıb. Fəaliyyət Planında qadınlara qarşı zorakılığın bütün formalarının, qadın ticarəti, istismarının qarşısının alınması məsələlərinə ayrıca bir bölmə həsr edilib. Sənəddə qadın hüquqlarının pozulmasında təqsirkar şəxslərə qarşı qanunla nəzərdə tutulan qaydada məsuliyyətə cəlb etmə də daxil olmaqla müvafiq ölçülərin götürülməsi nəzərdə tutulur. Hazırda Ümummilli lider Heydər Əliyevin əsasını qoyuğu gender siyasəti uğurla davam etdirilir. Azərbaycan hökuməti genderin təşviqi sahəsində BMT, ATƏT/DTİHB (Demokratik Təsisatlar və İnsan Haqları Bürosu), AŞ kimi beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Həyata keçirilən məqsədyönlü işlər qadın hüquqlarının qorunmasını təmin etməklə yanaşı, qadınların ictimai fəallığının artırılmasına da töhfələr verir". Millət vəkili deyib ki, ölkəmizdə qadınlar cəmiyyət həyatının müxtəlif sahələrində - ictimai, siyasi, mədəni, hüquqi, sosial, təhsil, iqtisadi və digər sahələrdə uğurla təmsil olunur və yüksək fəallıq nümayiş etdirirlər: "Əslində, bu, Azərbaycan xalqının əsrlər boyu yaşatdığı mühüm ənənələrdən biridir. Məlumdur ki, tariximizin, mədəniyyətimizin, incəsənətimizin bir çox parlaq səhifələri məhz Azərbaycan qadınının adı ilə bağlıdır. Qadınlarımız tarixin müxtəlif dövrlərində bir çox sahələrdə müvəffəqiyyətlə təmsil olunaraq səmərəli, uğurlu nəticələr əldə ediblər, Azərbaycan xalqının istedadı və potensialını nümayiş etdiriblər. Təqdirəlayiq haldır ki, bu gün də bütün fəaliyyətini xalqımızın, dövlətimizin inkişafına həsr edən belə işgüzar, vətənpərvər və milli-mənəvi dəyərlərə bağlı qadınlarımız var. Bu mənada, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti hər bir azərbaycanlı qadın üçün nümunə və iftixar mənbəyidir. Bu gün adı cəmiyyətimizdə xeyirxahlıq, insanlara kömək, nəciblik, alicənablıq məzmunu ilə uzlaşdırılan Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi həyatında aktiv iştiraka marağının artması, cəmiyyətimizdə qadın fəallığı ənənələrinin güclənməsində rolu böyükdür. Mehriban xanım Əliyevanın geniş ictimai-siyasi fəaliyyəti dünya səviyyəsində Azərbaycan qadınının müsbət obrazının formalaşmasında əvəzsiz rol oynayır. Çünki onun humanitar, elm, təhsil sahələrində həyata keçirdiyi tədbirlər həm Azərbaycanda, həm də başqa ölkələrdə yaşayan qadınlar üçün əsl örnəkdir, eyni zamanda, qadınların cəmiyyətdəki rolunun artırılmasına dəstəkdir". Millət vəkili onu da deyib ki, müasir dövrdə sosiallaşmanın əsas təkanverici qüvvəsi ailədir. Onun sözlərinə görə, ailə milli-mənəvi dəyərlərin daşıyıcısı olmaqla yanaşı, cəmiyyətin sağlamlığı və inkişafını təmin edən mühüm institutlardan biridir: "Milli dəyərlərin mühafizə edildiyi və intellektual inkişaf səviyyəsinin yüksək olduğu cəmiyyətlərdə ailə institutun qorunması istiqamətində ardıcıl, məqsədyönlü və sistemli işlər görülür. Ailənin sağlam formalaşması və cəmiyyətə normal adaptasiya və inteqrasiyasında psixoloji, ideoloji və sosioloji, müəyyən mənada dini təsirlərin, həmçinin kənar müdaxilənin olması əksər hallarda müxtəlif maneələrə səbəb olur. Bunlar isə xüsusilə də qloballaşma şəraitində bir çox problemlərə səbəb olur. Ona görə də bu məsələ ilə bağlı geniş maarifləndirmə, təbliğat işləri aparılmalıdır. Azərbaycanda sağlam ailə institutunun qorunması, bu milli dəyərin gələcək nəsillərə ötürülməsi üçün maarifləndirici xarakterli təbliğat işləri davamlı olaraq aparılır. Cəmiyyətdə ailə institutunun yerinin möhkəmləndirilməsi məqsədilə həyata keçirilən ardıcıl tədbirlər ailənin müdafiəsini və ona dövlət qayğısını göstərir. Ümumiyyətlə, Azərbaycanda ailəyə, qadına, ağsaqqala, ağbirçəyə hörmət mühüm və milli dəyərlərimizə xas mental davranışlardandır".
Məhəmməd