Beyləqanda QHT tədbiri keçirilib
28 Fevral 2018 15:43 Sosial"Tərəqqi" Sosial Tədiqatlar İctimai Birliyi və "Dalga" Ekologiya və Təbiətin Mühafizəsi İctimai Birliyi Avropa İttifaqının maliyyələşdirdiyi "Vətəndaş cəmiyyəti və vətəndaşların maraqlarının müdafiəsi" layihəsi çərçivəsində birgə təşkil etdiyi "İcmanın yerli problemlərin həllində səlahiyyətlərinin artırılması və yerli idarəetmə ilə əməkdaşlığının gücləndirilməsi" layihəsi çərçivəsində 8-9 fevral 2018 - ci il tarixdə növbəti təlimini həyata keçirib.
Cebhe.info xəbər verir ki, Beyləqan rayonunda baş tutan tədbirdə ümumilikdə 15 nəfər olmaqla Beyləqan rayon mərkəzi və kəndlərinin fəal icma nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan "Tərəqqi" STİB-in sədri Cəlal Əmənov qeyd etdi ki, inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, əhalinin sosial-iqtisadi rifahını yaxşılaşdırmaq üçün təkcə dövlət idarəçilik orqanlarının mövcud olması kifayət deyil. İnkişaf prinsiplərinə əsaslanan səmərəli idarəetmənin əsas vəzifələrindən biri əhalinin rifah prosesində dövlət-vətəndaş tərəfdaşlığıdır. Buna görə də bu layihəni həyata keçirməkdə məqsəd icmaların yerli idarəetmə strukturları ilə ünsiyyətini daha da yaxşılaşdırmaq üçün fəal icma üzvlərini təlimlər vasitəsilə lazımi bilik və bacarıqlarla təmin etməkdir. Təlim iştirakçıları əldə etdikəri bilik və bacarıqlar vasitəsilə təmsil etdikləri icmaların ən ümdə problemlərini müəyyən edib ictimai muzakirələri vasitəsilə müvafiq strukturların nümayəndələrinə ünvanlayıb həlli üçün əməkdaşılığa nail olacaqlar.
Layihənin ilkin tədbiri kimi, Beyləqan rayonunda təşkil olunan 2 günlük təlim zamanı iştirakçılar İcmanın İştirakı ilə İcma Qiymətləndirməsi alətləri və metodları, liderlik və təqdimat bacarıqları, layihə planlaşdırması və ictimai vəkillik mövzusunda bilik və bacarıqlarla təmin olundular. İnteraktiv mühitdə keçirilən təlimdə iştirakçılar əldə etdikləri icmanın iştirakı ilə icma qiymətləndirməsi aləti və layihə planlaşdırması haqqında bilgilərdən istifadə edərək təmsil etdikləri icmaların ən ümdə problemlərini müəyyən edib həlli üçün geniş qrup müzakirəsi apardılar. Bundan əlavə, icma nümayəndələri icma liderliyi anlayışı və xüsusiyyətləri, liderin rolu və vəzifələri ilə bağlı geniş məlumatla tanış oldular. Təlim zamanı iştirakçılar, həmçinin, uğurlu təqdimatın xüsusiyyətləri, uğurlu təqdimat etməyin addımları və həmçinin ictimai vəkillik haqqında bilgilər də əldə etdilər.