Qazaxıstan nümayəndə heyəti üçün təqdimat keçirilib

Əmək və sosial müdafiə sahəsində ölkəmizdə aparılan islahatlar və bu sahədə yaradılmış müasir və şəffaf sistemlərlə tanış olmaq məqsədilə Azərbaycanda səfərdə olan Qazaxıstan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyəti üçün sığorta-pensiya sisteminə aid təqdimat keçirilib.

Əmək və sosial müdafiə sahəsində ölkəmizdə aparılan islahatlar və bu sahədə yaradılmış müasir və şəffaf sistemlərlə tanış olmaq məqsədilə Azərbaycanda səfərdə olan Qazaxıstan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyəti üçün sığorta-pensiya sisteminə aid təqdimat keçirilib.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda təşkil edilən tədbirdə vurğulanıb ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi islahatlar konsepsiyasının prioritet istiqamətlərindən biri kimi, 2006-cı ilin əvvəlindən ölkədə beynəlxalq standartlara tam cavab verən, sosial sığorta, fərdi uçot və pensiya təminatı sahəsində funksiyaların bir-birini tamamladığı müasir sığorta-pensiya sistemi tətbiq olunur. Bu sistem ödənilən məcburi dövlət sosial sığorta haqqı ilə pensiya məbləği arasında birbaşa qarşılıqlı əlaqəni təmin etməklə, sosial sığorta sistemində iştirak vasitəsilə vətəndaşların bazar iqtisadiyyatı şəraitində sosial risklərdən səmərəli müdafiəsinə təminat verir, onların layiqli pensiya təminatı imkanlarına malik olmasına əsas yaradır.

Tədbirdə hazırda 1,3 milyon nəfər pensiyaçıya və ya əhalinin 13,3 faizinə ölkəmizdə reallaşdırılan çoxkomponentli sosial müdafiə sisteminin mərkəzi həlqəsi kimi pensiya ödənişlərinin aparıldığı qeyd olunaraq, ötən dövrdə sığorta-pensiya sisteminin uğurlu fəaliyyətini təmin edən, əhalinin layiqli pensiya təminatının artırılmasına əsas yaradan, pensiya məbləğlərində ildən-ilə artım dinamikasını şərtləndirən məqsədyönlü sosial müdafiə tədbirləri barədə ətraflı məlumat verilib.

Təqdimatda həmçinin pensiya sistemində 2017-ci ildə həyata keçirilmiş qabaqcıl dünya təcrübəsinə söykənən köklü islahatlardan, eyni zamanda bu sistemin elektron infrastrukturu, əhaliyə həm sığorta, həm də pensiya münasibətləri üzrə xidmətlərin elektron müstəvidə şəffaf şəkildə təşkili, o cümlədən avtomatlaşdırılmış pensiya təminatı mexanizmindən geniş bəhs olunub

Azərbaycanın sığorta-pensiya sistemində aparılmış islahatların, bu sahədə, eləcə də əmək və sosial müdafiə sisteminin digər sahələrində müasir texnologiyaların geniş tətbiqi şəraitində qurulan səmərəli idarəetmə və şəffaf xidmət mexanizmlərinin beynəlxalq səviyyədə də qabaqcıl təcrübələr kimi dəyərləndirildiyi və təbliğ olunduğu diqqətə çatdırılıb.

Tədbir zamanı nümayəndə heyətini maraqlandıran suallar da cavablandırılıb, onlarla təcrübə mübadiləsi aparılıb.

Qazaxıstan nümayəndə heyəti üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin digər avtomatlaşdırılmış sistemlərinə, həmçinin ölkəmizdə göstərilən sosial xidmətlərə dair təqdimatların keçirilməsi, nümayəndə heyətinin nazirliyin "Çağrı mərkəzi", "Məzun evi" sosial müəssisəsi və s. ilə yaxından tanış olması da planlaşdırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31