Regional proqramlar Qəbələnin simasını dəyişib
Respublikanın hər bir bölgəsində olduğu kimi Qəbələdə də Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları uğurla icra edilib. 2004-cü ildən mərhələli şəkildə icra olunan və artıq üçüncü Dövlət Proqramının başa çatması ərəfəsində Qəbələnin siması əsaslı dərəcədə dəyişib, yeni infrastruktur yaradılıb, rayonda demək olar ki, işsizlik problemi tamamilə aradan qalxıb.
6 Mart 2018 17:12 SosialRespublikanın hər bir bölgəsində olduğu kimi Qəbələdə də Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları uğurla icra edilib. 2004-cü ildən mərhələli şəkildə icra olunan və artıq üçüncü Dövlət Proqramının başa çatması ərəfəsində Qəbələnin siması əsaslı dərəcədə dəyişib, yeni infrastruktur yaradılıb, rayonda demək olar ki, işsizlik problemi tamamilə aradan qalxıb. Belə ki, Dövlət Proqramlarının uğurlu icrasının nəticəsidir ki, təkcə keçən il iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə 220.924 min manatlıq məhsul istehsal edilib, əvvəlki ilin müvafiq dövrünə nisbətən ümumi məhsul buraxılışı rayon üzrə 17.188 min manat, yaxud 8,4 % artıb. 2016-cı ilin müvafiq dövrünə nisbətən ümumi məhsul buraxılışı sənayedə 7.771 min manat, yaxud 29,9 %, kənd təsərrüfatında 2.007 min manat, yaxud 3,0 %, nəqliyyatda 181,0 min manat, yaxud 4,9 %, ticarətdə 4.560,0 min manat, yaxud 16,5 %, rabitədə 51,0 min manat, yaxud 4,8 %, tikintidə 2618,0 min manat, yaxud 3,3 % artmışdır. Bu dövrdə adambaşına düşən ümumi məhsul buraxılışı 2.094 manat təşkil edib. İl ərzində sənaye müəssisələrində çalışan 1.397 nəfər işçinin orta aylıq nominal əmək haqqı 336 manat olub. Əsas kapitala yönəlmiş investisiyanın həcmi 82.690,0 min manat, tikinti quraşdırma işlərinin həcmi isə 81.225,0 min manat təşkil edib.
Dövlət Proqramlarının səmərəli icrasının nəticəsidir ki, 2003-cü ilin oktyabr ayından 01 yanvar 2018-ci ilədək 14.907-si daimi olmaqla, 16.706 yeni iş yeri açılıb. İl ərzində açılmış yeni iş yerlərinin sayı 1.641 olub ki, həmin iş yerlərinin hamısı daimi iş yeridir. Rayonun yerli gəlirləri 2017-ci ilin yekunlarına görə 13.317,0 min manat proqnoza qarşı 13.396,6 min manat (100,6 %) və ya 79,6 min manat çox yerinə yetirilib. Gəlirlərin mərkəzləşdirilmiş gəlirlərə aid edilən hissəsi 6.462,0 min manat proqnoza qarşı 6.650,9 min manat (102,9 % ) və ya 188,9 min manat çox icra olunub. İl ərzində 1.554 yeni abonentə təbii qaz verilərək, əhali abonentlərin ümumi sayı 18.097-yə çatdırılıb. "Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2015-ci il tarixli Sərəncamına əsasən 2016-cı ildə Qəbələ rayonunda 3 ədəd (Qəbələ şəhəri, Vəndam qəsəbəsi, Zirik kəndi), 1 iyul 2016-cı il tarixli Sərəncamına əsasən isə əlavə 3 ədəd (Mıxlıqovaq, Zarağan, Məlikli kəndlərində) subartezian quyusu qazılıb, ötən ilin avqust ayında istismara verilib. Hər il olduğu kimi ötən il də rayonda tikinti-quruculuq işləri davam etdirilib. Qəbələ Rayon Məhkəməsinin, rayon kənd təsərrüfatı idarəsinin, Qəbələ Peşə Tədris Mərkəzinin, Qəbələ Xalça Fabrikinin binalarında tikinti işləri başa çatdırılaraq qeyd olunan obyektlər istifadəyə verilib. Rayonun Aydınqışlaq kənd tam orta məktəbi və Tikanlı kənd uşaq bağçası əsaslı təmir olunub, Cığatelli kənd tam orta, Seyidqışlaq kənd ümumi orta məktəblərində modul tipli binalar tikilərək istismara verilib. Bundan əlavə rayonda "Qafqaz" Aqua Land Hoteldə, "Qafqaz" Diamond Akvaparkda, "Cıdır" Atçılıq İdman Kompleksində, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin, rayon prokurorluğunun və Gömrük Akademiyasının binalarında inşaat işləri davam etdirilib.
Ümumiyyətlə, iqtisadiyyatının tarazlı inkişafını təmin edən uğurlu siyasət ölkəmizi regionun aparıcı dövlətlərdən birinə çevirib. Azərbaycanın bu günkü inkişafı, tərəqqisi ölkə başçısı cənab İlham Əliyevin uğurla həyata keçirdiyi sosial-iqtisadi siyasətin təntənəsidir. Ölkə başçısı tərəfindən regionlara göstərilən diqqət və qayğının nəticəsində bu gün rayonların, qəsəbə və kəndlərin siması dəyişir, hər yerdə böyük quruculuq işləri həyata keçirilir. Məruzəçi tərəfindən Azərbaycanın bu günkü inkişafı və tərqqisi fonunda Qəbələ rayonunun, o cümlədən şəhərimizin öz sürətli inkişaf dövrünü yaşayır. Şəhər əhalisinə göstərilən xidmətlərin yüksək səviyyədə təşkili üçün ərazi nümayəndəliyi tərəfindən bir sıra tədbirlərin hazırlanaraq həyata keçirilib, elektrik enerjisinə, mavi yanacağa, telefon və internet xidmətinə, içməli suya və kommunal xidmətlərə olan ehtiyac ödənilib. Şəhərin su-kanalizasiya sisteminin yenidən qurulması layihəsinin ikinci mərhələsi istiqamətində tikinti quraşdırma işlərinin davam etdirilib, şəhər əhalisinin və turistlərin istirahətinin təşkili üçün park və xiyabanlarda təmizlik, səliqə səhman işlərinin daim aparılıb. Şəhərin prospekt və küçələri müasir memarlıq üslubunda yenidən qurulub, yollara asfalt örtüklər döşənmiş, piyadalar üçün səkilər salınıb.
"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin dövlət qurumları və yerli icra strukturları qarşısında qoyduğu vəzifələrin icrası istiqamətində də Qəbələdə müvafiq işlər görülür. Respublikanın hər bir guşəsinə olduğu kimi, Qəbələnin də inkişafına böyük diqqət və qayğı göstərilir. Bu il rayona 116 milyon manat investisiya qoyuluşu nəzərdə tutulub, şəhərin su-kanalizasiya şəbəkələri tikintisinin, enerji təsərrüfatının yenidənqurulması, yeni bağça və mərkəzi xəstəxana binalarının inşası işlərinin başa çatdırılacağını və Ləki-Qəbələ dəmir yolunun çəkilişi nəzərdə tutulur.
Qəbələdə təhsilin səviyyəsinin artırılması, orta məktəblərin əsaslı şəkildə təmir edilməsi istiqamətində də Dövlət Proqramları çərçivəsində məqsədyönlü tədbirlər keçirilib. Belə ki, rayonun Seyidqışlaq və Cığatelli kəndlərində modul tipli orta məktəblərin, Aydınqışlaq kəndində isə əsaslı təmir olunan yeni məktəb binasının açılış mərasimi keçirilib. Açılş mərasimində diqqətə çatdırılıb ki, 80 şagird yerlik Seyidqışlaq kənd ümumi orta məktəbi 10 sinif otağı, 1 müəllimlər otağı, kitabxana və digər yardımçı otaqlardan ibarətdir. Rayonda daha bir modul tipli məktəb Cığatelli kəndində istifadəyə verilmiş 56 şagird yerlik ümumi orta məktəbdə isə 7 sinif və 1 müəllimlər otağı var. Daha sonra nümayəndə heyəti Qəbələ rayonunun Aydınqışlaq kəndində əsaslı təmir olunan yeni məktəb binasının açılış mərasiminə də qatılıblar. Tədbirdə Qəbələ Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri- RİH başçısıın müavini Ətayə Osmanova, Təhsil Nazirliyinin məktəbəqədər və ümumi təhsil şöbəsinin müdir müavini Firuddin Həmzəyev, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Bildirilib ki, 1978-ci ildə tikilən və bu il əsaslı təmir olunan məktəbdə 24 sinif otağı, 2 laboratoriya və müəllimlər otağı istifadəyə verilib. Təhsil ocağında 364 şagirdin təlim-tərbiyəsi ilə 52 müəllim məşğul olur. Açılış mərasimlərində çıxış edənlər təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş təhsilə dövlət qayğısı ənənələrinin bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi və inkişaf etdirilməsi istiqamətində gördüyü işlərdən ətraflı danışmış, bu qayğının milli maarifçilik xüsusiyyətlərinin saxlanılması ilə dünya təhsil sisteminə inteqrasiya olunduğunu vuğulamışlar. Natiqlər Azərbaycan təhsilinin zəngin və mütərəqqi ənənələrə, milli-mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq daha da inkişaf etməsi sahəsində görülən işlərdən söz açaraq, tədris ocağının pedoqoji kollektivini, şagirdləri və valideynləri təbrik etmiş, onlara uğurlar arzulayıblar.
Rayonun məşğul əhalisinin işlə təmin olunması məqsədilə Dövlət Proqramları çərçivəsində rayonda müntəzəm olaraq əmək yarmarkaları da keçirilir. Belə ki, "Məşğulluq haqqında" Azərbaycan Respublikası Qanununa, Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının 2017-ci il üçün təsdiq etdiyi "Ərazi Məşğulluq Proqramı"na və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin qrafikinə uyğun olaraq rayon məşğulluq mərkəzinin təşkilatçılığı ilə Qəbələdə, Mədəniyyət Mərkəzinin foyesində işsiz və işaxtaran vətəndaşların səmərəli məşğulluğunu təmin edilməsi məqsədilə "Əmək yarmarkası" keçirilib.
Bildirilib ki, ölkənin davamlı inkişafının təmin olunması məqsədilə həyata keçirilən mühüm dövlət proqramları nəticəsində makroiqtisadi göstəricilər ilbəil artır, böyük infrastruktur layihələri icra olunur, Respublikanın bütün bölgələrində, o cümlədən rayonumuzda yeni yaradılan iş yerlərinin sayı durmadan artır. Bütün bunlar təbii ki, əhalinin məşğulluq imkanlarının artmasına xidmət edir.
Yarmarkaya hazırlıq dövründə aparılan genişmiqyaslı təşkilati işlərin, xüsusilə işəgötürənlərlə yaradılan qarşılıqlı əməkdaşlıq münasibətləri nəticəsində bu mühüm aktiv məşğulluq tədbirində işəgötürənlərin, işsiz və işaxtaran vətəndaşların fəal iştirakı təmin edilib.
Görülən işlərin nəticəsi olaraq rayon ərazisində fəaliyyət göstərən 39 müəssisə və təşkilat 280 boş iş yeri verərək, yarmarkada iştirak edib. Yarmarkada iştirak edən 415 nəfər işaxtaran vətəndaşlardan 71 nəfərinə münasib işlərə göndəriş verilib ki, onlardan da 1 nəfəri kvota yerləridir.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir