25 nəfərin qatili alkoqoliksə...
7 Mart 2018 10:47 SosialOnların psixoloji durumu ilə bağlı bilinməyənlər: özlərini necə aparır, müalicə prosesində nələr edirlər - dosye
Martın 6-da Bakı Narkoloji Mərkəzində baş verən yanğının səbəbkarı həbs edilib. "Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları" diaqnozu ilə müalicə alan Bakı şəhər sakini Məhəmməd Məmmədov martın 3-də həmin cinayətdə şübhəli şəxs qismində tutulub. İlkin dindirmə zamanı cinayəti törətdiyini etiraf edən Məhəmməd Məmmədov ailə üzvlərinin ona qərəzli münasibətinə etiraz əlaməti olaraq və Narkoloji Mərkəzdə müalicə almaq istəmədiyinə görə intihar etmək qərarına gəldiyini bildirib. Bu məqsədlə martın 2-si saat 06 radələrində qaldığı palatada yorğana bürünərək onu alışqanla yandırdığını, alov gücləndikdə özünü öldürmək niyyətindən daşınıb, yanan yorğanı çarpayısının üstünə atdığını, alovun digər palatalara keçməsindən qorxduğu üçün şöbənin qapısı açılan kimi mərkəzi tərk etdiyini göstərib.
Qeyd edilənlər şahid ifadələri, hadisənin başvermə mexanizmi və mərkəzdə olan müşahidə kameralarının görüntüləri ilə təsdiqlənib.
Onlar niyə spirtli içkidən asılıdılar?
"Yeni Müsavat" isə gündəmin əsas mövzusu olan alkoqoliklərin psixoloji durumuna nəzər salmağa çalışıb. Biz onları xəstə kimi qəbul etməliyikmi? Alkoqoliklər narkomanlardan fərqli olaraq daha dözümlü psixologiyaya sahibdilər? Bir sözlə, yuxarıda yazdığımız affekt halın yaranmasına səbəb faktorlar hansılardır?
Spirtli içkidən asılılıq nədir? İnsanın spirtli içkiyə asılılıq dərəcəsində bağlı olmasına alkoqolizm deyilir. Alkoqolizm problemi olan şəxs isə alkoqolik olaraq tanınır. Alkoqolik alkoqolun ona zərər verdiyini bildiyi halda içməkdən imtina edə bilməyən şəxsdir. Valideynlərində alkoqolizm problemi olan uşaqlarda bu xəstəliyin görülmə faizi isə spirtli içki istifadə etməyənlərlə müqayisədə daha yüksəkdir.
Spirtli içkidən istifadə etmə səbəbləri: ümumiyyətlə, spirtli içki içmənin səbəblərindən ən önəmlisi zövq almaq, hissləri düzəltmək, stressdən qurtulmaq və alkoqolik həyat tərzidir. Alkoqolikin içmək üçün hər zaman bir səbəbi var. Xoşbəxtlik, gərginlik, kədər və sair. İçmə fürsətləri sonsuzdur. Tətil, parti, ad günü, dost toplantısı kimi. Alkoqolizm irəlilədikcə problemlər artır, təkbaşına içməyə başlayır, gizlicə içir, şüşələri gizlədir, problemi gizlətməyə çalışır. Peşmanlıq, günahkarlıq hissi keçirir, bunu azaltmaq üçün daha çox içirlər. Spirtli içki içdikcə depressiya da artır, depressiya artdıqca daha çox spirtli içki qəbul edirlər. Yuxu keyfiyyəti aşağı düşür, gecə oyanır və krizə girirlər. Ağrılar və nəfəs darlığı artır, bunu aradan qaldırmaq üçün daha çox içirlər.
Onları belə tanıyaq - əlamətləri
Alkoqolizmin fiziki əlamətləri: Qırmızı burun, ovuc içi qızarması, gözün kornea təbəqəsində yağ halqası, əldə tremor, siqaret yanıqları, göyərtilər, əl və ayaqlarda qismən iflic.
Alkoqolizmin sosial nəticələri: Boşanma, tərk edilmə ev-iş problemləri, yol qəzaları, hüquqi problemlər, həbs, türmə.
Alkoqolizmin bədənə verdiyi zərərlər: Qaraciyər serrozu, korluq, kardiyomiyopati (ürək genişlənməsi), yüksək təzyiq, əzələ yırtığı, qan xəstəlikləri, pankreas iltihabı, iflic və beyincik zədəsi nəticəsində müvazinət itkisi.
Alkoqolizmin psixoloji nəticələri: Paranoya kimi əqli xəstəliklər, depressiya, intihar, yaddaş itkisi və erkən xərifləmə.
Alkoqolizm müalicəsi: Həddən artıq sərxoşluq zamanı şok durumu ortaya çıxmasa, özəl müalicə lazım gəlməz. Amma xəstənin qusdurulması və tədbir məqsədilə xəstəxanaya aparılması doğrudur. Əgər şok ortaya çıxarsa, xəstə dərhal xəstəxanaya aparılmalıdır.
Müalicənin fərqli üsulları
Xronik alkoqolizmdə isə durum hər zaman ciddidir və müxtəlif üsullarla müalicə edilməlidir:
Dərman müalicəsi: dərman spirtli içkidən istifadə edildiyi halda son dərəcə qüvvətli təsirlər meydana gətirir. Bu formada spirtli içkinin ona təsir etmədiyinə inanan insan içkidən soyuyur. Dərmanın təsirli olması üçün sistemli olaraq hər gün qəbul edilməsi vacibdir. Dərman müalicəsinin uyğun bir klinika və səlahiyyətli həkim nəzarətində edilməsi lazımdır.
Spirtli içkinin pəncəsindən qurtulanların bir çox ölkədə qurduğu alkoqoliklərə yardım "Anonim Alkoqoliklər" (Alcoholics Anonymous) təşkilatı həm alkoqoldan qurtulmada, həm də alkoqola qayıtma mübarizəsində insanlara yardım etməkdədir.
Psixoterapiya (ruhi müalicə)nin də müalicə edici xarakterdə olduğu son zamanlarda sübut edilib.
Spirtli içkidən istifadənin əndazədən çıxmağa başladığını göstərən əlamətlər: istifadə edilən spirtli içki miqdarı bəzən lazımi ölçüdə kimi görünsə də, insanın həyatında problem yaratmağa başlaya bilər. Bu zaman alarm siqnallarına qulaq vermək lazımdır.
Alkoqoliklərdə emosional vəziyyətlə əlaqədar şikayətlər psixiatrik xəstəxanadakı xəstələrin şikayətlərinə bənzəyir. Əgər xəstəliklə psixoloji cəhətdən maraqlanılmazsa, pasiyent sağalmaz. Bu bir neçə şəkildə (qrup terapiyası və ya fərdi psixoterapiya) ilə reallaşa bilər. Bəzi alkoqoliklərdə depressiya kimi digər psixiatrik xəstəliklər də görülə bilər. Əgər problem həmçinin psixiatrik xəstəlikdirsə, alkoqolizm müalicəsi ilə yanaşı xüsusi bir müalicə də lazımlı olacaq.
Uzunmüddətli müalicə proqramında sakitləşdiricilər istifadə edilməməlidir. Bu dərmanlar da eynilə spirt kimi asılılıq yaradır, yalnız məhrumluq əlamətlərinin korreksiyası zamanı istifadə edilə bilər.
Terapiya, bu gün yaşanılanlar, keçmişlə əlaqədar günahkarlıq duyğuları və gələcək qorxularıyla üzləşməsi üzərində qurulur. Buna görə də pasiyentin bu müddət ərzində təmkinli olması içki qəbulunun aradan qaldırılması qədər əhəmiyyətlidir. Bir çox alkoqolik üçün spirt qəbulu güclülük və azadlıq kimi proyeksiyalara səbəb olur. Spirtin təsiri altındaykən, özlərini bütün sosial təzyiqlərdən xilas olmuş kimi hiss edirlər. Inciklik və hirs səbəbi ilə də tükəndiklərini hiss edirlər.
Alkoqolizm sosial münasibətlərin pozulmasına səbəb olur. Ailə əlaqələrin pozulmağa başladığı ilk yerlərdən biridir, digəri isə iş yeridir. Amerikan Milli Alkoqolizm Şurası, özü və ya ailəsində spirt və ya narkotik asılılığı olan hər 20 adamdan birində bunun iş qabiliyyətinə təsir etdiyini müəyyənləşdirmişdir. Müalicədə yalan, inkar və səmimiyyətsizlikdən imtina edərək, özünü anlama və şəxsiyyətin inkişaf etdirilməsini əsas götürəcək sağlam və etibarlı əlaqələr yaratmağı öyrənmə üzərində diqqətlə qurulmalıdır.
İçki içməyə aludə olan fərdlərin içkidən əvvəlki sağlamlıq bacarıqlarını əldə etməsi, içki üzərindən toplumda itirdiyi rolunu və nüfuzunu qaytarması üçün hər cür müalicə üsullarından istifadə olunmaqdadır.
Müalicənin əsas üsullarından biri -içkiyə nifrət aşılamaq
Müalicədə məqsəd içkinin tam buraxılmasıdır.Müalicənin istənilən nəticəni verməsi üçün xəstə bunu istəməli,müalicə başlayandan etibarən içki içməməlidir.
Antebus müalicəsi, xəstəyə antebus və ya bəzi dərmanlar verilməklə onda keçici böhran əmələ gəlməsinə, təzyiqin düşməsinə, tərləmələrə, istiliyin artmasına, vücudun bəzi hissələrinin qızarmasına və ürək döyüntüsünün güclənməsinə səbəb olunur. Bu zaman klinik ölüm halı sınaqdan çıxarılır.İçki qəbul emə istəyi keçənə qədər bu proses davam etdirilə bilər.
Nifrət hissi oyatma: Xəstəyə bəzi dərmanlar verilməklə ürək bulanmasına, içki verilməklə qusmasina və alkoqola qarşı nifrət hissinin oyandırılmasına çalışılır.
Psixoloji müalicə: alkoqolik içkinin zərərləri ilə bağlı məlumatlandırılır. Bəlalardan qurtarmağın yolunun içməməyə bağlı olduğu fikri formalaşdırılmağa çalışılır.
Bu müalicə üsullarından başqa, hipnoz və sosio müalicələrdən də istifadə edilir. İçkini atmaq hər bir müalicə üsulu ilə yanaşı, insanın öz əzmi və iradəsi ilə həll olunan bir məsələdir.