AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunda seminar keçirilib
AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunda növbəti seminar keçirilib. Tədbirdə Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasov çıxış edərək seminar haqqında məlumat verib.
2 Mart 2018 15:28 SosialAMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunda növbəti seminar keçirilib. Tədbirdə Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasov çıxış edərək seminar haqqında məlumat verib. Sonra institutun "Hidrogeologiya və mineral sular laboratoriyası"nın rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Fizzə Məmmədova "Təbii suların geokimyası" mövzusunda məruzəsini təqdim edib. Bildirib ki, yeraltı və yerüstü suların kimyası geologiyanın yeni sahəsi-hidrogeologiyanın yaranmasına səbəb olub. Bütün bunlar yeraltı və yerüstü suların kimyasının nəzəri əsaslarının işlənib hazırlanmasına, təbii suların əmələgəlmə prosesləri, onların çoxsaylı təsnifatı, yerin təkində və dərin qatlarında suyun zonallığının öyrənilməsinə şərait yaradıb.
Məruzəçi qeyd edib ki, təbii suların geniş təsnifatını işləmiş V. Vernadski suların aqreqat halını, onların ümumi minerallaşmasını (şirin, duzlu sular, şorabalar və başqa), qaz tərkibini (oksigenli, hidrogen sulfidli, karbon qazlı və digər sular), həll olan əsas komponentləri, mineral və üzvi kolloidləri nəzərə almışdır.
Fizzə Məmmədova bildirib ki, V. Vernadski təsnifatı yalnız geokimyəvi xüsusiyyətləri deyil, həm də fiziki-coğrafi şəraiti, suların tərkibi və müxtəlif ərazilərdə yayılması xüsusiyyətlərini əhatə edir. Bu təsnifat mövcud təsnifatların ən dəqiqi, ümumi və hərəkətlisi olmaqla, öz elmi əhəmiyyətini bu gün də tərkibi qoruyub saxlayır. Suların təsnifatı üçün əsas geokimyəvi əlamətlər,- suların ümumi minerallaşması, onların ion və qaz tərkibi, həll olan üzvi maddələrdən və sairlərdəndir. Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikasında suların 6 tipi, 16 sinifi və 33 müxtəlif növü mövcuddur.
Daha sonra institutun əməkdaşı, kimya elmləri doktoru Bayram Rzayev, Mineral xammalın kimyası və texnologiyası laboratoriyasının böyük elmi işçisi, kimya elmləri üzrə fəlsəfə doktoru, dosent Əhməd Qarayev məruzə ətrafında çıxış ediblər. Sonunda mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.